Arzu Kazımovun vəkili Fransa səfirliyinə müraciət etdi

Arzu Kazımovun vəkili Fransa səfirliyinə müraciət etdi

Ramiz Zeynalov: “Azərbaycanda çirkli pulların yuyulmasında adı çıxan, təhsil və digər sahələr üzrə çoxsaylı hallarda sənəd saxtalaşdırmaqla məşğul olmuş və bir müddətdir Fransada yaşamaqda davam edən Elşad İslam oğlu Abdullayevin Azərbaycana təhvil verilməsinə şərait yaradılmalıdır..."

Xəbər verdiyimiz kimi, ötən həftə bəzi KİV-lər lisenziyası ləğv olunmuş ABU-nun keçmiş rektoru Elşad Abdullayevin yaydığı son videoların birində iş adamı Arzu Kazımovla bağlı diqqəti çəkən bir məlumat yaydı. Belə ki, guya E.Abdullayevin iş adamı ilə bağlı yayılmış video üzrə təyin olunmuş ekspertizanın nəticələri açıqlanıb və guya həmin iş üzrə təqsirləndirilən Arzu Kazımovun vəkili Ramiz Zeynalov həmin video ilə bağlı E.Abdullayevin irəli sürdüyü ittihamları təsdiqləyib.

Lakin A.Kazımovun vəkili, tanınmış hüquqşünas R.Zeynalov Veteninfo.az-a (“Təzadlar"-a istinadla) açıqlamasında və geniş müsahibəsində bu məlumatların doğru təqdim edilmədiyini qeyd etməklə, onun adından yayılmış məlumatları qəti şəkildə təkzib etdi:

- Ramiz müəllim, dediniz ki, E.Abdullayevin indiyədək yaydığı videolardan birinin də ekspertizasının nəticəsinin müzakirəsində iştirak etmisiniz... Bu video-görüşdə Mahirin qanatası Şamil Şahməmmədov (AzərTAc-ın keçmiş baş direktoru.Red.), Elşad Abdullayev və Arzu Kazımov iştirak edir. Hətta Şamil Şahməmmədov bu görüşdə deyir ki, Elşad, mənim nəyim var bu yolda qoymuşam və s. Bu an onların aralarında mübahisə düşür və E.Abdullayev Şamil Şahməmmədova əsəbi halda deyir ki, “Bilirsən... Mən səndən 3-4 dəfə çox pul qoymuşam..." və s. Bu nəyin mübahisəsi idi?

- İndi biz də istintaq qarşısında məsələ qaldırmışıq ki, Şamil Şahməmmədov da dindirilsin ki, bu nə pul qoymaq məsələsi imiş ki, mübahisəyə səbəb olub. Amma bilirəm ki, burada ciddi bir məsələ var. Təkrar edirəm, nə məsələdirsə, Elşad hər dəfə Şamil Şahməmmədovun sözünü kəsir və onu danışıb artıq nəsə deməyə qoymur... Biz əminik ki, Elşad Şamil müəllimin pulunu mənimsəyib və mübahisə də buna görədir...

- E.Abdullayev məlum açıqlamasında həm də Hacı Zakirin övladlarının oğurlanması məsələsinə toxunur və Arzu Kazımova qarşı sərt ittiham irəli sürür... Həmçinin dünyalarını dəyişmiş Zahid Dünyamalıyevə, Hacı Zakirə, Sevinc Babayevaya və digərlərinə qarşı ittihamlar səsləndirir. Ölmüş insanların adından deyilən ittihamlar maddi sübut növü hesab edilə bilərmi?

- Olduqca maraqlı sualdır... Mən Elşadın Hacı Zakirlə bağlı səsləndirdiyi cəfəng fikirlərini internetdən oxudum. Bu video-çıxış şantajın yeni mərhələsinin başlanğıcıdır. Birincisi, hacı Zakir Arzu Kazımovun da payçı olduğu tikinti şirkətinin idarə heyətinin rəhbəri olub. Və Arzu Kazımov da həmin MTK-nın qeyri-rəsmi təsisçilərindən biri olub. 50:50-yə pay bölgüsü ilə. Onların tikinti fəaliyyətlərindən biri də Bakının Nəsimi rayonunda Travmotologiya Xəstəxanasının yanında inşa olunmuş yaşayış binasıdır və Elşad Abdullayev bu binadan dayısı Sabir Hüseynovun adından müqavilə bağlayaraq 411 kv.m. sahəli mənzili alıbdır. Həmin mənzilin dəyəri 500 min manat olub və müqaviləyə S.Hüseynov imza atıb, möhür vurulub. Müdafiəm altında olan Arzu Kazımov istintaqa ifadəsitndə bildirib ki, Elşad həmin mənzili o vaxt Təhsil Nazirliyində ABU-nun məsələsini həll etməyə söz vermiş bir yüksək vəzifəli şəxsə hədiyyə etməli imiş. Həmin şəxsin şəxsiyyətini təsdiq edən sənəd veriləndən sonra mənzil onun adına rəsmiləşdiriləcəkmiş... Amma sonradan ABU-nun məsələsi həll edilmədiyindən məsələ açıq qalmışdır, bu barədə bir müddət əvvəl sizə geniş açıqlama vermişəm... Və sualın ikinci tərəfinə gəlincə, Hacı Zakirin nə oğlu, nə qızı heç bir vaxt oğurlanmayıb. Sübut: Elşad Abdullayevin 15 may 2009-cu ildə istintaqa verdiyi ifadəsi var və ona müstəntiq tərəfindən yalan ifadə verəcəyi təqdirdə cinayət məsuliyyəti daşıyacağı xəbərdarlığı edilib, o da CPM-nin tələbinə uyğun olaraq imüstəntiqin qərarını imzalayıb... Buna baxmayaraq, o, ifadəsində yazıb ki, guya nazir R.Usubovun qəbulundan çıxandan sonra nazir müavini Z.Dünyamalıyev ona deyib ki, onun da oğlunu nə vaxtsa çeçenlər oğurlayıbmış və o, pul verməklə oğlunu girovluqdan azad etdirib. Eyni zamanda guya Z.Dünyamalıyev Elşada məlumat verib ki, “Sığlorta Mamed"in də oğlu Hacı Məmmədovun dəstəsi tərəfindən oğurlanıbmış və guya tələb olunan pul vaxtında verilmədiyindən oğlunun qulağını kəsiblər, bundan sonra pul tələb olunan ünvana çatdırılıb və s. Bilirsiniz ki, Z.Dünyamalıyev on ildən çox müddətdə nazirin əməliyyat işləri üzrə birinci müavini olub. Və o, Az. Res-da indiyədək adam oğurluğu ilə bağlı bütün cinayət işlərinin araşdırılmasına rəhbərlik edib. Qayıdıram Elşadın uydurmasına: DİN-də Z.Dünyamalıyevlə həmin görüşdə Elşaddan başqa həm də onun Baş Prokurorluqda hazırda da işləyən qardaşı Elsevər Abdullayev olub. Azərbaycanın bütün KİV-ləri qulaqkəsmə ilə bağlı Ağır CDİÜM-də gedən proseslərə dair reportajlar verib və məlum olur ki, bu məsələ Hacı Məmmədovla bağlı keçirilən əməliyyat zamanı üzə çıxdı, həmin hadisə isə Dövlət Neft Şirkətinin təchizat idarəsinin sabiq rəisi Vaqif Qədimovun oğluna qarşı törədilibmiş... Belə olan halda Elşad niyə ağzına gələni danışır? Axı onun qardaşı Elsevər o vaxt da, indi də Baş Prokurorluqda əməliyyat sahəsinə nəzarət edən prokurorlardan biri idi. Ən azı onun qardaşı Elsevər tam məlumatlı olmalı idi bu barədə. Belə olan halda Elşad Abdullayev o qədər yalan danışır ki, hətta bu yalanlar heç yalana da oxşamır, nədir bilmirəm... Həmin görüşdə Z.Dünyamalıyev belə bir söz deyə də bilməzdi. Ən azından, o bilirdi ki, qarşısında oturan Elşad Abdullayevin qardaşı Elsevərdir, məlum cinayət işinin istintaqından məlumatlı olan məsul şəxsdir...

“Axı hər şeyin bir həddi olmalıdır. E.Abdullayev son on ildə qohum-əqrabada kim ölübsə, kimin başı ağrayıbsa, kimin ayağına tikan batıbsa... hamısını Mahirin itməsinə bağlayır və ayrı-ayrı tanınmış şəxsləri, o cümlədən Arzu Kazımovu ittiham edir"

- E.Abdullayev müdafiəniz altında olan Arzu Kazımova qarşı son videosunda, xüsusən də Hacı Zakirlə bağlı olduqca sərt itihamlar səsləndirib. Bu ittihamlara qarşı vəkil olaraq hansı hərəkətləriniz olacaq?

- Mən bu ittihamları, təbii ki, qəbul etmirəm və bununla bağlı artıq Xüsusi İstintaq Komissiyasına vəsatət hazırlamışam. Vəsatətimdə həm də indiyədək ölkədə o dövrdə baş vermiş adam oğurluqları ilə bağlı aparılmış istintaq hərəkətlərinə dair cinayət işi üzrə məhkəmə hökmlərinin tələb edilməsini xahiş edirəm. Həmçinin indiyədək rəhmətə getmiş Zahid Dünyamalıyevin, Sevinc Babayevanın, Hacı Zakirin... ölüm səbəbləri, bundan əlavə, E.Abdullayevin qardaşı Eldənizin, bacısı filankəsin və s. zəhərlənib iflic olması və s. ilə bağlı məsələlərə də aydınlıq gətirilməsi üçün onların müalicə olunduqları xəstəxanalardakı xəstəlik epikrizləri və s. tələb edilsin, araşdırılsın. Axı, hər şeyin bir həddi olmalıdır. E.Abdullayev son on ildə qohum-əqrabada kim ölübsə, kimin başı ağrayıbsa, kimin ayağına tikan batıbsa... hamısını Mahirin itməsinə bağlayır və ayrı-ayrı tanınmış şəxsləri, o cümlədən Arzu Kazımovu ittiham edir. Bütün o sənədlərə istintaq yolu ilə hüquqi qiymət verilməlidir. Ən azı, bu insanların ailələrini, qohum-əqrabalarını bu adamın şantajlarından qurtarmaq lazımdır. Bu insanların ailəsində faciə baş verib, Zahid Dünyamalıyev dünyasını dəyişib...

“Elşadın bütün qohumlarına, yaxınlarına müraciət edirəm: Elşad danışıq qabiliyyətini, hərəkətinə nəzarəti itirib, onu nəzarət altında saxlayın! O, yetəni ağır cinayətdə ittiham edir, şantaj edir, ləkələyir. Belə olmaz!"

Onların ailələri var, qohum-əqrabaları var. Fransada oturub deyə, bütün nəsli biabır etməlidir? Buna kim ixtiyar verib axı?! Mən, həmçinin Elşadın bütün qohumlarına, yaxınlarına müraciət edirəm: Elşad danışıq qabiliyyətini, hərəkətinə nəzarəti itirib, onu nəzarət altında saxlayın! O, yetəni ağır cinayətdə ittiham edir, şantaj edir, ləkələyir. Belə olmaz! Onun yaydığı bütün video-görüntülərdə bunlar öz əksini tapır. Mən görürəm ki, onun müalicəsinə ciddi ehtiyacı var, bunu təmin edin, sizdən xahiş edirəm!

- Ramiz müəllim, məsələn, adi bir videonun yayılması ilə Gülər Əhmədovanın deputatlıqdan imtinası, Arzu Kazımovun, Vaqif Hüseynovun həbsi, digərlərinin barəsində ittihamların irəli sürülməsi, hətta Sevinc Babayevanın, faktiki olaraq bu ittihamlara dözməyib ürəyinin partlaması və s. düşündürücüdür... İstintaq orqanı isə həqiqiliyi hələ sübut olunmamış bir video əsasında kimlərisə həbs edir...

- Mən sizə minnətdaram ki, bu məsələyə toxundunuz. Bəli, bu şantajçının ağlına gələni danışması əsasında indi hamı iynə üstündədir ki, bu saat mənə də ittiham elan edəcək, video yayacaq və s. Bu təhlükəli xofa isə süni şərait yaradanlar var. Qanunsuz yolla, gizli çəkilmiş bir video ilə tanınmış insanları necə həbsə atmaq olar?

- Yeri gəlmişkən, bir çoxları deyir ki, Gülər Əhmədova E.Abdullayevin məlum videosundan sonra dərhal deputatlıqdan imtina etməkdə çox tələsdi. Ən azından, videodakıların nə məqsədlə deyildiyi istintaq yolu ilə sübut olunmalı idi, sonra hansısa qərar qəbul edilərdi... Məsələn, Gülər Əhmədova deyə bilərdimi ki, mən Elşad Abdullayevlə bu görüşdə onun gizli çəkilişlərini bilirdim və ona görə də qəsdən onunla zarafat edirdim... Zarafata görə məgər adamı həbs edirlər?

- Çox maraqlı və incə bir məsələyə toxundunuz... Bu məsələyə sonra qayıdarıq, çünki bu, təbii ki, daha çox G.Əhmədovanın özünün cavab verməli olduğu bir məsələdir...

“Təsəvvür edin, indi ölkədə əsas problemlər bir kənara atılıb və hüquqi dövlətdə belə saxta videolarla adamları həbsə atırlar"

O ki qaldı E.Abdullayevin zaman-zaman təhrik edərək kabinetinə dəvət etdiyi insanları özünə məxsus danışdırıb qanunsuz yollarla çəkiliş apararaq indi yaymasına, bəli, mən sizinlə tamamilə razıyam ki, istintaq ən əvvəl bu gizli çəkilmiş video və danışıqların hüquqi əsaslılığına qiymət verməli idi, sonra onun əsasında kiminsə həbsinə qərar... Biz indi iki istiqamətdə mübarizəmizi aparırıq. Təsəvvür edin, indi ölkədə əsas problemlər bir kənara atılıb və hüquqi dövlətdə belə saxta videolarla adamları həbsə atırlar. Təəssüf edirəm ki, Fransa kimi bir demokratik ölkədə belə bir korrupsioner adam özünə yuva qurub və əsassız bəyanatlar yayır, insanları şantaj edir. Mən fürsətdən istifadə edərək Fransanın Azərbaycandakı səfirliyinə, Fransa XİN-ə müraciət edirəm ki, belə bir dələduzun bu ölkədə qərar tutmasına imkan verməsinlər. Ən azından, Azərbaycanın dövlət orqanlarından lazımi məlumat əldə edərək onun bu ölkədən çıxarılmasını təmin etsinlər, Azərbaycana təhvil versinlər. E.Abdullayevin barəsində korrupsiya yuvası olmuş ABU-dakı fırıldaqlarla bağlı Azərb. Baş Prokurorluğu ABU-da neçə yük maşını sənədləri götürüb və hazırda araşdırma gedir. Bu sənədlər, məndə olan dəqiq məlumata görə, dil açıb korrupsiyadan danışır. On minlərlə tələbə bu saxta sənədlər əsasında zəlil günə salınıb, bu saxta diplomlar indi heç bir yanda işə keçmir. Bu ayıblı bir işdir... Bilirsiniz ki, bütün dünya, o cümlədən Fransa da çirkli pulların yuyulmasına qarşı mübarizə aparır...

- Yuxarıda qeyd etdiniz ki, E.Abdullayev indiyədək nəsillərində dünyasını dəyişən və ya xəstələnən kim varsa, hamısını Mahir Abdullayevin itkin düşməsi ilə əlaqələndirir. O, bu iddiada nə dərəcədə haqlıdır?

- Qətiyyən haqlı deyil...

- Bir suala da sizdən cavab istərdik. Yuxarıda bildirdiniz ki, E.Abdullayev tanınmış insanlara, yüksək vəzifəli dövlət məmurlarına qarşı olduqca sərt və ağır ittihamlar irəli sürür. Dediniz ki, bunlar yalan məlumatlar və böhtanlardır. İndiki şəraitdə bu insanlar və ya onların doğmaları həmin ittihamları səsləndirmiş E.Abdullayevi necə məhkəməyə verə bilərlər?

- Olduqca ciddi məsələyə toxundunuz... Azər. CM-nin böhtan və yalan məlumatla bağlı 147 və 148-ci maddələrində cinayət əməli nəzərdə tutulub. Orada konkret göstərilir ki, bu məlumatlar KİV-lərdə dərc olunubdursa, tərəf böhtan və yalan məlumatı yaymış şəxsi məhkəməyə verə bilər... Və bildiyiniz kimi, E.Abdullayev indiyədək bütün bu açıqlamalarını və ittiham dolu çıxışlarını ayrı-ayrı KİV-lərdə, rəsmi qeydiyyatdan keçmiş portallarda yayıb. Artıq barəsində böhtan məlumatlar yayılmış şəxslər fakt üzrə şikayət ərizəsi ilə aidiyyəti məhkəmələrə müraciət edlə bilərlər və onun bu böhtan və yalanlara görə cinayət məsuliyyətinə cəlb olunmasına nail ola bilərlər. Təbii ki, yekun hüquqi qiyməti məhkəmə orqanları verməlidir. Yəni, mövcud qanunvericiliyə uyğun olaraq onun barəsində xüsusi ittiham qaydasında şikayət etmək üçün bütün hüquqi baza artıq vardır... Əgər kimsə onu məhkəməyə vermək istəsə və hüquqi məsləhətə ehtiyacı olarsa, təmənnasız olaraq məsləhət verməyə hazırıq. Təki əsil həqiqət üzə çıxsın, bu yolda əlimdən gələni etməyə hazıram. Axı, həm də biz əsil həqiqətin üzə çıxmasını istəyirik.

- Ola bilərmi ki, E.Abdullayevin ittihamları təsdiqini tapsın?

- Nə deyirik, Allah eləsin onun iddiaları hüquqi müstəvidə təsdiqini tapsın, qanun var, məhkəmə var. Bizim istəyimiz budur ki, həqiqət ortada olsun. Amma istintaq aparılmamış yetəni ittiham etmək olarmı?... Bizim məqsədimiz həqiqətin üzə çıxarılmasıdır, E.Abdullayevin və ya kiminsə böhtana görə cəzalandırılması yox...

- Belə bir sual yaranır: tutaq ki, kimsə məhkəməyə ərizə ilə müraciət etdi və məhkəmə ərizəni icraata götürdü. E.Abdullayevin, yəni ittiham edilənin məhkəməyə gəlməsi necə mümkün ola bilər? Beynəlxalq hüquqda bu necə təsbit olunur?

- Əvvəla, siz məhkəməyə verin, onun məhkəmə iclasına necə gətirilməsi sonranın işidir...

“Mən də bilirəm ki, bir çox insanlar E.Abdullayevin böhtanlarına qarşı məhkəməyə sənədlər hazırlayırlar"

İkincisi, təbii ki, barəsində şikayət verilmiş şəxs olan E.Abdullayevin məhkəmədə iştirakının təmin edilməsi indiki halda beynəlxalq qanunlarla tənzimlənməlidir. Belə ki, E.Abdullayevin Fransaya sığındığını nəzərə alaraq onun barəsində olan cinayət işinin materiallarının toplanması və ona elan olunmuş ittiham üzrə ekstradisiya olunması üçün zəruri sənədlər Fransa Ədliyyə Nazirliyinə təqdim edilməlidir. Bundan əlavə, əgər onun yeri məlum olmazsa, İnterpol vasitəsilə axtarış verilə bilər. Yeri gəlmişkən, kimsə düşünməsin ki, cinayət törətdikdən sonra hansısa bir ölkəyə qaçıb sığına və məsuliyyətdən yaxa qurtara bilər. Əsla belə deyildir. Həmçinin Elşad Abdullayev üçün də...

- Bizdə olan məlumata görə artıq belə şikayətçilər vardır və məhkəməyə hazırlaşırlar...

- Mənə də belə müraciətlər olunub və mən də bilirəm ki, bir çox insanlar E.Abdullayevin böhtanlarına qarşı məhkəməyə sənədlər hazırlayırlar. Həmçinin digər motivlərlə bağlı... Mən istəməzdim ki, bəzi məsələləri indidən açıqlayım...

- Ramiz müəllim, Sizin “Azadlıq-Radiosu"na müsahibəniz olduqca maraq doğurub...

- Bəli, mənə də həm canlı efir vaxtı, həm də sonra çoxlu sayda telefon zəngləri oldu. Bu telefon zənglərində mənə bildirirdilər ki, “Elşad Abdullayevin qardaşı Mahir Abdullayev heç də oğurlanmayıbdır. O, təxminən 1993-94-cü illərdə Kürdəmirin müxtəlif kəndlərində qohumlarının evində gizlənibdir. O, hər gün yerini dəyişirmiş... Onun öldürülməsi həmin dövrdə absurd məsələdir, bundan söz gedə bilməz". Yəni, mənə bir neçə telefondan zənglər də edilib, bunları konkret şəxslər deyiblər... Eyni zamanda, mən sizə əvvəlki müsahibələrimdə bildirmişəm ki, guya adam oğurluğu ilə bağlı Arzu Kazımov Zahid Dünyamalıyevlə görüşəndə o vaxt DİN-də adam oğurluğu cinayəti ilə məşğul olan şöbənin rəisi, hazırda Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini olan general-mayor Elxan Həsənov və hazırda DİN-də Baş CAİ-nin rəis müavini olan Arzu Daşdəmirov E.Abdullayevin verdiyi məlumatlar əsasında lazımi əməliyyat-axtarış tədbirləri həyata keçirmişlər. Və A.Kazımovun ofisində sonuncu dəfə görüş olanda ona kəskin surətdə bildiriblər ki, sənin qardaşının harada olmasını sən özün hamıdan yaxşı bilirsən, bu işləri sən özün eləmisən, yerini de, gedib gətirək sənə təhvil verək...

“E.Abdullayev dəfələrlə Arzu Kazımova deyib ki, “Zahid müəllimə de, Mahiri özüm tapıb gətirib istintaqa təhvil versəm, o, sonralar onun toxunulmazlığına qarantiya verə bilərmi?""

Bundan başqa, A.Kazımov şəxsən mənə bildirmişdir ki, E.Abdullayevlə dostluq etdikləri dövrdə o, DİN müavini Z.Dünyamalıyevdən Mahirin axtarışını xahiş edəndə o da deyib ki, “Arzu, dostuna de, o, qardaşının harda olmasını çox yaxşı bilir, desin, biz gətirib ona təhvil verək...". Bundan sonra E.Abdullayev dəfələrlə Arzu Kazımova deyib ki, “Zahid müəllimə de, Mahiri özüm tapıb gətirib istintaqa təhvil versəm, o, sonralar onun toxunulmazlığına qarantiya verə bilərmi?". Yəni, mənə gələn telefon zəngləri ilə də məlum olur ki, o vaxt olmuş həmin o söhbətlər ciddi məsələdir. Siz müqayisə edib özünüz nəticə çıxarın... Hansı ki, o, həmin dövrlərdə istintaq orqanlarına müraciət etmişdi ki, guya onun qardaşı oğurlanmışdır... Yuxarıda qeyd etdim, halbuki həmin dövrdə Mahir Kürdəmirdə qohum-əqrabaların evində gəzirmiş...

- Bütün bunlar həm də nə deməkdir ki?!

- Bunlar o deməkdir ki, Mahir Abdullayevin itməsi və ya oğurlanması birbaşa Elşad Abdullayevin özü ilə bağlıdır... O, ya həqiqəti gec də olsa açıb deməlidir, ya da...

- Belə çıxır ki, o, bu səviyyədə yalan danışır?

- Bəli, o, Azərbaycan dövlətini və ictimaiyyətini şantaj etməklə məşğuldur... Bunlar bir oyundur və o, hökumətə meydan oxumaqla məşğuldur. Hələki...

- Müsahibəyə görə minnətdarıq.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az