Arzu Kazımovun vəkili: "Mahir Abdullayev Kürdəmirdə gizlənirmiş"

Arzu Kazımovun vəkili: "Mahir Abdullayev Kürdəmirdə gizlənirmiş"

Ramiz Zeynalov: “Məndə məlumat var ki, Mahir Abdullayev 2003-cü ildə itkin düşməsi ilə bağlı Elşad Abdullayev tərəfindən axtarıldığı bir vaxtda o, Kürdəmirdəki hansı qohumlarının evində gizlənibmiş”

Dünən APA İA adından lisenziyazı ləğv olunmuş ABU-nun keçmiş  rektoru Elşad Abdullayevin yaydığı videoda iş adamı Arzu Kazımovla bağlı epizod üzrə təyin olunmuş ekspertizanın nəticələrinin açıqlanması barədə həmin iş üzrə təqsirləndirilən iş adamı Arzu Kazımovun vəkili Ramiz Zeynalova istinadən  məlumat verilmişdi. Məlumat bəzi KİV-lər tərəfindən fərqli, anlaşılmaz tərzdə təqdim edilmişdi və mətnin tərtibatından belə çıxırdı ki, guya ekspertiza E.Abdullayevin A.Kazımovla bağlı yaydığı gizli video ilə bağlı sosial şəbəkələrdə indiyədək iddia etdiyi ittihamlarını təsdiqləyib... Lakin həmin məlumat günün sonunda A.Kazımovun vəkili R.Zeynalov tərəfindən “Təzadlar"a verdiyi açıqlamasında və geniş müsahibəsində qəti şəkildə təkzib olundu.

Qeyd edək ki, APA-nın məlum açıqlamasında deyilirdi: “R.Zeynalovun sözlərinə görə, iki gün əvvəl müstəntiq Bakı İstintaq Təcridxanasına gedərək təqsirləndirilən Arzu Kazımova ekspertizanın rəyini elan edib. Ekspertizanın rəyinə əsasən, yayılan videonun saxta olmadığı, sözügedən görüntülərdəki şəxslərin danışıqlarının elə onlara məxsus olduğu təsdiqlənib".

Təkrar edirik, bəzi KİV-lərdə APA-nın bu məlumatı fərqli mülahizə və hüquqi izahla, istintaqın gedişinə mane ola biləcək tərzdə təqdim edilib. 

Bəs əsil həqiqət necədir? Dünən “Təzadlar"a zəng edən tanınmış hüquqşünas, iş adamı A.Kazımovun vəkili Ramiz Zeynalov qəzetimizə geniş müsahibə verdi. Vəkilin indiyədək eşitmədiyimiz və bilmədiyimiz şok açıqlamalarını təqdim edirik:

- Ramiz müəllim, dünən hüquqlarını müdafiə etdiyiniz tanınmış iş adamı Arzu Kazımovun barəsində yayılmış məlum videonun ekspertizası ilə bağlı bəzi KİV-lərdə sizə istinadən anlaşılmaz açıqlama yayıldı. Bu barədə nə deyə bilərsiniz?

- Bildirirəm ki, ARA informasiya agentliyinin və digər KİV-lərin ictimaiyyətdə anlaşılmayan, izahlanmayan, hüquqi mahiyyəti olduğu kimi təqdim edilməyən və mənə istinadən çap olunan belə bir informasiya yayılması təmamilə əsassızdır, yalandır. Mən belə bir məlumatı nə APA-ya, nə də digər KİV-lərə verməmişəm, verə də bilməzdim. Ona görə ki, belə bir ekspertiza rəyi ilə bizi heç kim tanış etməmişdir. Ümumiyyətlə, belə bir ekspertiza təyin edilməmişdir. Əgər belə bir ekspertizanın təyin edilməsi olsaydı, onda ən azı onun təyin edilməsi haqqında müstəntiqin qərarı bizə verilməli idi. 

- Bəs bu informasiya necə meydana çıxıb?

- Mən həmin gün-yanvarın 10-da məhkəmə prosesində idim və APA müxbiri mənə zəng etdi, Arzu Kazımovla bağlı bəzi suallar verdi. Mən də ona izah etdim ki, Arzu Kazımovla bağlı stenoqram və səs ekspertizası ilə bağlı bizə ekspertiza rəyi təqdim edilib. Ekspertizanın təyin olunmasına qədər biz məlum videodakı şəxsin səsinin və görüntüdəki surətinin Arzu Kazımova aid olduğunu bildirmişik. Yəni həmin səs və surət Arzu Kazımova məxsusdur. Az. Res. C.P.M.-nin tələblərinə görə biz bunu etiraf etsək də, istintaq orqanı mütləq mənada belə halda ekspertiza təyin etməlidir. Həmçinin istintaq altında olan və yaxud təqsirləndirilən şəxsin səs nümunəsi götürülməli və ekspert tərəfindən müqayisə olunması təmin edilməlidir. Həmçinin həmin şəxsin şəkli. Və yalnız bundan sonra ekspert qarşısında tələb qoyulur ki, bu səs və ya şəkil, görüntü istintaq altında olan şəxsə məxsusdur, ya yox. Bununla əlaqədar ekspertiza rəyi həqiqətən hazırdır və bizə təqdim ediblər. Mən müxbirə də bu barədə açıqlama vermişəm. Demişəm ki, səs və görüntü Arzu Kazımova məxsusdur... Görünür, onlar səhv başa düşüblər. Burada söhbət qətiyyən ondan getməyib ki, bəli, ekspertiza videodakı, baxmayaraq ki, qanunsuz formada, gizli çəkilib və yayılıb, səs və görüntünün, Mahir Abdullayevin axtarışı ilə bağlı E.Abdullayevlə Arzu Kazımovun pul sövdələşməsi söhbətini təsdiqləyib...Bunlar tamamilə fərqli məsələlərdir. Mən açıq deyirəm ki, yalnız sizin "Təzadlar", "Femida", "Yeni Müsavat" qəzetlərinin müxbirlərindən razıyam ki,  huquqi mövzuda yazanda hüquqi terminləri düzgün tövsiv edir və yazırlar. Lakin başqa KİV-lərdə bütün hüquqi qaydaları pozurlar, hüquqi terminləri dolaşıq salırlar və bununla da məsələni dolaşdırırlar. Bəli, mən ekspertiza rəyi ilə bağlı müsahibə vermişəm. Lakin təkrar edirəm, mən müsahibəmdə Elşad Abdullayevin gizli çəkərək qanunsuz formada yaydığı məlum videolarındakı pul sövdələşmələri və qardaşı Mahir Abdullayevin axtarılması ilə bağlı sövdələşmələrə dair ekspertizanın təsdiq rəyindən danışmamışam. Biz əvvəldən birmənalı olaraq demişik ki, E.Abdullayev şantajla məşğuldur, uydurmalar danışır... Nə olsun, istənilən adamın görüntüsünü yay və sonra de ki, burada biz həm də filan şeyi müzakirə etmişik, edirdik və s. Camaat münəccimlik, falçılıq etməlidir ki, görəsən bu Elşad nə düşünüb və nə demək istəyir? Bunlar təmamilə fərqli məsələlərdir. 

- Ümumiyyətlə, Arzu Kazımovla bağlı, çünki siz onun hüquqlarını müdafiə edən vəkilsiniz, bundan əvvəl belə bir ekspertiza keçirilməsində iştirak etmisinizmi? Ekspertizanın belə hallarda keçirilməsi necə təmin edilir?

- Bəli, bundan əvvəl biz Elşad Abdullayevlə onun qardaşı Mahir Abdullayevin qaynatası, AzərTac-ın keçmiş baş direktoru Şamil Şahməmədovun, həmçinin mənim hüquqlarını müdafi etdiyim Arzu Kazımovun söhbətinin və belə bir video görüşünün də səs stenoqramasının ekspertizasını müzakirə etmişik. Yəni E.Abdullayev deyəsən pedoqoji fəaliyyətlə deyil, vide-montaj və çəkiliş üzrə rejissorluq, aparıcılıq edirmiş... Belə bir gizli çəkilişin biri də onun qardaşı Mahirin qaynatası və Arzu Kazımovun iştirak etdiyi görüşdə olub. Həmin gizli çəkilişlə bağlı biz ifadə vermişik- 6 dekabr 2012-ci il tarixdə. Və Arzu Kazımov ifadəsində göstərmişdir ki, “Bəli, bu videodakı danışıq və səs də mənə məxsusdur". Əvvəl dediyim kimi, bu barədə də ekspertiza təyin olunmuşdur və yekun rəy də alınmışdır, bizə təqdim edilmişdir. Həmin ekspertiza zamanı da səs və görüntü nümunələri istintaqçı tərəfindən götürülüb ekspertə təqdim edilmişdir... Və KİV-lərdə APA-nın yaydığı həmin məlumatla bağlı mənə də bir neçə yerdən zəng edilib, təəccüblü sual veriblər. Tam məsullyyətlə deyirəm ki, mənə istinadən yayılan həmin məlumat doğru deyildir, mən orada başqa hüquqi izahlar, aydınlaşdırmalar da demişəm ki, oxucu, ictimaiyyət çaşmasın... Bu təmamilə təhrif olunmuş məlumat idi, ola bilsin ki, hətta bəzi KİV-lər APA-nın məlumatını təhrif edərək sərfəli formada dərc ediblər. Yaxud, ola bilisin ki, həmin müxbir məni düzgün başa düşməyib... 

- Tutaq ki, lap ekspertiza Elşad Adbullayevin qanunsuz olaraq gizli çəkib yaydığı həmin videolardakı səs və görüntünün Arzu Kazımova məxsusluğunu təsdiqlədi. Lakin bilirsiniz ki, istintaq üçün də vacib olan budur ki, həqiqətənmi, Arzu Kazımov E.Abdullayevlə həmin söhbətində Mahir Abdullayevin axtarılması üçün pul müqavilində sövlədəşmə aparır? Ekspertiza bunu təsdiq edi bilərmi və yaxud etmə ehtimalı nə dərəcədədir? 

- Bildirirəm ki, həmin videolara istintaq orqanı ilə birlikdə baxmamışdan əvvəl video yazı ilə əlaqədar bizə qrafik hesabat təqdim ediblər. Baş Prokurorluqda yaradılmış xüsusi istintaq komissiyasının rəisi cənab Elmar Camalovun imzası ilə... Stenoqrafiya ilə bundan sonra tanış olmuşuq. Bundan sonra isə məlum video nümayiş etdirilib, tanış edilmişik. Bundan sonra Arzu Kazımov ifadə verərək bildirmişdir ki, “...Mənimlə tikinti biznesində tərəfdaşlıq etmək üçün çalışan Elşad Abdullayev bir gün mənə zəng edərək acizanə surətdə kabinetinə dəvət etdi. Mən onun kabinetində olarkən israrla və yenə də acizanə xahiş etdi ki, bu dəqiqələrdə Mahir Abdullayevin qayınatası, artıq xəstəlikdən əldən düşmüş, ölüm ayağında olan Şamil Şəhməmmədov gələcək bura... Bu gün-sabah ölüm ayağında olan bir adamdır, yazıqdır. Məndən əl çəkmir ki, Mahirin yerini bilirsən, bizə demirsən... Başını itirib, danışığını bilmir, yaşlı adamdır. Onu inandırıb  demişəm ki, bir dostum var, görüşdürəcəyəm, görəcəksən ki, Mahirin tapılması üçün o da, mən də nə edirik və s. Və sən bunları dediyim kimi ona de, yaşlı adamdır, məndən əl çəksin... Hətta mənə israrla tapşırdı ki, Arzu müəllim, onu sakitləşdirmək üçün söhbət edəndə de ki, Şamil müəllim, narahat olma, Mahir tezliklə tapılacaq, mən də lazımi kömək edəcəyəm və s. Mən də bu kişinin xəstə olduğunu güman edərək könlünü almaq üçün Elşada inanaraq, yazığım gəlib, sakitləşdirmək üçün ona xeyirxah yalanlar, təsəlliverici sözlər söyləmişəm, demişəm ki, şamil müəllim, narahat olma, Allah qoysa, tezliklə Mahir gələcək... Lakin həmin görüşdə və söhbətdə heç bir halda Mahirin tapılması üçün hansısa pulun Elşaddan alınıb kiməsə verilməsi və s. barədə sövdələşmə, digər müzakirələr olmamışdır...".

Arzu Kazımov onu da bildirib ki, “Bildiyimə görə həmin yaşlı kişi, yəni Mahirin qaynatası indi də sağdır, güman edirəm yaddaşı da yerindədir, etiraf edə bilər ki, belə bir söhbət heç bir halda olmayıb". 

- Bəs həmin görüşdə olmayan şeyləri necə iddia etmək olar?

- Sən nə danışırsan, əksinə, mən də həmin videonun baxışında iştirak etmişəm, müstəntiq də, Şamil Şahməmmədov həmin görüşdə Elşad Abdullayevlə nəyinsə üstündə alınmış və verilmiş pulun mübahisələrini aparmağa başlayır... Şamil Şahməmmədov deyir ki, Elşad, mənim nəyim var bu yolda qoymuşam və s. Bu an onların aralarında mübahisə düşür və Elşad da Şamil kişiyə əsəbi halda deyir ki, “Bilirsən, mən səndən 3-4 dəfə çox pul qoymuşam...".

İndi biz də istintaq qarşısında məsələ qaldırmışıq ki, Şamil Şahməmədov da dindirilsin ki, bu nə pul qomaq imiş ki, mübahisəyə səbəb olub. Amma bilirəm ki, burada ciddi bir məsələ var. Məsələn, nə məsələdirsə, Elşad hər dəfə Şamil kişinin sözünü kəsir və onu danışıb artıq nəsə deməyə qoymur...

- Sizcə, niyə?

- Çünki ordakılardan kimsə xəbərsiz olsa da, Elşad bilirdi ki, bütün bu görüşün söhbəti gizli çəkilir...

- Hacı Zakirin qızı oğurlanmışdırmı?

- Mahir Abdullayev 2003-cü ildə itkin düşməsi ilə bağlı Elşad Abdullayev tərəfindən axtarıldığı bir vaxtda o, Kürdəmirdəki hansı qohumlarının evində gizlənibmiş?

Vəkil Ramiz Zeynalovun şok müsahibəsini növbəti yazımızda oxuyacaqsınız...



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az