ATƏT-in Minsk Qrupu saxta seçkiyə sərt reaksiya verməli idi

ATƏT-in Minsk Qrupu saxta seçkiyə sərt reaksiya verməli idi

" Azərbaycan torpaqlarında həyata keçirilən istənilən bu kimi tədbirlər separatçılıq xarakteri daşıyır və münaqişənin ədalətli həllinin uzanmasına səbəb olur”.

Məlum olduğu kimi iyulun 19-da Dağlıq Qarabağda separatçı rejim qondarma prezident seçkisi keçirib. Bu, separatçıların "prezident seçkisi" adı altında keçirilən 5-ci qondarma seçki tamaşasıdır. Bundan başqa, indiyədək Azərbaycanın işğal altındakı torpaqlarda 5 "parlament seçkisi", 4 "bələdiyyə seçkisi" şousu da olub. 

Bir sıra beynəlxalq dairələrdən bu seçki şousuna etirazlar səsləndirilib. 

Avropa Birliyinin (AB) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ bölgəsindəki "prezident seçkisinə" münasibət bildirib. Eşton bəyan edib ki, AB seçkinin keçiriləcəyi konstitusion və hüquqi çərçivələri tanımır. 

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Ekmələddin İhsanoğlu da bəyan edib ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma "seçkiləri" tanımır. Həmçinin NATO baş katibinin xüsusi nümayəndəsi Ceyms Appaturay da separatçı rejimin qondarma "prezident seçkisi"ni pisləyən bəyanat verib. 

Qardaş Türkiyə başda olmaqla və qonşu Gürcüstan da Dağlıq Qarabağdakı qondarma “seçkilər”i pisləyən bəyanat yayıblar. 

Sabiq millət vəkili, İrəli Azərbaycan İctimai Birliyin sədri Baba Tağıyev  “Veteninfo.az”a  açıqlamasında bildirib ki,  ATƏT-in Minsk Qrupunun həmsədrləri hələ bu seçki oyunu başlamamışdan əvvəl məsələyə sərt münasibət bildirməli idilər: “Başqa beynəlxalq qurumlardan və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən dövlətlərdən etiraz bəyanatları eşidildi. Lakin, bu münaqişənin həlli ilə bilavasitə məşğul olan ATƏT-in Minsk Qrupu, həmçinin bu qrupda həmsədr olan dövlətlərdən heç bir  reaksiya eşidilmir”.

B.Tağıyevin sözlərinə görə, ATƏT-in Minsk Qrupunda təmsil olunan AŞ və Fransanın mövqeləri müəyyən dərəcədə Avropa Birliyi və NATO rəsmilərinin verdikləri bəyanatlarda ifadə olunur: “Lakin, digər həmsədr Rusiya indiyədək qondarma seçkiyə qəti etirazını bildirməyib. Rusiya XİN-in rəsmi nümayəndəsi isə mətbuat konfransında bildirir ki, bu "seçkilər" Dağlıq Qarabağ ətrafında sülh prosesinin gələcək gedişinə təsir etməyəcək. Bu əslində, həmin qondarma seçkiyə haqq qazandırmaqdır. Çünki, işğal altında olan Azərbaycan torpaqlarında həyata keçirilən istənilən bu kimi tədbirlər separatçılıq xarakteri daşıyır və münaqişənin ədalətli həllinin uzanmasına səbəb olur”. 

Sabiq millət vəkili Azərbaycanın da üzv olduğu Müstəqil Dövlətlər Birliyinin Katibliyi bu məsələdə susqunluğunu nümayiş etməsini də qınayıb: “Azərbaycanın ən böyük probleminə bu qədər etinasız yanaşan Rusiya MDB ilə kifayətlənməyib indi də Azərbaycanı yeni “Avrasiya Birliyinə” qatmaq istəyir. Rusiya işğal olunmuş Azərbaycan torpaqlarının azad olunması istiqamətində ciddi addımlar atmayana qədər Azərbaycanı hər hansı geosiyasi birliyə dəvət etmək cəhdərindən əl götürməlidir. İşğalçı Ermənistanla Azərbaycanın bu tipli birliklərdə bir yerdə olması yolverilməz haldır və Azərbaycan dövlətinin rəsmiləri  də dəfələrlə bu məqamı vurğulayıblar”. 

kamran



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az