Avro və qızıl dəyərdən düşür
Natiq Cəfərli: "Qızlın ucuzlaşmasının Azərbaycan bazarına müsbət
təsiri odur ki, daxili bazarda qızıl məmulatlarının qiyməti düşür”
Yaşar
Əsədov: "Avropadan idxal edilən mallar Azərbaycan bazarında
ucuzlaşırsa, deməli, Azərbaycan məhsulları böyük rəqabətlə üzləşməli
olur”
Azərbaycanda
avronun ucuzlaşması davam edir. Bivalyuta səbətinə daxil olan avronun
məzənnəsi manata nəzərən 0,98% azalaraq 1,1365 manat olub. Eyni sözləri
qızıl barəsində də demək olar. Dünya birjalarında qızılın sürətlə
ucuzlaşması davam edir. COMEX-də sonuncu hərraclarda qızılın bir
unsiyasının qiyməti 4,30 dollar azalaraq 1 102,50 dollara satılıb.
Ekspertlərin sözlərinə görə, avronun və qızılın ucuzlaşması bu valyutada
yığılan ehtiyatlara mənfi təsir edir.
İqtisadçı
Natiq Cəfərli bildirir ki, avronun ucuzlaşması Azərbaycana iki
istiqamətdə təsir göstərir: "Birincisi, Mərkəzi Bank ikili səbətə
keçikdən sonra manatın kursu həm avro, həm də dollara uyğun müəyyən
olunur. Avronun ucuzlaşıb, dolların bahalaşması manatın avroya nisbətən
dəyər qazanmasına səbəb olsa da, dollara nisbətən dəyər itirməsi
deməkdir. Son aylarda Mərkəzi Bankın siyasəti buna yönəlib. Digər
tərəfdən, məlumdur ki, Dövlət Neft Fondunun rezervlərində 20%-ə qədər
avro var. Avronun ucuzlaşması o aktivlərə mənfi təsir göstərir. Qızlın
ucuzlaşmasının isə Azərbaycan bazarına müsbət təsiri odur ki, daxili
bazarda qızıl məmulatlarının qiyməti düşür. Ancaq Neft Fondunun
aktivlərinə mənfi təsir var. Çünki, Neft Fondunun aktivlərində 30 tona
yaxın qızıl saxlanılır”.
Ekspertin
sözlərinə görə, avronun və qızılın ucuzlaşmasında əsas səbəb,
sentyabrda ABŞ Federal Rezerv Sistemində faiz artımının artım
gözləntiləridir: "Dolların dünyada bahalaşması "pul evinə geri dönür”
deməkdir. Digər tərəfdən, avonun özündə olan problemlərdəndir. Həmçinin,
Avropa Mərkəzi Bankı iqtisadiyyatı stimullaşdırmaq üçün təşviq-alım
proqramı qəbul edib. Hər ay bazara 60-80 milyard avro buraxır. Bu da
avronun ucuzlaşmasına səbəb olur”.
Digər
iqtisadçı-ekspert Yaşar Əsədov bildirir ki, Azərbaycan valyuta
ehtiyatlarının müəyyən hissəsi avro ilə saxlanıldığı üçün avronun
ucuzlaşması valyuta ehtiyatlarının məbləğini azaldır: "Bu sözləri qızıl
barədə də demək olar. Çünki, ölkəmiz külçə qızıl ehtiyatlarına malikdir.
Digər tərəfdən Azərbaycanın ticarət əlaqələri baxımından
qiymətləndirsək, avronun ucuzlaşması Azərbaycanın Avropa ilə ticarətinə
mənfi təsir göstərə bilər. Çünki, avronun dəyərdən düşməsi Avropanın
idxalının ucuzlaşması deməkdir. Avropadan idxal edilən mallar Azərbaycan
bazarında ucuzlaşırsa, deməli, Azərbaycan məhsulları böyük rəqabətlə
üzləşməli olur. Bu da daxili istehsala mənfi təsir edəcək”.
Ekspertin fikrincə, avronun və qızılın ucuzlaşması ilk növbədə dünyada sabitliyin pozulması ilə əlaqədardır.