Avropa Məhkəməsi Eldar Həsənovun şikayətinə baxıb - HÖKUMƏT SABİQ SƏFİRƏ TƏZMİNAT ÖDƏYƏCƏK

Avropa Məhkəməsi Eldar Həsənovun şikayətinə baxıb - HÖKUMƏT SABİQ SƏFİRƏ TƏZMİNAT ÖDƏYƏCƏK
Avropa Məhkəməsi bugün Azərbaycanla bağlı bir neçə qərarını açıqlayıb.

Məhkəmədən Gununsesi.info-nun elektron poçtuna göndərilən məlumatda bildirilir ki, onlar arasında sabiq baş prokuror, keçmiş səfir Eldar Həsənovun da şikayəti var.

Məhkəmə işi hazırda həbsxanada cəza çəkən ərizəçi Eldar Həsənovun (Azərbaycanın keçmiş (1995-2000) baş prokuroru və Azərbaycanın keçmiş səfiri(2001-2020)) vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, dövlət vəsaitini təyinatı üzrə yox, başqa məqsədlə istifadə etmə, çirkli pulların yuyulması, mənimsənilməsi və Azərbaycanın Serbiyadakı səfirliyində törədilən saxtakarlıq cinayətlərinə görə tutulması və məhkəməyə qədər həbs edilməsi ilə bağlı olub.

Ərizəçinin şikayəti Konvensiyanın 3-cü (qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan edilməsi), 5-ci (azadlıq və təhlükəsizlik hüququna qanunsuz müdaxilə) və 18-ci (məhdudiyyətlərdən istifadənin məhdudlaşdırılması) maddələrinə əsaslanırdı. Ərizəçi iddia edirdi ki, onun saxlanılması və barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün ağlabatan əsaslar mövcud olmayıb, həbsdəykən ona lazımi tibbi yardım göstərilməyib. Konvensiyanın 34-cü maddəsinə əsaslanan ərizəçi həmçinin, Azərbaycan hökumətinin, Məhkəmənin 39-cu Qaydaya əsasən verdiyi müvəqqəti tədbirlərin görülməsi barədə qərarına əməl etməməklə, onun fərdi şikayət hüququnu pozmasından da şikayət etmişdi.

 

Məhkəmə bu işdə ərizəçiyə münasibətdə Konvensiyanın 3-cü (13 avqust 2020 – 2 iyul 2021 aralığında) və 5-ci (azadlıq və toxunulmazlıq hüququ) maddələrinin pozulmasına qərar verib. Qərara əsasən, hökumət ərizəçiyə 9234 avro mənəvi və xərclər əvəzi ödəməlidir

*****
 
Avropa İnsan Hüquqları Məhkəməsi keçmiş Baş prokuror və sabiq səfir, hazırda təyin edilmiş 10 il müddətinə azadlıqdan məhrumetmə növündə cəza çəkən Eldar Həsənovun Azərbaycana qarşı iddiası ilə bağlı qərarını elan edib.

Məhkəmə işi ərizəçi Eldar Həsənovun səfir işlədiyi müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, dövlət vəsaitini təyinatı üzrə istifadə etməmə, mənimsəmə, çirkli pulların yuyulması və Azərbaycanın Serbiyadakı səfirliyində törədilən saxtakarlıq cinayətlərinə görə tutulması və məhkəməyə qədər həbs edilməsi ilə bağlı olub.

Ərizəçinin şikayəti Avropa İnsan hüquqları Konvensiyasının 3-cü (qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan edilməsi), 5-ci (azadlıq və təhlükəsizlik hüququna qanunsuz müdaxilə) və 18-ci (əsassız məhdudiyyətlərin tətbiqinin qarşısının alınması) maddələrinə əsaslanıb.

Məhkəmə 10 oktyabr 2024-cü ildə yayımladığı qərarına əsasən, Eldar Həsənova münasibətdə Konvensiyanın 3-cü maddəsinin və 5-ci maddəsinin 3-cü hissəsinin pozulduğu qənaətinə gəlib, ərizəçinin 13 avqust 2020-ci il və 2 iyul 2021-ci il tarixləri arasında həbsdə olarkən xəstəlikləri üçün adekvat tibbi müalicə almadığını bildirib.

Göstərilənlərlə əlaqədar ərizəçiyə maddi ziyana görə 6000 avro, xərclər və məsrəflərə görə 3234 avro ödənilməsi qərara alınıb.

Bununla belə, Avropa Məhkəməsi Eldar Həsənovun Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin pozulduğu, yəni onun həbsinin və həbsdə saxlanılmasının onun cinayət əməli törətdiyinə dair əsaslı şübhələrə əsaslanmadığı iddiasını rədd edib.

"İş üzrə sübutlar ərizəçini vəzifə səlahiyyətlərindən sui-istifadə və dövlət vəsaitlərinin təyin olunduğu məqsədlərdən kənar istifadəsi ilə bağlı cinayət əməli törətməkdə obyektiv olaraq əlaqələndirib və ona qarşı "əsaslı şübhə” yaratmağa kifayət edib. Bundan başqa, iş materiallarından görünür ki, təxminən bir ay sonra, ərizəçi həbs edildikdən və ona ittiham irəli sürüldükdən sonra, istintaq tərəfindən ilkin şübhəni dəstəkləyən əlavə sübutlar əldə edilib və o, daha sonra ona qarşı irəli sürülən digər cinayət əməllərində ittiham edilib”, - deyə Avropa Məhkəməsinin qərarında qeyd edilib.

Odur ki, Avropa İnsan Hüquqları Məhkəməsi Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi və 18-ci maddəsi üzrə şikayətləri məqbul hesab etməyib, bu hissədə pozuntu olmadığı qənaətinə gəlib.

Qeyd edək ki, Azərbaycanın keçmiş Baş prokuroru, həmin vaxt Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri vəzifəsini tutan Eldar Həsənov 2020-ci ilin avqust ayında Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə saxlanılıb, istintaqa cəlb edilərək həbs edilib. ("Qafqazinfo”)




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az