Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli qətnaməsi əslində Ermənipərəst qüvvələr tərəfindən Azərbaycana qarşı atılmış addımdır

Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli qətnaməsi əslində Ermənipərəst qüvvələr tərəfindən Azərbaycana qarşı atılmış addımdır
Son günlər gündəmdə olan Azərbaycandakı Parlament seçkiləri Avropa İttifaqını yaman narahat edir. Burada əslində Azərbaycan Parlamenti deyil, ümumən Azərbaycanda olan mühit onları narahat edir. Çünki, qısa bir zamanda əldə olunan uğurlar, qazanılmış nüfuz, dünya miqyasında ölkənin reytinqinin yüksəlməsi Qərbin bir çox dairələrini yaman təşvişə salıb. Qərbdə Avropa İttifaqı yarandığı gündən "demokratiya” adı altında gizlənərək özlərindən qat-qat aşağı səviyyədə hesab etdikləri ölkələri özlərinə kölə etmək siyasətini yürüdürlər. Bu siyasəti Azərbaycanı qiymətləndirə bilməyərək ölkəmizə qarşı da tədbiq etmək istəyirdilər, lakin gözləmədikləri bir reaksiya ilə üzləşdilər. Onlar artıq güclü bir Azərbaycanla üz-üzə gəldilər və bu da onları qıcıqlandıraraq onların əsl simalarının açılmasında rol oynadı.

Bu gün Avropa Birliyi sonradan birliyə qoşulan ölkələrə nə verdi? Sovetlər Birliyi süquta uğradıqdan sonra Avropa İttifaqı ilə sərhəd olan ölkələr birliyə qoşularaq, onlardan maliyyə dəstəyi alaraq, xaos vəziyyətindən tez bir zamanda qurtulmuşlar. Lakin, onlardan fərqli olaraq Azərbaycan öz gücü hesabına, əksinə həmin dövrdə bir çox ölkələrdən təzyiqlər olan bir dövrdə, müharibə şəraitində olan bir dönəmdə, böyük çətinliklərə sinə gələrək mövcud siyasətini qura bilmiş, bu günkü dövləti yarada bilmişdir. Hətta, bu quruculuqdan sonra ermənilərin işğalı nəticəsində 20% torpaqlarından qaçqın düşən bir milyondan çox insanlara yüksək şərait yaratmış Azərbaycan, uğurlu siyasət nəticəsində sürətlə inkişaf edən, lazım olanda belə Avropanın dini məkanlarının, tarixi-mədəniyyət ocaqlarının təmirinə maliyyə dəstəyi göstərən, "Eurovision” mahnı müsabiqəsinin bu günə qədər olan təşkilatçılığının ən yüksək səviyyədə keçirilməsini, İlk Avropa Oyunlarının keçirilməsini təşkil edən, özlərinin (avropalı diplomatlarının) dost dedikləri ölkəyə qarşı bu cür addımın atılması əslində Avropa Birliyinin nə qədər ikiüzlü, ermənipərəst diplomatların ikili standartlı siyasətinin olmasının göstəricisidir. Vaxtı ilə Moldovaya "qızıl dağlar” söz verən birlik bu gün moldovanların etibarını itirib və regiondakı ictimai-siyasi vəziyyətə nəzarət edə bilmir. Eyni zamanda Ukraynanın bu gün çıxılmaz vəziyyətə düşməsi, rəsmi Kiyevin əlacsız qalmasının başlıca səbəbkarı məhz Avropa Birliyinin boş vədləri, yalançı ismarıcları oldu. Sözügedən parlamentdə ermənipərəst diplomatların oturub zəngin tarixə, qədim adət ən-ənələri olan dövlətə, tolerantlıq beşiyi olan Azərbaycana qarşı atılmış qərəzli, Avropa İttifaqının maraqlarını əks etdirən addım bunun bariz nümunəsidir.

Son zamanlar Avropaya üz tutan miqrantlarla qeyri insani rəftarlar, İttifaq daxilində baş verən anlaşılmayan proseslər, Yunanıstandakı iqtisadi böhran və s. bunlar hər biri nüfuzunu itirən birliyin əsl simasının ortaya qoyur.

Bu gün Azərbaycan gəncliyi sağlam mühitdə böyüyür, tolerant ölkədə yaşayır və parlaq gələcəyi naminə israrla irəliyə doğru addımlayır. Azərbaycan gəncliyi öz mənəvi dəyərlərini itirməkdə olan Qərb dövlətlərindən fərqli olaraq, öz adət-ənənələrini, mənəviyyatını, əxlaqını, mədəniyyətini, mentalitetini, ailə ideologiyasını qoruyub inkişaf etdirməkdədir.

Fərid Nəsibov
YAP Gənclər Birliyinin Baş ofisinin koordinatoru.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az