Avropalaşmaq xatirinə dəyərlərimizdən uzaqlaşmayaq

Avropalaşmaq xatirinə dəyərlərimizdən uzaqlaşmayaq

Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır. Təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır. Heydər Əliyev

Kitab milli-mənəvi dəyərlərimizin daşıyıcısıdır

Vaxtilə Bakı Slavyan Universitetinin rektoru olmuş, hazırda isə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri vəzifəsində çalışan Kamal Abdullayev adıçəkilən Universitetə belə bir yenilik gətirmişdi: o, bütün fakültələrin tələbələrinə dünya və Azərbaycan ədəbiyyatından seçilmiş əsərləri oxumağı tövsiyə edirdi. Qaydaya görə, tələbələr yalnız oxuduqları əsərlərin məzmununu müəllimlərə danışandan sonra semestr imtahanlarına buraxılırdılar və fərəhləndirici hal idi ki, onların əksəriyyəti imtahanı müvəffəqiyyətlə başa vururdular. Elə buna görə də Kamal müəllimin tətbiq etdiyi bu  yeniliyə əvvəlcə narazılıq edən tələbələr imtahandan sonra ona təşəkkür edirdilər. Bəli, Kamal müəllim bilirdi ki, internetdən hər hansı bir əsərin qısa məzmununu oxumaqla müvəffəqiyyət qazanmaq olmaz, gərək kitabla təmasda olasan, çünki kitab minillik adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin, daşıyıcısıdır, kitab insana çox şey verir, onu kökünə, soyuna yadlaşmağa qoymur, təfəkkürü inkişaf etdirir, insanı ətrafla ünsiyyətdən təcrid olunmaqdan qoruyur.
Təəssüflə deməliyik ki, bir vaxtlar oxucu ilə dolub-daşan kitabxana foyelərində bu gün fərqli mənzərə ilə rastlaşırsan, yəni bu müqəddəs elm ocağına axın xeyli azalıb, daha çox internet klublara, kompyuter otaqlarına maraq, meyl artıb, əksəriyyəti də oyunlarla vaxt keçirirlər. Doğrudur, əsrimiz texnika əsridir və kompyuterlə işləməyi, müasir texnika ilə ayaqlaşmağı hər birimiz bacarmalıyıq, lakin hər şeyin bir əndazəsi olduğu kimi, bu sahədən də ifrat dərəcədə istifadə etmək insanı ətraf aləmdən, ictimai həyatdan təcrid edir, onun cəmiyyətə adaptasiya olunmasına çətinlik törədir və s. yəni hər şey normalar çərçivəsində olmalıdır.

Bizə şou lazımdırmı?


Növbəti iş gününü başa vurub, evə tələsirsən. O qədər yorğunsan ki, özünü divana zorla yetirirsən… Dincini almaq üçün çay içə-içə televizora baxmaq da keçir könlündən. Pultu götürüb kanalları “gəzirsən”; hara çevirirsən ya haray-həşirli çıxışlarla dolu şou, ya serial, ya da bəzilərinin tərbiyədən, milli-mənəvi dəyərlərdən keçdiyi “dərs”lə rastlaşırsan. Canın sıxılır, əsəbini, hirsini-hikkəni cilovlamaq üçün çıxış yolunu televizoru söndürməkdə görürsən…
Bu gün bizə minillik tarixi yaddaşımızı, ənənələrimizi yaşadan, mənəvi sərvətimiz olan muğamımızı təbliğ edən, qədim incilərimizi, söz xəzinəmizi unudulmağa qoymayan, folklorumuzun təəssübünü çəkən “Bulaq”, “Ovqat” kimi verilişlər lazımdır, yoxsa milli-mənəvi ruhun aşınmasına söykənən, mentalitetimizə zidd şoular? Düzdür, sözügedən mövzu ilə bağlı problemin həllini təkcə telekanallarda axtarmaqla kifayətlənmək də yanlış olardı, lakin buna baxmayaraq nəzərə almalıyıq ki, telekanallar baş verən hadisələri dərhal işıqlandıran, tamaşaçı ilə təmasda olan sahə olduğu üçün dünya ictimaiyyətinin daha çox diqqətini cəlb edən sahələrdəndir.
Etiraf etməliyik ki, bu gün gənc nəslin, vətənpərvər, milli ruhda tərbiyələnməsi, onlara mənəvi sərvətlərimizin daha dərindən aşılanması üçün nümunəvi verilişlərimiz barmaqla sayılası qədərdir. Məncə, efir həyatında sözügedən sahə ilə bağlı islahata ehtiyac var. Çünki bizə cəfəngiyyatla dolu, tamaşaçıya əsəbdən başqa heç nə verməyən proqramlar yox, milli ruhlu, dəyərlərimizə xidmət edən verilişlər lazımdır.
Acı da olsa, faktdır: zorakılıq, intihar, ağlasığmaz qətl hadisələri günbəgün artır. Bunun bir səbəbi də, bəlkə də elə vəhşiliklə, işgəncə ilə dolu kadrların nümayiş olunmasıdır və təəssüf ki, bu kadrlara baxan insanda gördüklərini həyatda da tətbiq etmək istəyi yaranır. Çünki istər böyük, istərsə də kiçik olsun, gördüyü hadisələrdən çox şey götürür, bəzən oradakı qəhrəmanları özünə ideal seçir.
Soyuqqanlılıq, ətrafa qarşı amansızlıq aşılayan, baş kəsməyi, qan tökməyi görüntüləyən uzun, sicilləmə əcnəbi seriallar nəinki mənəvi dəyərləri, hətta insana insanlığı unutdurur, onu vəhşiləşdirir, manqurta çevirir. Bu gün bizim vətənpərvərlik əxz edən, ənənələrimizi unudulmağa qoymayan  kinolara, filmlərə ehtiyacımız var. Bir-birindən gözəl, milliliyimizi canlandıran, uşağı kiçik yaşlarından səmimilik atmosferində tərbiyələndirən cizgi filmlərinin çəkilməsinə, minillik tarixi olan folklorumuza, dastanlarımıza aid silsilə verilişlər hazırlanmasına çalışmalıyıq.

Qələmə and olsun ki…

Belə bir söhbət gəzir: orta məktəblərdə əl yazısını yığışdırmaq, şagirdlərə elə ibtidai sinifdən kompyuterdə yazmağı öyrətmək! Yəni uşaqlar birbaşa kompyuterdə yazmalıdırlar. Beləliklə, nə kağız-qələmə ehtiyac qalar, nə də əlavə israfa yol verilər.
Əllə yazının ləğv edilməsinin tərəfdarları hesab edirlər ki, kompyuter texnologiyalarının inkişaf etdiyi bir dövrdə məktəblilərə əllə yazı öyrədilməsi lazımsız proses və vaxt itkisidir və bu gün onsuz da əl yazısından nadir hallarda istifadə edilirsə, uşaqlara hüsnüxətt dərslərinin keçilməsinə ehtiyac yoxdur...
Yaxşı, əllə yazıdan əl çəkmək, kağız-qələmdən imtina etməklə büdcəmizə qənaətlə yanaşmaq, müasir dövrlə ayaqlaşmaq, avropalaşmaq istəyirik. Onda bəs saatlarla kompyuter arxasında əyləşmək məcburiyyətində qalacaq övladlarımızın sağlamlığını necə, düşünürükmü?
Vaxtilə uşaqlara vurma cədvəli əzbərlədilirdi, hesablama zamanı hesab şotkalarından – sayğaclarından istifadə olunurdı və bunlar şagirdi müstəqil düşünməyə məcbur edirdi, yəni uşağın beynini bir növ məşq etdirirdi. İndi artıq o hesab sayğacları arxivə atılıb, şagird özünü əziyyətə salmadan, baş işlətmədən hesablamaları internet, telefonunun kalkulyatoru vasitəsilə həyata keçirir. Çünki bu variant onun üçün daha asandır. Bu "asan iş"in arxasında isə onu gözləyən zehni zəifliyin, sağlamlıq təhlükəsinin fərqinə varmır (gecə-gündüz qulaqdan çıxarılmayan qulaqcıqlarla telefonda musiqi dinləmələrini də dediklərimizə əlavə etsək, nəticənin nə qədər acınacaqlı olduğunu təsəvvür etmək o qədər də çətin  deyil)…
Sözügedən mövzu ilə əlaqədar hörmətli oxucuların diqqətini Türkiyə saytlarından oxuduğum bir yazıya çəkmək istəyirəm: Çinin Şanxay əyalətində internet-kafedə kompyuter qarşısında saatlarla oturan 24 yaşlı Wu Tai adlı oğlan yanındakılara özünü narahat hiss etdiyini bildirir və bundan sonra onun halı getdikcə pisləşir, yoldaşlarının yardımı ilə bir müddətdən sonra yaxşılaşan gənc dostlarının israrına baxmayaraq yenidən oyuna davam edir. Lakin az keçmir ki, onun vəziyyəti yenə ağırlaşır, ətrafdakılar nə qədər çalışsalar da, nəticəsi olmur və o, təcili yardım çağırılmasına baxmayaraq, kəskin öskürək və qanaxma nəticəsində dünyasını dəyişir…
Məncə, bu yazıdan sonra əlavə şərhə ehtiyac yoxdur və yalnız onu demək kifayət edər ki, bu, hələ məsələnin bir tərəfi – sağlamlıqla bağlı olan hissəsi idi. Digər tərəfdən isə yuxarıda da deyildiyi kimi, gənc nəslin  texnikadan tamamilə asılı vəziyyətə salınması, necə deyərlər, robotlaşdırılması onların sağlamlığına ciddi təsir etməklə yanaşı gələcəyimizin milli-mənəvi ruhdan, dəyərlərimizdən, soykökümüzdən, adət-ənənələrimizdən qopmasına, uzaq düşməsinə də yol açacaq. Bu mənada sözügedən mövzuya bir də qayıtmaq, müəyyən nüanslara yenidən toxunmaq istəyirəm:
Müqəddəs kitabımız Qurani-kərimdə 68-ci surə “Qələm” adlanır (Surətul Qaləm) və həmin surədə deyilir: “And olsun qələmə və mələklərin yazdıqlarına ki, Ya Rəsulum, sən Rəbbimin verdiyi bu nemətlər sayəsində divanə deyilsən”. Yəni burada müqəddəslik rəmzi olaraq qələmə and içilir. Məşhur ərəb mütəfəkkiri və Quran təfsirçisi Təbəri yazır ki, qələm gələcək hadisələri yazmaq üçün Allah tərəfindən ilk yaradılan şeydir. Qələm yazı yazmaq üçün müəyyən edilmiş alətdir və yazı insanlara İlahi tərəfindən verilmiş bir lütfdür.
Elmi, bədii kitablarımızı dahilərimiz, yazıçılarımız, ziyalılarımız düşüncələrini, bilgilərini qələmlə ifadə etmiş, qələmlə kağıza köçürmüşlər. Bəlkə də elə fundamental əsərlərin araya-ərsəyə gəlməsində kağız-qələmin rolu daha böyük olmuşdur. Doğrudur, kompyuterdə də yazıb-oxumağı  bacarmaq, texnikadan baş çıxarmaq lazımdır, çünki texnologiya bizə elə imkanlar açıb ki, bu imkanlar hesabına dünyada baş verən bütün prosesləri izləyə, uzaq ölkədə yaşayan insanlarla canlı əlaqə qura bilirik. Lakin bütün bunlara rəğmən, texnikanın bizə yaratdığı şəraitdən asılı olmayaraq minillik mirasımızdan - müqəddəs qələmdən, kağızdan uzaq düşə, imtina edə bilmərik. Bəzən əllə toxunan xalça fabrik toxunuşlu xalçadan daha çox cəlbedici, xoş təsir bağışlayır. Bilirsinizmi niyə? - Çünki o toxunuşa insan barmaqlarının hərarəti, ürəyinin döyüntüləri köçür. Qələm də belədir, yəni kompyuterdə nə qədər yazsan belə, qələmlə yazdığın qədər effektli təsir bağışlamır. Dahilərimizin qələmlə yazdığı hər kəlməsi, imzası da səni ulu keçmişinə, mənsub olduğun xalqının folkloruna bağlayır; qələmlə təkcə yazmırsan, onun vasitəsilə yazına hisslərini, həyəcanını köçürürsən, qəlbinin hərarətini hopdurursan; qələm sənin şüurunu, düşüncəni yadlaşmağa, yabanılaşmağa qoymur. Belə olan halda “Avropada əllə yazı istifadə olunmursa, bizdə niyə olsun?” düşüncəsi ilə tariximizi yazan qələmdən imtina etmək, onu arxivin bir küncünə atmaq milli-mənəvi dəyərlərimizdən uzaqlaşmağa dəlalət etmirmi?
Düşünürəm ki, mütəxəssislərimiz, ziyalılarımız bu mövzuda öz sözlərini deyəcək, münasibətlərini bildirəcəklər.

Yeganə Məmmədova
Yazı Azərbaycan Respublikası  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Azərbaycan Mətbuat Şurasının “Milli-mənəvi dəyərlər və müasirlik” mövzusunda  keçirdiyi müsabiqəyə təqdim etmək üçün verilir.

Vətəninfo.az






İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az