İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti “Ay-Min” MMC-yə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, ev 26A-da yerləşən istehsalat sahəsində yoxlama aparıb.
Monitorinq zamanı müəssisə tərəfindən bilərəkdən yalan reklamlar yayımlanmaqla və məhsulların markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların aldadıldığı müəyyən edilib. Belə ki, müəssisə tərəfindən istehsal olunan “Flaqman” əmtəə nişanlı ət məhsullarının avtonəqliyyat vasitələrində yayımlanan reklamlarında və həmin əmtəə nişanlı “Krakovskaya”, “Prima”, “Gülüstan”, “Pəhriz”, “Həvəskar” kolbasalarının və “Südlü”, “Kürə” sosiskalarının etiketində məhsulların halal olması ilə bağlı ifadələr verildiyi halda, müəssisədə halal ət məhsullarının istehsalı üçün müvafiq şəraitin olmadığı və həmin məhsulların tərkibində donuz əti və piyi olan məhsullarla eyni istehsalat sahəsində istehsal olunduğu, eyni anbarda saxlanıldığı və eyni nəqliyyat vasitələri ilə daşındığı aşkar olunub.
Bundan başqa, “Krakovskaya”, “Prima”, “Gülüstan”, “Abşeron”, “Azəri”, “Həvəskar” kolbasalarının resepturasında məhsulun tərkibində donuz əti və piyi nəzərdə tutulduğu halda, məhsulun etiketində bu məlumatların əvəzinə resepturada nəzərdə tutulmayan mal piyinin göstərildiyi, habelə “Südlü”, “Azəri”, “Bakı” və “Kürə” sosiskalarının resepturasında məhsulun tərkibində donuz əti nəzərdə tutulduğu halda, məhsulun etiketində bu məlumatların gizlədildiyi müəyyən edilib.
Eyni zamanda, istehsal olunan kolbasa və sosiskaların istehsalında camış ətindən istifadə edildiyi halda, məhsulların mal ətindən istehsal edildiyi barədə yanlış məlumatların verildiyi aşkarlanıb.
Dövlət xidməti tərəfindən “Ay-Min” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Vətəninfo.az