«Amerikanın İrs Fondunun hazırladığı iqtisadi azadlıq səviyyəsi üzrə illik indeksi qərəzlidir»
Amerikanın İrs Fondu “Uoll Strit Jurnal” qəzeti ilə birlikdə iqtisadi azadlıq səviyyəsi üzrə ənənəvi illik indeksi açıqlayıb. İndeks biznes, ticarət, investisiya, əmək bazarı azadlığı, korrupsiyanın səviyyəsi, vergi rahatlığı və başqa meyarlara əsaslanır. Burada bir daha Azərbaycana qarşı qərəzli mövqe sərgilənərək, reallıqdan kənar fikir ortaya qoyulub. Məsələ ilə bağlı açıqlama verən YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirib ki, Anti-Azərbaycan dairələri hər fürsətdə ölkəmizə qarşı qara yaxma kompaniyası aparmağa cəhd göstərir: "Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyilə 2012-ci ili yüksək nailiyyətlərlə başa vurdu və perspektivli inkişaf üçün daha yeni vəzifələri qarşısına qoydu. Məhz dövlətimizin başçısının son 10 il ərzində yürütdüyü praqmatik daxili və xarici siyasət Azərbaycanın qlobal əhəmiyyətli dövlət kimi gücünü bütün dünyaya nümayiş etdirdi. Lakin təssüflər olsun ki, ölkəmizin bu uğurlarına sevinməyən, imicinə xələl gətirmək istəyən qüvvələr qeyri-obyektiv məsələlərlə Azərbaycana münasibətdə çaşqın ictimai fikir formalaşdırmağa çalışırlar". Aydın Hüseynov diqqətə çatdırıb ki, həmin qərəzli dairələrin bu cəhdləri uğursuzluqla nəticələnəcək: "Çünki, ortada olan reallıq ondan ibarətdir ki, aparılmış araşdırmanın ayrı-ayrı indeksləri üzrə təhlillər aparsaq, Azərbaycanın orta Avropa ölkəsindən dəfələrlə güclü olduğunu görərik. Belə ki, bu gün Azərbaycanda şəffaf biznes mühiti yaradılıb, "bir pəncərə" sistemi tətbiq edilib, sahibkarlara dövlət tərəfindən böyük dəstək verilir. Elə bunun nəticəsidir ki, ölkəmizdə sahibkarlar sinfi formalaşıb və qeyri-neft sektorunun ümumi iqtisadiyyatdakı payı dəfələrlə artıb. Həmçinin, korrupsiya ilə mübarizə sahəsində nailiyyətlər var. Prezident İlham Əliyevin şəxsən bu problemi nəzarətdə saxlaması şəffaflığın artmasına gətirib çıxarıb. Vergi sistemi üzrə isə artıq Azərbaycanı nəinki, MDB, hətta, bir çox Avropa dövlətlərinə nümunə kimi də göstərmək olar. Bir sözlə, Amerikanın İrs Fondu “Uoll Strit Jurnal” qəzeti ilə birlikdə hazırladığı iqtisadi azadlıq səviyyəsi üzrə ənənəvi illik indeksi qeyri-obyektivdir, əsassızdır. Bir halda ki bu hesabatda Ermənisan "azad" ölkə kimi göstərilib, o zaman araşdırmanı aparanların özlərinin erməni lobbisinin təsiri altında olması haqqında da şübhələrə yer qalmır".
Firudin