Şeyxülislam Allahşükür Paşazadə onu qəbul etdi- “Azad Şuşada, Ağdamda namaz qılmaq qürurvericidir”

Şeyxülislam Allahşükür Paşazadə onu qəbul etdi- “Azad Şuşada, Ağdamda namaz qılmaq qürurvericidir”

Oktyabrın 11-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Türkiyə Cümhuriyyətinin nüfuzlu ali təhsil ocaqlarından sayılan İbn Haldun Universitetinin Himayəçilər Şurasının sədri professor dr. İrfan Gündüzün başlıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
         
Qonaqları səmimi salamlayan Şeyxülislam həzrətləri İstanbulda olarkən İbn Haldun Universitetində keçirdiyi görüşü məmnunluqla xatırladığını bildirib, təhsil ocağının tələbə-müəllim heyətinə salam-dualarını çatdırmağı xahiş edib.
        
 QMİ sədri Allahşükür Paşazadə gələn ay Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP-29) çərçivəsində keçiriləcək Dini Liderlərin Qlobal Sammiti barədə ətraflı məlumat verib, tədbirdə qardaş Türkiyənin geniş nümayəndə heyəti ilə iştirak edəcəyini bildirib.
             
Şeyxülislam həzrətləri qonaqlara erməni işğalından azad edilən ərazilərimizdə aparılan böyük quruculuq işləri, Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun dəstəyi ilə tikilən və bərpa edilən dini abidələr haqqında danışıb.
         
Səmimi qarşılanmaya görə təşəkkür edən İbn Haldun Universitetinin Himayəçilər Şurasının sədri İrfan Gündüz ölkəmizə ötən səfəri zamanı Şuşada, Ağdamda olduğunu, ermənilərin törətdiyi vəhşilikləri öz gözləri ilə gördüyünü, tarixi zəfərdən sonra bərpa edilən məscidlərdə namaz qılmaqdan qürur duyduğunu bildirib, Qarabağa səfərinə yaratdığı şəraitə görə Şeyxülislam həzrətlərinə minnətdarlıq ifadə edib.  
         
Prof. Dr. İrfan Gündüz nümayəndə heyətinin Azərbaycana növbəti gəlişi, keçirilən görüşlər barədə məlumat verib, türk əsilli tanınmış futbol ulduzu, dünya çempionu Məsud Özülin Futbol Akademiyası yaratmaq fikrində olduğunu, azərbaycanlı istedadlı gənclərin də akademiyaya cəlb olunacağını vurğulayıb.
         
Görüşdə maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb, xatirə fotosu çəkilib.    
 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az