Qırğızıstandakı Azərbaycan diaspor təşkilatlarının toplantısı keçirilib
Yanvar ayının 5-də Bişkekdə Qırğızstandakı Azərbaycan diaspor təşkilatlarının - “Xəzər” ictimai birliyinin, Qırğızıstan Azərbaycanlıları Konqresi İctimai Birliyinin, Qırğızıstan Azərbaycanlıları Əlaqələndirmə Mərkəzinin, Regional Milli Etnik Diaspor Əməkdaşlığı Şurasının, Qırğızıstan-Azərbaycan gəncləri “Gənclər” ictimai birliyinin rəhbərlərinin, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü Nüsrət Məmmədovun iştirakı ilə toplantı keçirilib. Toplantıda Qırğızıstandakı Azərbaycan diaspor təşkilatlarının inkişafı, Qırğızıstanda yaşayan azərbaycanlıların ölkənin ictimai həyatında daha aktiv iştirak etməsi yolları müzakirə olunub.
Toplantı iştirakçıları çıxışlarında deyiblər:
“Soydaşlarımızın Qırğızıstanın harasında yaşamalarından asılı olmayaraq, onların yaşadıqları bölgələrdə cəmiyyətə dərindən inteqrasiya olunması, həmin bölgənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında getdikcə daha fəal rol oynamasının vacibliyi vurğulanıb. Soydaşlarımız Qırğızıstan-Azərbaycan əlaqələrinin genişlənməsinə, Azərbaycan reallıqlarının Qırğızıstan xalqlarına təqdim olunmasına, zəngin və çoxşaxəli mədəni irsimizin təbliğinə üstünlük verməlidirlər. Eyni zamanda, Bişkekdə Azərbaycan mədəniyyət mərkəzinin yaradılması Qırğızıstandakı Azərbaycan diaspor təşkilatlarının imkanlarını xeyli artıracağı deyilib. Qırğızıstandakı diaspor təşkilatlarımız bundan sonra da öz səylərini davam etdirməli, Diasporla İş üzrə Dövlət Komitəsi, Qırğızıstandakı səfirliyimizlə və yaradılacaq Azərbaycan mədəniyyət mərkəzi ilə sıx əməkdaşlıq edərək daha mütəşəkkil fəaliyyət göstərməlidir.
Buna görə də bu gün bir daha Qırğızıstandakı bütün soydaşlarımızı sıx birliyə və həmrəyliyə dəvət edir, milli-mənəvi dəyərlərimizin qorunması, təbliği, Qırğızıstan-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsi yolunda əzmkar fəaliyyətə səsləyiblər.
Bundan başqa toplantı iştirakçıları bu yaxınlarda Qırğız Türk Manas Universitetində təqdimat keçirərək “Xoca” filminin təşkilati məsələlərini müzakirə ediblər.
Daha sonra toplantı iştirakçıları Qırğızıstanda yaşayan azərbaycanlıların təşkilatlanması və birliyinin daha da möhkəmlənməsi, tarixi vətənimizlə əlaqələrin daha da güclənməsinin diaspor quruculuğunun mühüm tərkib hissəsini təşkil etdiyini nəzərə alaraq hələ keçən ilin 24 noyabrında müddəti bitmiş “Azəri” ictimai birliyinin ümumi iclasının çağırılması üçün Qırğızıstan Xalqları Assambleyasının rəhbərliyinə müraciət ünvanlayıblar. Müraciəti toplantıda iştirak edən Qırğızıstandakı Azərbaycan diaspor təşkilatlarının rəhbərləri imzalayaraq, möhürləri ilə təsdiq ediblər. Diaspor rəhbərləri “Azəri” İctimai Birliyinin geniş iclası keçirildikdən, İctimai Birliyin strukturu təsdiq olduqdan sonra vahid təşkilatın yaradılması və həmin təşkilatın ətrafında Qırğızıstandakı bütün Azərbaycan diaspor təşkilatlarının birləşməsinin zəruriliyini vurğulayıblar. Hazırda Qırğızıstanda azərbaycanlıların 6 diaspor təşkilatı fəaliyyət göstərir.
Qeyd edək ki “Azəri” ictimai birliyinin rəhbərliyinin neqativ idarəçiliyi azərbaycanlıların parçalanmasına səbəb olub.
Toplantı möhtəşəm ziyafətlə başa çatıb.
Hörmətlə, Nüsrət Məmmədov
Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti