Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümü münasibətilə Qax şəhərində “Dostluq bayramı” keçirilib.Tədbirdə Azərbaycan və Gürcüstan parlamentlərinin deputatları, hökumət nümayəndələri, qonşu Zaqatala və Balakən rayonlarının rəhbərləri və digər qonaqlar iştirak edib.”Vətəninfo”nun “AzərTAc”a istinadən verdiyi məlumata görə, Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılan abidəsinə əklil qoyduqdan sonra, Heydər Əliyev Mərkəzini gəziblər və Gürcüstanlı qonaqlar Mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.Sonra qonaqlar Qax şəhərinin yeni bərpa edilmiş tarixi məhəlləsi - “İcəribazar” qala kompleksi ilə tanış olub. Tədbir iştirakçıları kompleksin ərazisini gəzərək yerli musiqiçilərin ifasını dinləyib, burada fəaliyyət göstərən tətbiqi sənət, toxuculuq, ağacoyma, Şərq şirniyyatı və təndirxana otaqlarına baxıblar.Şəhərlə tanışlıqdan sonra “Gülnur” şadlıq sarayında təntənəli mərasim keçirilib. Tədbirdə Qax rayon İcra hakimiyyətinin başçısı Musa Şəkiliyev geniş nitq söyləyib. Azərbaycanın qonşu ölkələrlə, o cümlədən Gürcüstan ilə münasibətlərinin inkişafına xüsusi önəm verdiyini diqqətə çatdıran natiq qeyd edib ki, müstəqillik illərində dövlətlərimizin başçıları xalqlarımızın maraqlarını ifadə edərək tarixi dostluq, əməkdaşlıq ənənələrinin yaşaması və inkişafı üçün mühüm tədbirlər həyata keçiriblər. Mərasimdə Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze, Gürcüstan parlamenti sədrinin müavini Qiqi Sereteli çıxış edərək yeni gün, bolluq və bərəkət bayramı olan Novruzun Azərbaycanın dilbər guşələrindən olan Qax rayonunda azərbaycanlılarla birgə qeyd etmələrindən böyük məmnunluq duyduqlarını bildirib, səmimi qonaqpərvərliyə görə rayon rəhbərliyinə minnətdarlıq edib.Milli Məclisin üzvü, Azərbaycan-Gürcüstan parlamntlərarası dostluq qurupunun sədri Qənirə Paşayeva isə Gürcüstanın Marneuli rayonunda azərbaycanlılarla gürcülərin Novruz bayramını birlikdə yüksək səviyyədə qeyd etdiklərini diqqətə çatdırıb.Bir neçə saat davam edən bayram tədbirində Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, respublikamızın tanınmış incəsənət ustaları, yerli ifaçılar, habelə Gürcüstanın Laqodexi rayonunun folklor və rəqs kollektivləri geniş və rəngarəng konsert proqramı ilə çıxış ediblər.