
İsrail müdafiə qüvvələri bu sistemin sayəsində idarəolunmayan raketlərin və minomyot mərmilərinin 75 faizə qədərini zərərsizləşdirə bilib. Habelə sistem bu yaxınlarda Suriyadan buraxılan İran ballistik raketini də havada vurub.
Lakin sistemin iqtisadi baxımdan nə dərəcədə mənfəətli olması başqa məsələdir. Çünki "Dəmir Günbəz”in təchiz edildiyi "Tamir” raketlərinin birinin qiyməti 35 min dollardır, hərçənd Pentaqonun sorğusunda raketin qiyməti 150 min dollar göstərilib. Bu baxımdan ehtimal edilir ki, söhbət daha böyük radiusa malik olan və ballistik, qanadlı raketləri də zərərsizləşdirə bilən yeni "Tamir” raketindən gedir. Çünki Pentaqon həmin raketlərin modernizasiyası üçün bir neçə il əvvəl "Rafael” şirkətinə 1.5 milyard dollar ayırmışdı.
"Tamir” raketi hətta 150 min dollara olsa belə ABŞ-ın "Patriot” raketləri ilə müqayisədə qəpik-quruşadır. Çünki "Patriot” raketlərinin qiyməti bir neçə milyon dollardır. Lakin burası da dəqiqdir ki, "Tamir” raketlərinin qiyməti onların məhv etdiyi idarəolunmayan raketlərin və mərmilərin qiymətindən dəfələrlə bahadır.

Bununla belə "Dəmir Günbəz” cəbhəboyu ərazilərdə strateji obyektləri və hərbi kazarmaları düşmənin kütləvi artilleriya-raket zərbələrindən müdafiə etmək üçün effektiv vasitədir. Habelə bu sistem digər hava və raket hücumundan müdafiə sistemləri ilə adaptasiya şəraitində daha çox effektli ola bilər. Hesab edilir ki, 2-4 "Dəmir Günbəz” batareyasının köməyi ilə cəbhəboyu ərazilərə qoşunların müdafiəsini əhəmiyyətli ölçülərdə təmin etmək mümkündür.
Müəllif Sebastayn Roblin yazır ki, "Rafael” şirkəti 2016 və 2018-ci illərdə "Dəmir Günbəz”i Azərbaycana və Rumıniyaya satıb. Hərçənd bu ölkələrin neçə batareya "Dəmir Günbəz” aldığı məlum deyil.
Xatırladaq ki, Azərbaycanın İsraildən "Dəmir Günbəz” sistemləri almaq üçün anlaşdığı, hətta müqavilə bağladığı haqda bundan əvvəl bir neçə dəfə xarici mənbələrdə məlumatlar yayılıb.