Azərbaycan məscidlərində 09 iyul tarixində bayram namazı qılınacaqdır
Bu fikirləri Miq.Az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı ilahiyyatçı Samid Quliyev bildirmişdir.
Qurban bayramında əsasən hansı ibadətlər yerinə yetirilir?
Zilhiccə ayının ilk günlərindən etibarən islam ümməti arasında qeyd olunan bu bayram əsasən həcc əməllərinin yerinə yetirilməsi kimi ifadə olunur. Həcc ziyarəti hər bir müsəlmana müəyyən şərtlər daxilində ömründə bir dəfə vacib olan bir ibadətdir. Bu ibadət islam ümmətinin bərabərliyinə xidmət edir. Bu ərəfədə dünyanın hər bir yerindən gələn müsəlmanlar bir-birini məlumatlandırır və həmrəy olmalarını bir daha nümayiş etdirməlidirlər.
Həcc ziyarətinin daxilində ibadət ayinləriylə yanaşı bir çox hikmət və məqsədlər də vardır. Bu məqsədlərin hər biri tövhid prinsipi altında birləşir. Necə ki, Allah-Təala Quranda Həcc surəsinin 37-ci ayəsində buyurur: "Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir). Allah sizi doğru yola yönəltdiyi (sizə həccin əməllərini göstərdiyi) üçün Onu (layiqincə) uca tutasınız deyə, bunları sizə belə ram etdi. (Ey Muhəmməd!) Ehsan edənlərə (Cənnətlə) müjdə ver!”
Qurban kəsilərkən hansı heyvanlara üstünlük verməli və hansı qaydalara riayət olunmalıdır?
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının tövsiyəsində "...Bildiririk ki, Qurban bayramına dair hökmlərə və şəri qaydalara əsasən, qurban kəsmək Məkkədə həcc ziyarətini icra edən zəvvarlara vacib buyurulmuşdur. Digər yerlərdə isə imkanı olan adamların qurban kəsmələri sünnət əməl, Qurban ətini fəqir və kasıb ailələrə paylamaq - böyük savab sayılır.
Adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar. Həmin ətin bölgüsündə hər kəs azaddır, hərçənd imkansızlara yardım etmək dinimizin ruhuna daha yaxındır, çünki belə davranmağı Əziz Peyğəmbərimiz (s) bizlərə tövsiyə edib. Qurbankəsmə ayini təmizlik və yüksək sanitariya şəraitində, münasib yerlərdə icra edilməlidir. Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır. Adətən müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək bir və ya iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır. Şəriətə görə, heyvanın üzü qibləyə uzadılaraq, Qurban niyyəti ilə Allahın adı çəkilərək кəsilməsi vacibdir. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur.” göstərilir. Bu tövsiyələrə əməl etmək hər bir vətəndaşın borcudur. Bununla yanaşı Respublika ərazisində təşkil olunmuş bütün kəsim yerlərində heyvanların şəri cəhətdən kəsilməsinə bölgə qazılarımız nəzarət edəcək.
Azərbaycanda bu il Qurban bayramı nə vaxt keçiriləcək?
İlahiyyatçı Samid Quliyev
Azərbaycanda o cümlədən dünya müsəlmanları arasında geniş şəkildə qeyd olunan və iki böyük bayramdan biri də, Qurban bayramıdır. Əsrlərdir ki, müsəlmanlar bu ibadəti müqəddəs bilib icra etmişlər. Müsəlman aləminin bir parçası sayılan doğma Vətənimiz müstəqillik əldə etdikdən sonra yenidən milli-mənəvi dəyərlərimizə qayıdış bu bayramın dövlət səviyyəsində keçirilməsinə səbəb oldu. Artıq müstəqil ölkə olaraq milli-mənəvi dəyərlərmizə sevgimizi və sadiqliymizi açıq ifadə edə bilirik. Bu il Azərbaycan Respublikası ərazisində Milli Elmlər Akademiyasının və Qafqaz Müsəlmanları İdarəsinin məlumatına uyğun olaraq Nazirlər Kabineti 09-10 iyul tarixlərini Qurban bayramı ilə əlaqədar qeyri iş günü kimi hesablamışdır. Sadəcə olaraq 09-10 iyul tarixləri həftəsonuna təsadüf etdiyindən 11-12 iyul tarixləri də qeyri iş günü kimi qeyd olunacaqdır. Bu il Azərbaycan məscidlərində 09 iyul tarixində bayram namazı qılınacaqdır.
Qurban bayramı ilə əlaqədar Astrofizika Rəsədxanasına verdiyimiz sorğuya Rəsədxananın əməkdaşı Kamal Hüseynov açıqlamasında "AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası ilə Qafqaz Müsəlmanları İdarəsi arasında hicri-qəməri təqviminin təyin edilməsi məqsədilə Ayın Azərbaycan üfüqündə təzələnməsi və ümumiyyətlə təqvimin hazırlanması ilə bağlı uzun illərdir davam edən əməkdaşlıq mövcuddur.
Qurban bayramı günü yəni, hicri qəməri tarixi ilə zilhiccə ayının 10-u miladi təqvimlə iyul ayının 9-na təsadüf edir.
Qurban bayramı münasibəti ilə xalqımızı təbrik edir, ölkəmizə əmin-amanlıq arzulayırıq.
Miq.Az