“Azərbaycan mətbuatı və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib
Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında
"Azərbaycan mətbuatı və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans
keçirilib.
Vətəninfo.az-ın məlumatına
görə, Prezident Administrasiyası, Mədəniyyət və Turizm Nazirliyi,
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurasının
təşkilatçılığı ilə keçirilən konfransda çıxış edən mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev bildirib ki, dünyada milli mətbuatını
yaranmasının 140 illiyini qeyd edən az ölkələr var ki, onlardan biri də
Azərbaycandır: ”Əkinçi” qəzeti Azərbycan mətbuatının sonrakı inkişafına,
onun peşəkar dəyərlər üzərində qurulmasına da böyük töhfə verdi. O
dövrdə nəşr olunan məqalələr bu gün üçün də aktual və maraqlıdır.
Azərbaycan xalqı mətbuatın inkişafı ilə gələcəyə baxmaq, inkişaf etmək
haqqı qazanıb. Azərbaycanda yüzlərlə mətbu orqan var. Onların sırasında
dövlətə məxsus olanların sayı azdır. Bizim media tamamilə sərbəstdir.
Azərbaycan mətbuatı bu gün istənilən mövzu, istənilən hadisə haqqında
yazmaqda tam sərbəstdir. Mənim düşüncəmə görə mətbuatın ən vacib
vəzifələrindən biri Azərbaycan ənənələrini qorumaq, tarixi keçmişinə
ehtiram hissi ilə yanaşmaqdır”.
Tədbirdə
çıxış edən Prezident Administrasiyası ictimai-siyasi məsələlər
şöbəsinin müdir müavini Ərəstun Mehdiyev qeyd edib ki, dövlət siyasəti
Azərbaycan mətbuatının inkişafına, fəaliyyətini yeni dövrün tələblərinə
uyğun qurmağına yönəlib: "Bu sahədə atılan addımlar imkan verir deyək
ki, bizim peşəkar mətbuatımız bunun öhdəsindən gəlir.
Bu
gün müharibə şəraitində yaşayırıq. Gənclərimizin milli ruhda böyüməsini
mətbuatın prioritet istiqaməti kimi qəbul etməliyik. Mətbuatın
peşəkarlığı burda böyük rol oynayır. Cənab prezidentin vurğuladığı kimi
jurnalistlərin vətənpərvər olması vacib məsələlərdəndir. Mətbuatın
cəmiyyətdə tutduğu rol çox əhəmiyyətli və önəmlidir. Onun üzərinə böyük
missiya və vəzifə düşür. İnanıram ki, Azərbaycan mətbuatın üzərinə
götürdüyü böyük missiyanı indiyə qədər olduğu kimi bundan sonra da davam
etdirəcək”.
Mətbuat
Şurasının sədri Əflatun Amaşov, Kütləvi İnformasiya Vasitələrinə Dövlət
Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Bakı Dövlət
Universitetinin Jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev, "Yeni
Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Azərbaycan
mətbuatının 140 illik yubileyi, müasir mətbuatın inkişafı haqqında
fikirlərini bildiriblər.
Tədbirdə
"Milli rəqslərimiz milli dəyərimizdir” mövzusunda keçirilən yazı
müsabiqəsinin qalibləri və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
təltif edilən bir qrup jurnalist mükafatlandırılıb.