Azərbaycan Rusiyanın qulu deyil-AÇIQLAMA

Azərbaycan Rusiyanın qulu deyil-AÇIQLAMA

Rasim Musabəyov: “Rusiya istəyir ki, Azərbaycanı öz nəzarətində saxlasın”

“Rusiyanın Azərbaycandan öz istəkləri olsa da, Kreml Azərbaycanın öz istəklərini də nəzərə almaq istəmir. Belə olanda da münasibətlərdə soyuqlaşma müşahidə olunur”.
Bunu Vətəninfo.az-ın suallarını cavablandıran zaman millət vəkili, politoloq Rasim Musabəyov bildirib.
Onun sözlərinə görə, Azərbaycan Rusiya ilə münasibətləri normal saxlayıb və əlaqələrin bundan sonrakı inkişafında da maraqlıdır.
“Təəssüf ki, Rusiya tarix boyu Azərbaycanı öz nəzarəti altında saxlamağa çalışıb. Yəni, bu gün Azərbaycanı öz qulu kimi görür. Azərbaycan isə Rusiya ilə münasibətlərin nə soyuqlaşmasını istəyir, nə də onun qulu olmağı. Düzdü, Rusiya son 10 ildə güclənib. Bununla yanaşı, Azərbaycan da inkişaf edib. Amma bu o demək deyil ki, Rusiya Azərbaycana yuxarıdan aşağıya baxmalıdır. Rusiya prezidenti Vladimir Putin dünyada nüfuzu olan liderdir. Azərbaycan prezidenti İlham Əliyev 2003-cü ildə seçilən prezident deyil. İndi daha da çox təcrübəsi olan siyasətçidir”.
Rasim Musabəyov daha bir maraqlı məqama toxundu. O bildirdi ki, Rusiya Finlyandiya ilə normal siyasət aparır. Azərbaycan və Ukrayna ilə isə yuxarıdan aşağıya baxmaq siyasətini yürüdür. Bu indiki zamanda keçərli deyil: “Ona görə də Rusiya hesab edir ki, ya onun sərhədləri boyu düşmənləri olmalı, ya da onun təsiri altında olan qulu. Azərbaycan da Rusiyanın nə qulu olmaq istəyir, nə də düşməni. Bu da normal olaraq Rusiyanı birmənalı şəkildə qıcığlandırır. Mən dəfələrlə bildirmişəm ki, son on ildə Rusiyanın iqtisadiyyatı artıb. Bu dövrdə isə Rusiyaya nisbətən Azərbaycanın iqtisadiyyatı da üç dəfə artıb. Bu o demək deyil ki, Rusiya möhkəmlənib deyə hamıya yuxarıdan aşağı baxmalıdır. Düzdür, Rusiya prezidenti Putin nüfuzlu siyasətçidir, lakin Azərbaycan prezidenti daha nüfuzlu siyasətçidir. Ən əsası isə təcrübəli siyasətçidir. Təəssüflər olsun ki, Rusiya hesab edir ki, balaca Finlyandiyayla özü oturub bərabər maraqları nəzərə alaraq danışıq apara bilər, ancaq Azərbaycanla və Ukrayna ilə yuxarıdan aşağı danışmalıdır. Onların bu cür yanaşması Rusiyaya uğur gətirəsi deyil. Bu o demək deyil ki, onlar səhv edirlərsə, biz də mütləq onlara cavab verməliyik. Saakaşvilisayağı bir siyasət aparmalıyıq, bunlarla sözləşməliyik, atmacalar atmalıyıq. İndi onlar qanmırlarsa, buna biz nə etməliyik? Biz öz siyasətimizi davam etməliyik. Bizim siyasətin içində Rusiyayla normal qonşuluq münasibətləri var və düşünürəm ki, biz bu siyasi kursdan uzaqlaşmamalıyıq”.
Kollektiv Təhlükəsizlik Şurası çərçivəsində Ermənistana Rusiyanın yardımlarına da toxunan politoloq qeyd etdi ki, nə etsə də, Rusiya əvvəllər elədiyindən çox edəsi deyil: “Əvvəllər Rusiya nə edirdisə, gizli edirdi, lakin indi açıqda edir. Vəssalam! Fərq bundadır”.

Kənan
Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az