Azərbaycanda Milli Qurtuluş Günüdür

Azərbaycanda Milli Qurtuluş Günüdür
15 İyun - Azərbaycanda Milli Qurtuluş günüdür.

 

Miq.az-ın məlumatına görə, 1993-cü ilin iyununda ölkədə yaranmış mürəkkəb ictimai-siyasi durum Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaradıb.

 

Gəncədə dislokasiya olunmuş 709 saylı hərbi hissə itaətsizlik göstərərək Müdafiə Nazirliyinə tabe olmadığını bəyan edib, hökumət hərbi qiyamı yatırmaq üçün Gəncəyə hərbi birləşmələr göndərib. Lakin yürüdülən yarıtmaz siyasət nəticəsində qiyamın miqyası genişlənib və idarə olunmayacaq səviyyəyə çatıb. Qiyam qaldıran hərbi birləşmələr Bakıya doğru istiqamət götürüb, qiyamın başında duranlar hakimiyyətin dəyişməsini tələb edib.

 

Vətəndaş müharibəsi üçün ciddi zəmin yarandığı vəziyyətdə təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarı son anda kömək üçün Heydər Əliyevə müraciət edib. Naxçıvan MR Ali Məclisinin sədri olan görkəmli ictimai-siyasi xadim Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəlib. Ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtarmaq missiyasını üzərinə götürən Heydər Əliyev həyatını təhlükə altında qoyaraq Gəncəyə gedib və apardığı danışıqlar nəticəsində vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını alıb.

 

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, bununla da, Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu mərhələ başlayıb. 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş günü kimi düşüb.

 

15 iyun tarixi 1998-ci ildən dövlət səviyyəsində bayram kimi qeyd olunur və qeyri-iş günüdür.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az