Bu qədər lisenziya kimə lazımdır?
Vətəninfo.az-ın redaksiyasına maraqlı bir müraciət daxil olub. Müraciət müxtəlif sahibkarlar tərəfindən yazılıb.
Müraciətdə lisenziyaların bolluğundan və bu lisenziyalaşmanın müxtəlif nazirliklərin əlində kiçik sahibkarlığın boğulmasına xidmət etdiyi vurğulanır.
“Biz Bakı şəhərində fəaliyyət göstərən bir neçə sahibkar qarşılaşdığımız bir
problemi diqqətinizə çatdırmaq istəyirik. Ölkə başçısının rüşvətə, korrupsiyaya, süründürməçiliyə qarşı etdiyi çıxış hamımızda bir ümid alovlandırdı. Bu sahədə təbii ki, müəyyən işlər də görüldü. Lakin ölkəmizdə sahibkarların fəaliyyət göstərməsi üçün demək olar ki, bütün sahələrdə lisenziya bəhanəsilə maneçiliklər törədilməkdədir.”
Müraciətdə o da bildirilir ki, vaxtilə ümummilli liderimiz bu lisenziyaların hamısını ləğv etmişdi, lakin sonradan bunlar yenə də meydana çıxdı və problemlər yaratdı.
“Demək olar ki, bütün nazirliklərin həddən artıq lisenziya vermə səlahiyyətləri var. Bu gün 300-dən artıq lisenziya mövcuddur. Misal üçün nəqliyyat, yükdaşıma, turizm, tikintinin hər növü və s. Bu qədər lisenziya
həqiqətənmi lazımdır? Biz müəyyən sahələrdə lisenziyanın əleyhinə deyilik. Lakin bu lisenziyaların verilməsindəki süründürməçilik demək olar ki, bizi bezdirib. Beləliklə də açıq-aydın inhisarçılığa yol verilmiş olur. Nazirliklər lisenziyaları istədikləri adama və ya şirkətə verməklə, həmin sahələri öz nəzarətləri altında saxlayırlar. Ümidvarıq ki, bu məsələ işıqlandırılacaq və aidiyyəti qurumlar müvafiq nəticələr çıxaracaqlar. Yüksək səviyyədə bu məsələyə münasibət bildirilsə, bəlkə də sahibkarlığın inkişafına töhfənizi vermiş olarsınız. Unutmamaq lazımdır ki, bir ölkənin inkişafı o ölkənin iqtisadiyyatına bağlıdır. Güvənliyimiz və kiçik də olsa biznesimizin təhlükəsizliyi məqsədi ilə bu müraciəti anonim yazmaq məcburiyyətindəyik”.
Redaksiyadan: Yəqin ki, aidiyyatı qurumlar bu müraciətdən sonra lisenziyalaşdırma prosesində qohum-qardaş məsələsini ikinci plana atmış olarlar.
Vətəninfo.az