"Azərbaycanı yeni müharibəyə təhrik etmək istəyirlər” - Zərdüşt Əlizadə
"Məlim olduğu kimi, Ermənistan-Azərbaycan şərti sərhədində bir neçə aydır hökm sürən nisbi sakitlik fevralın 12-də pozuldu. Həmin gün Ermənistan tərəfinin Azərbaycan Ordusunun Zəngilan istiqamətində, rayonun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqelərini atəşə tutması nəticəsində Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu yaralandı. Azərbaycanın adekvat reaksiyası nəticəsində qarşı tərəfin hərbi postu və bir neçə hərbçisi məhv edildi. Bu, Ermənistana edilən növbəti xəbərdarlıq idi. Çünki təxribatın xroniki hal almasına qarşı ən effektiv üsul məhz budur. Ermənilərin bu təxribatı sabitliyi pozulmasını, yeni müharibənin başlanmasını istəyən qüvvələrin əməlidir”.
Bunu politoloq Zərdüşt Əlizadə Bakupost.az -a söyləyib.
O bildirib ki, Ermənistanda Nikol Paşinyanı yıxmaq üçün vəziyyəti gərginləşdirənlər var. Həmin qüvvələr Azərbaycanla Ermənistanı yeni müharibəyə təhrik etmək və erməni tərəfinin növbəti məğlubiyyəti sayəsində Paşinyanı devirmək istəyirlər:
"Xaricdəki Azərbaycan əleyhinə qüvvələr tərəflər arasında sülh müqaviləsinin imzalanmasının qarşısını almaq istəyirlər. Onlar erməni avantürizmini qoruyub saxlamaqla Cənubi Qafqazdakı maraqlarını gerçəkləşdirməyə çalışırlar. Belə niyyət güdənlərin bir qütbünü Fransa təşkil edir. Digər mövqedə qərarlaşan isə kollektiv Qərbin aparıcı siyasi aktoru ABŞ-dır. Görünür, ABŞ və Fransa bölgədəki erməni ambisiyalarını diri tutmağa cəhd göstərir. Şərti sərhəddə erməni silahlı təxribatının törədilməsində bir məqsəd də elə budur. Növbəti məqsəd isə Azərbaycanı yenidən müharibəyə təhrik etməkdir”.