İyulun 10-da Daxili İşlər Nazirliyində 2015-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.
Modern.az xəbər verir ki, iclasda çıxış edən daxili işlər naziri,
general-polkovnik Ramil Usubov ölkədəki kriminogen durumun nəzarətdə
saxlanıldığını qeyd edib
Nazir müavini, polis
general-leytenantı Vilayət Eyvazov bildirib ki, ötən dövrdə
əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə 13.533
cinayət qeydə alınıb. Onların 87 faizi daxili işlər və prokurorluq
orqanları tərəfindən ibtidai araşdırılması aparılan hüquqazidd əməllər
olub. Bu cinayətlərin 85 faizini böyük ictimai təhlükə törətməyən və az
ağır, yalnız 15 faizini ağır və xüsusilə ağır növlər təşkil edib.
Cinayətkarlığın
dinamikasında son illər mövcud olan müsbət təmayül də qorunub
saxlanılıb. Belə ki, həyata keçirilən məqsədyönlü profilaktik
tədbirlərlə şəxsiyyət əleyhinə olan cinayətlərin strukturunda qəsdən
adam öldürməyə cəhdlər 12,8 faiz, qəsdən sağlamlığa ağır zərər vurmalar
13,7 faiz, xuliqanlıqlar 3,2 faiz azalıb.
Ümumi
cinayətlərin açılması 4,2 faiz yaxşılaşaraq 84,3 faiz təşkil edib. O
cümlədən ağır və xüsusilə ağır cinayətlərin açılması 1,9 faiz, qəsdən
adam öldürmələrin açılması 11,2 faiz, hədə-qorxu ilə tələb etmələrin
açılması 14 faiz yaxşılaşıb. Banditizm, adam oğurluğu və insan alveri
cinayətlərinin açılması tam təmin olunub.
Əməliyyat planlarının
vaxtında tətbiqi nəticəsində "isti izlərlə” 467, prokurorluq orqanları
ilə birgə keçmiş illərdən bağlı qalmış 217, o cümlədən 53 ağır və
xüsusilə ağır cinayət açılıb.
Nazir müavini bildirib
ki, xidməti funksiyaların həyata keçirilməsində müasir iş metodlarının, o
cümlədən informasiya texnologiyalarının tətbiqi də müsbət nəticələr
verib. "102” Zəng mərkəzinə daxil olan məlumatlar üzrə həyata keçirilmiş
çevik cavab tədbirləri ilə 4302 hüquqazidd əməlin qarşısı alınıb, 1375
cinayət işi başlanıb. "Təhlükəsiz şəhər” xidmətinin texniki imkanları
ilə 43 cinayət açılıb, 5764 yol-nəqliyyat qəzası və piyadaların
vurulması ilə nəticələnən 77 hadisə aşkarlanıb, axtarışda olan 56
avtomobil saxlanılıb.
Törədilmiş əmələ görə cəzanın
labüdlüyünün təmini işi də nəzarətdə saxlanılıb. Təqsirləndirilən
şəxslərin axtarışının nəticələri 0,4 faiz yaxşılaşıb, istintaqdan və
məhkəmələrdən yayınan 1184 nəfər, müqayisə edilən dövrə nisbətdə isə 5,2
faiz çox şəxs tutulub. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən
beynəlxalq axtarışa verilmiş 50 və bu təşkilata üzv ölkələr tərəfindən
axtarılan 25 nəfərin yeri müəyyən olunub.
Xidməti
fəaliyyətdə böyük önəm verilən məsələlərdən olan mütəşəkkil
cinayətkarlığın qarşısının alınması sahəsində həyata keçirilmiş
əməliyyat-axtarış tədbirləri ilə 455 ağır və xüsusilə ağır cinayət
törətmiş 142 cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Qanunsuz
olaraq odlu silah saxlayan və daşıyan 68 nəfər cinayət məsuliyyətinə
cəlb edilib.
Dövlətin iqtisadi təhlükəsizliyinin
qorunmasına yönəlmiş əməliyyat tədbirləri ilə 25 saxta pul hazırlama və
satma cinayəti aşkarlanıb. Nəticədə qeyri-leqal dövriyyədən ümumi
məbləği 16 min 519 manat, 55 min 100 ABŞ dolları və 225 min rubl olan
901 ədəd saxta əskinas, habelə istifadə müddəti ötmüş 2,6 tona yaxın
tikinti materialı çıxarılıb.
Narkotiklərin qanunsuz
dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində narkotiklərlə
əlaqədar 1807 cinayət, o cümlədən satışı ilə bağlı 478 fakt müəyyən
edilib, 77 nəfərdən ibarət 22 cinayətkar qrup zərərsizləşdirilib.
Qanunsuz dövriyyədən ötən ilin 6 ayı ilə müqayisədə 16 faiz çox və ya
432 kiloqram narkotik vasitə çıxarılıb, həmçinin, xüsusi əməliyyat planı
üzrə keçirilmiş tədbirlərlə ümumi çəkisi 90,2 ton olan çətənə və
xaş-xaş kolu aşkarlanaraq məhv edilib.
İnsan alverinə
qarşı Milli Fəaliyyət Planı əsasında davam etdirilən tədbirlərlə
müqayisə edilən dövrə nisbətdə 60 faiz çox, yəni 80 cinayət müəyyən
olunub. Həmin faktlar əsasında başlanılmış cinayət işləri üzrə 11 nəfər
məhkəmə məsuliyyətinə verilib və bu əməllərin qurbanı olmuş 25 şəxsin
cəmiyyətə reinteqrasiyası təmin edilib.
Hesabat
dövründə müstəntiqlərin icraatında 13.714 cinayət işi olub, prosessual
fəaliyyətin əsas göstəricilərindən olan dövlətə, hüquqi və fiziki
şəxslərə dəymiş maddi ziyanın ödətdirilməsi işinin nəticələri 7,3 faiz
yaxşılaşaraq 77,7 faiz təşkil edib.
Respublikada dövlət
qeydiyyatına alınmış nəqliyyat vasitələrinin sayının 20 mindən çox
artması fonunda yol-nəqliyyat hadisələrinin sayı 14,1 faiz, qəzalarda
həlak olanların sayı 20,5 faiz, xəsarət alanların sayı isə 9,5 faiz
azalıb. Hadisələrin, qəzalar nəticəsində ölənlərin və xəsarət alanların
sayının azalmasını şərtləndirən amillər sırasında onların baş verməsinə
səbəb olan xarakterik halların aradan qaldırılması, xüsusən inzibati
xətaların aşkarlanmasının yaxşılaşması olub. Belə ki, 2014-cü ilin 6 ayı
ilə müqayisədə hesabat dövründə 12,5 faiz çox və ya 1.122.498 müvafiq
qayda pozuntusu müəyyən edilib, o cümlədən şüşələrinə pərdə və plyonka
çəkilmiş 3636 avtomobil sürücüsü, avtoxuliqanlığa görə 214 nəfər
barəsində qanunauyğun tədbirlər görülüb.
Ümumən,
daxili işlər orqanları tərəfindən müxtəlif inzibati xətalara görə
1.168.906 protokol tərtib olunub, nəticədə 1.106.973 nəfər cərimələnib,
2.192 nəfər məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 19.931
şəxsə isə xəbərdarlıq edilib.
İclasa yekun vuran nazir Ramil Usubov hesabat dövründə əməliyyat-xidməti fəaliyyətin bütövlükdə qənaətbəxş olduğunu bildirib.
Nazir Kollegiya iştirakçılarının diqqətini həlli vacib olan bir neçə məsələyə yönəldib.
Ailə münaqişəsi zəminində və əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilən cinayətlərin qarşısının alınması üçün profilaktika işlərinin həyata keçirilməsinin, mühafizə-siqnalizasiya vasitələrinin tətbiqi ilə bağlı əhali arasında təbliğat işinin lazımi səviyyədə təşkilinin, vətəndaşların müraciətlərinə və qəbuluna ciddi yanaşılmasının, noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilər zamanı asayişin və təhlükəsizliyin etibarlı qorunması məqsədilə zəruri qabaqlayıcı tədbirlərin görülməsinin, səsvermə hüququna malik bütün vətəndaşların şəxsiyyəti təsdiq edən sənədlərlə təmin olunmasının, bu işin gündəlik nəzarətdə saxlanılmasının, şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində davamlı tədbirlərin görülməsinin vacibliyi qeyd olunub.
Nazir bildirib ki, artıq uzun illərdir Azərbaycan sabitliyin və əmin-amanlığın qorunması sahəsində dünyanın öncül dövlətlərindəndir. Əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı son 12 ildə orta hesabla 233 fakt təşkil edir. Bu göstərici, eləcə də cinayətlərin konkret növlərinin, o cümlədən sağlamlığa ağır zərər vurmaların, oğurluqların, soyğunçuluqların və s. sayı Avropa və MDB ölkələri ilə müqayisədə dəfələrlə azdır.