“Vətəninfo.az”ın mediaforum saytına istinadən verdiyi xəbərə görə, Vaşinqtonda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ hökumətlərarası komissiyanın iclası başlayıb. Azərbaycanı maliyyə naziri Samir Şərifov, ABŞ-ı isə dövlət katibinin iqtisadi inkişaf, energetika və ətraf mühit məsələləri üzrə müavini Robert Hormats təmsil edir.
Aprelin 18-də iclasda danışan Robert Hormat deyib: “ABŞ Azərbaycanda ölkə vətəndaşlarının maraqlarına xidmət edən modern iqtisadiyyatın inkişaf etdirilməsini alqışlayır. İki ölkə təkcə enerji sahəsində deyil, qeyri-neft sektorunun ortaq maraqlara cavab verən istiqamətləri üzrə də əməkdaşlığı genişləndirməlidir. Eyni zamanda Azərbaycanın əlverişli coğrafi mövqeyi beynəlxalq nəqliyyat dəhlizi kimi əhəmiyyətini daha da artırır”.
Robert Hormats Birləşmiş Ştatlardan olan iş adamlarının Azərbaycanda bir çox sahələr üzrə investisiya qoymaqda maraqlı olduqlarını vurğulayaraq bunu üçün ilk növbədə milli strategiyanın yaradılmasının vacibliyini önə çəkib.
Samir Şərifov çıxışında deyib ki, ABŞ-da 1992-ci ilin oktyabr ayında qəbul edilmiş "Azadlığın dəstəklənməsi aktı" qanununa “907-ci düzəliş”in hələ də qüvvədə olması təəssüf doğurur: “907-ci düzəlişin ləğv edilməsinin vaxtı çatıb. Azərbaycan ABŞ-ın strateji tərəfdaşıdır və “907-ci düzəliş”in hələ də qüvvədə qalması iki dövlət arasındakı münasibətlərə adekvat deyil. ABŞ strateji təhlükəsizlik və enerji tərəfdaşı olan Azərbaycan dair diskriminasiya xarakterli və köhnəlmiş Cekson-Venik tələblərini də aradan qaldırmalıdır. Bu düzəlişin bir sıra ölkələrə şamil olunub, digərlərinə şamil olunmaması müəyyən suallar doğurur. Dövlət Departamenti Konqres qarşısında məsələ qaldırmalı və nəhayət, bu düzəlişin ləğv edilməsinə nail olunmalıdır”.