“Atletiko Madrid” klubunun formasında Azərbaycanın reklamının məbləği rəsmən açıqlandı
Artıq bir neçə aydır ki, İspaniyanın məhşur futbol klubu «Atletiko-Madrid» komandasının oyunçularının formasında Azərbaycanın reklamına rast gəlinir. Həmin klubun oyunçuları artıq bir neçə oyunda üzərində «Azərbaycan» sözü yazılmış və bayrağımızın əksi olan formalarla iştirak ediblər. Əlbəttə, belə bir təbliğatın aparılması Azərbaycan üçün normal haldır və qürurvericidir. Amma maraqlıdır ki, bu işi kim təşkil edib? Nəhayət, apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, həmin reklam üçün yüksək məbləğdə pul ödəyən şəxs Azərbaycanın tanınmış iş adamı, «Bakı» futbol klubunun və «Bağlan Holdinq» şirkətinin prezidenti, «Hafka» ləqəbi ilə tanınan Hafiz Məmədovdur. Hafiz Məmmədov bu müqaviləni ispanlarla ötən il imzalayıb. Əlbəttə ki, milyonlarla vəsait hesabına başa gələn bu reklam həm də «Hafka»nın rəhbərlik etdiyi «Bakı» futbol klubunun inkişafını yönəlib.
Vətəninfo.az-ın əldə etdiyi məlumata görə, «Hafka» və onun yaxın qohumları artıq bir neçə dəfə «Atletiko»nun təlim-məşq toplanışlarında, oyunlarında da iştirak edib. Dünya şöhrətli futbolçuları Azərbaycana gətirmək istəyən Hafiz Məmədovun «Atletiko»ya ödədiyi məbləğ isə heç də az deyil. Belə ki, İspaniyanın “Atletiko” klubu formasında gəzdirdiyi “Azebaijan Land of fire” yazısının dəyərini açıqlayıb. Klubun marketinq departamentinin rəhbəri Mariya Tereza Sirivi RMA Biznes Məktəbində “Oyun idman növlərində menecment” fakültəsinin dinləyiciləri üçün keçirdiyi master-klassda verdiyi açıqlamada bildirib ki, müqavilə 2013-2014-cü il mövsümünün sonunadək nəzərdə tutulub(lent.az). Bu müddətdə “Atletiko” 12 milyon avro qazanacaq. “Atletiko” uzun müddət formalarında “KİA”nın reklamını yerləşdirib. Lakin ötən yay müqavilə bitib. Yeni təkliflər olsa da, klubu maliyyə baxımından qane etməyib. Bu səbəbdən, Madrid təmsilçisi bir müddət titul sponsoru olmadan keçinib: “Hətta bir çox mühafizəkar azarkeşimizin bundan xoşu gəldi. Onlar belə imtinanı köhnə vaxtlara qayıdış kimi dəyərləndirdilər. Biz isə gözləyirdik, bilirdik ki, yaxşı təklif gec-tez gələcək. Belə də oldu. İlin əvvəllərində Azərbaycanın turizm idarəsi ilə titul müqaviləsi bağlanıldı”.
Qeyd edək ki, “Atletiko” ilə rəsmi müqaviləni yanvarın sonlarında “Bakı” klubu bağlayıb. İspaniya mətbuatı “Azerbaijan Land of fire” üçün İspaniya klubuna 20 milyon avro ödəniləcəyini yazmışdı.
Vətəninfo.az