Babəkin anasına məşuqə demək millətə xəyanətdir!

Babəkin anasına məşuqə demək millətə xəyanətdir!

“Babəkin anasını “məşuqə”, “fahişə” adlandırmaq millətimizə, yumşaq desək, xəyanətdən başqa bir şey deyil”

     Hörmətli Elnur bəy, bu günlərdə  “Vətəninfo.az” saytında “araşdırmaçı”, “tarixçı” kimi təqdim olunan Elnur Nəsirovla  müsahibənizi   oxudum. Oxudum  və təəssüf etdim. Mən Sizin Türkçü, özü də səmimi bir Türkçü olduğunuzu bilirəm. Siz bir juralist kimi bu müsahibəyə öz mövqeyinizi bildirməmisiz. Ancaq mən öz düşüncələrimi Sizinlə bölüşmək istəyirəm. Bir daha qeyd edirəm ki, müsahibəni oxudum. Azərbaycan tarixinə, tarixi şəxsiyyətlərimizə qarşı yönəlmiş bu qədər kin və küdrətlə dolu bir fikirlərə heç yerdə rast gəlməmişdim. Müsahib əvvəldə qeyd edir :”Azərbaycan tarixində mühüm rol oynamış heç bir şəxsin təhqir və təhrif olunmasının tərəfdarı deyiləm. Həmin şəxs mənim siyasi və mənəvi dünya görüşümdə müsbət yer tutmasa belə”. Daha sonra uzun–uzadı tarxin düzgün araşdırılmasının, faktlara qərəssiz yanaşmağın vacibliyindən danışır. Bunu etməyənlərin “həvəskar tarixçi”, edənləri isə “peşəkar” adlandırır. İlk baxışda haqlıdır.  Ancaq özünün   tariximizə baxışları qərəzdən başqa bir şey deyil. Müsahibəni diqqətlə oxusanız,    bunun şahidi olarsız. İlk olaraq ondan başlayaq ki, tariximizin yazılmış olduğu dillərin arasında erməni dilini də hallandırır. Daha sonra Babəkin azərbaycanlı olmadığını (bəli, Babək milliyətcə Azərbaycanlı yox, Azərbaycan Türküdür) iddia edir. Fikrini belə əsaslandırır ki, Babəkin Abdullah Mədainli olub və Mədain indiki İraq ərazidir. Məgər İraq ərazisində yaşayanların hamısı ərəbmi olub? Daha sonra müsahib deyir : “...Belə səyahətlərin birində Talış dağlarının qoynundakı Bilalabad kəndində bir gözü kor olan Barumənd adlı bir qadınla tanış olubmuş. Bu qadın mədainli Abdullanın məşuqəsi idi.” Birincisi Talış dağlarının qoynunda yaşayanlar nə o vaxt, nə də indi təkcə talışlardan ibarət olmayıb. Bu gün də orda Türklərlə bərabər Talışlar da yaşayır. İkincisi, Babəkin anasını “məşuqə”, bir az da açıqlasaq, “fahişə” adlandırmaq millətimizə, yumşaq desək,  xəyanətdən başqa bir şey deyil. Bu qədər rəzil yanaşma görməmişdim bu günə kimi. Daha sonra Babəkin ərəblərə, müsəlmanlara qarşı vuruşduğunu, Azərbaycanın şəhər, qəsəbələrinə hücum etdiyini, insanlarımızı qırdığını iddia edir “araşdırmaçı”. Bütün bunlar azmış kimi, Babəki kimlərəsə işləməkdə, ondan kimlərinsə istifadə etdiyini qeyd edir. Arada tarixi şəxsiyyətlərimizin kiminsə adını müsbətə hallandırmaqla, atdığı iftiralara bir don geydirmək istəyir bu adam. Bu cür fikirlərin Sizin saytınızda yer almasına təəssüfümü bildirirəm.

   Dostum Elnur Eltürk, Sizin Ş.İ.Xətai ilə bağlı verdiyiniz sual Nəsirovun lap ürəyindən olur. Bir müsahibədə imkan tapıb bir neçə tarixi şəxsiyyətlərimizi, bizlərin qürur yerini təhqir etməyə imkanı olacaqdı deyə.   Adəti üzrə tarixmizlə bağlı bir neçə xoşagələn sözlər işlədir ki, sonrakı dediklərini bizlərə sirıya bilsin. “Bu gün Azərbaycan milli dövlətçiliyinin Səfəvilərlə, daha  da konkretləşdirsək Şah İsmayılla başladığı fikrinin tez-tez səsləndiyinin şahidi oluruq. Məzhəb təəssüb və qayğılarıyla uydurulmuş bu yalanın Azərbaycan milli təfəkkürünə necə böyük ziyan vurduğunu görə bilməmək üçün kor olmaq lazımdır” – deyə qeyd edir Nəsirov. Sizin bu  müsahibədə işlətdiyiniz fikirlərin nə qədər düşmənçilik məqsədi daşıdığını da görməmək üçün kor olmaq lazımdır, ağayi  Elnur Nəsirov.  Kimsə Azərbaycan dövlətçilik tarixinin Səfavilərlə başlaması iddiasında deyil. Bu iddiada olanlar da, tariximizə  sizin kimi qərəzli münasibət göstərənlərdir.  Sanki bir piramida yaradıblar: bir qrup  Azərbaycanın dövlətçilik tarixinin çox olmamasını iddia edir, bir müdət sonra digər qrup onları guya ki, onları təkzib edərək, bu müsahibədaki kimi, tarixi şəxsiyyətlərimizi aşağılayır, iftiralar atır, digər qrup bunların dediyini yumşaq formada inkar edir və bizim Türk olmadığımızı iddia edir və.s. Bu cür yolla tariximizlə oynamağa çalışırlar bu adamlar.  

   Elnur Nəsirov iddia edir ki, Səfəvi ailəsi türk  mənşəli deyil və bununla da Xətainin də Türk olmadığını dolayısı ilə qeyd etmiş olur. Halbuki müsahibənin əvvəlində bizim şanlı dövlət və şəxsiyyətlərimizin içində Ağqoyunlu hökmüdarı Uzun Həsənin də adını çəkib. Uzun Həsən kimdir bəs, Xətainin babası deyilmi?! “Məsələyə özlərinin məzhəb qayğıları və təəssübləriylə yanaşıb şah İsmayılı həddən artıq şişirdənlər çox təəssüf ki, bir çox hallarda türkçülüyün arxasına sığınırlar. Əvvəla Səfəvi ailəsinin türk mənşəli olub olmadığı haqda tarixçilər arasında yekdil fikir yoxdur”, “Bu gün Azərbaycan əhalisi məzhəb baxımından vahid deyil, bu gün Türk və İslam dünyasının 92%-i ilə aramızdakı mənəvi bağlar zəifdir. Bütün bunlar şah İsmayılın və Səfəvilərin sayəsindədir.”  Bunlar  cənab Nəsirovun müsahibəsindən seçmələrdir. Bu cür sitatlarını çox gətirmək olardı. Ancaq ehtiyac görmədim. 

    Mən tarixçi deyiləm. Tarixçilərimizdən xahiş edirəm ki, bu məsələyə münasibət bildirsinlər və bu cür adamların cavabını vaxtında versinlər. Bəlkə də buna cavab verməmək daha düzgün olardı. Ancaq  məncə bu cür yazılar mətbuatımıza ayaq açmamalıdır.  Bu millətimizin hissləri ilə oynamaqdan başqa bir şey deyil. Başqa millətlər onun-bunun tarixi əsasında özünə tarix, ədabiyyatı əsasında ədabiyyat yaradırlar.  Biz öz olanımızımı inkar etməliyik, öz tarixi şəxsiyyətlərimizimi danmalıyıq. Axı hər millətin qürur verəcək bir şəxsiyyət(lər)i olmaıdır ki,yetişən nəsil də onlarla fəxr etsin və yeni-yeni qəhrəmanlar yaransın. Babək də, Xətaidə bizlərin qəhrəmanı, qürur yerimizdir. Onları bu cür aşağılamaq, təhqir etmək görəsən kimlərə xidət edir? Fərman Kərimzdənin “Xudafərin Körpüsü”, “Çaldıran döyüşü” əsərlərini oxuyaraq böyümüşük biz. Təbii ki, F.Kərimzdə tarixçi deyildi. Ancaq  tarixi şəxsiyyətlərimizi bizlərə sevdirməyə bacaran istedadlı, böyük bir yazıçı idi.  Biz nə zamana kimi millətimiz haqqında bu cür iftiralara və iftira atanlara cavab verməyəcəyik? Hanı bizim əsl tarixçilərimiz? Mən bir daha burdan tarixçilərimizə səslənirəm ki, bu kimi adamların cavablarını verin. Bu cür fikirlərin müəllifləri öz deikləri ilə gənclərimizi çaşdırmağa çalışırlar. Bunların cavablarını lazımi faktlarla  verin ki,  digərləri belə iftiralara cəhd etməsinlər.

   Elnur bəy, Sizdən xahiş edirəm ki, tarixçilərə müraciət edin ki, bu adamın dediklərinə qiymət versinlər.

Hörmətlə: Vüqar Abbasov

Niderland



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az