“Biz ATƏT-lə, Avropa Şurası ilə, eləcə də bir çox digər beynəlxalq təşkilatlarla birgə işləməkdə, qarşılıqlı əlaqələri təkmilləşdirməkdə və bu təşkilatların, həmçinin, Avropa standartlarını Azərbaycana gətirməkdə özümüz maraqlıyıq”. "Vətəninfo.az"ın məlumatına görə,bunu mətbuata açıqlamasında Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova ATƏT və onun müvafiq qurumlarının seçki qanunvericiliyi, o cümlədən qarşıdan gələn prezident seçkiləri ilə bağlı tövsiyələrinin Azərbaycan tərəfindən nəzərə alınıb-alınmayacağı məsələsinə münasibətini bildirərkən dilə gətirib.
Amma vitse-spikerin dediyinə görə, biri var öhdəliklər, biri də var tövsiyələr
B. Muradova qeyd edib ki, Azərbaycan tərəfi də hər zaman istənilən tövsiyəni dinləyir və yenə dinləməyə hazırdır: “ Biz istənilən tövsiyəni dinləyirik, obyektiv olanını qəbul edirik, obyektiv olmayanını, Azərbaycan üçün yaramayanını isə izah edirik ki, nəyə görə qəbul etmirik. O ki qaldı seçkilərlə əlaqədar tövsiyələrə, Azərbaycanın bu məsələdə bu və ya digər beynəlxalq təşkilatla heç bir problemi yoxdur və olmayıb. Seçki qanunvericiliyi bizdə müntəzəm olaraq təkmilləşdirilir, bu təkmilləşdirmələr zamanı da Azərbaycanın siyasi reallıqları nəzərə alınır. Eləcə də, ATƏT-lə, onun müvafiq qurumları, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə seçki məsələlərinin müzakirəsi yönümündə əlaqələrimiz yüksək səviyyədədir və hesab edirəm ki, qarşıdan gələn növbəti prezident seçkilərində istər beynəlxalq müşahidənin təşkil olunmasında, istərsə seçki qanunvericiliyinin müvafiq tələblərinə baxmaqda da, əgər zaman, şərait tələb edərsə, heç bir problem yoxdur. Bunlar yalnız tövsiyələrdir. Tövsiyələrsə öhdəliklər və tələb demək deyil”.
Kənan