At əti tünd qırmızı rəngdə olur. Bu ətlə müqayisədə dana əti nisbətən açıq qırmızıdır. At əti bir xeyli açıq havada qaldıqdan sonra təxminən qan rəngi alır. Bundan əlavə, at ətinin lifləri çox sərtdir. Gec bişir. Çeynəyəndə sərtliyi anlaşılır. At ətinin piyi mal ətinə nisbətdə sarı olur. Maraqlıdır ki, at ətinin dadında mal əti ilə müqayisədə ciddi bir fərq yoxdur...
Yazımıza bu cür giriş verməyimiz heç də səbəbsiz deyil. Bəlli olduğu kimi, bu yaxınlarda Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisində təşkil olunan yarmarkada vətəndaşlara mal əti adı altında at əti satılırmış. İndi ölkəmizdə əsas gündəmə daxil olan məsələlərdən biri də məhz budur, hər kəs düşünür ki, görəsən, başqa ərazilərdə də at əti satılırmı? Bu suala cavab olaraq ilk ağla gələn yer paytaxtın Nizami rayonunda yerləşən “8-ci kilometr bazarı”dır. Nəinki Bakıda, hətta ölkəmizdə hazırkı dövrdə 6 manatdan ucuz mal əti tapmaq mümkün olmadığı halda, həmin bazarda 3-4 manata “mal əti” satılır. Özü də bu vəziyyət həmin bazarda illərdir hər kəsin gözü önündə yaşanır...
At, eşşək, yoxsa ölü mal əti?
Ən ürəkağrıdıcı məqam da odur ki, əhalinin imkansız təbəqəsi həmin yerə üz tutub, mal əti olduğu şübhə doğuran ətlərdən alır. Bazarda hələ bir müddət əvvəl həmsöhbət olduğumuz satıcı da əsas alıcılarının məhz imkansız təbəqədən olan insanlar olduğunu etiraf etmişdi. Onun sözlərinə görə, hər gün bu bazarda tonlarla ət satılır. Bu məqamda ortaya bir sual çıxır: əgər normal ətdirsə, niyə bu qədər ucuz satılır, əgər ucuz satılırsa, onda keyfiyyəti necədir? Hələ o vaxt satıcı and-aman eləmişdi ki, burada at və ya eşşək əti satılmasından söhbət gedə bilməz. Guya ona görə ucuzdur ki, yaşlı heyvanların ətidir. Lakin Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov dəfələrlə mətbuata açıqlamasında iddia edib ki, indiki şəraitdə həmin bazarda ətin 1 kiloqramı 2-3 manata satılırsa, demək, ortada şübhəli məqamlar var. Əhali arasında gəzən söz-söhbətlərdə isə həmin ətin at və ya eşşək, bəzən isə hətta ölü mal əti olduğu vurğulanır.
At ətinin “bəh-bəh”i...
Bəs yerli qanunvericiliyə əsasən, at əti satıldığına görə kimlərsə məsuliyyətə cəlb olunmalıdırmı? Araşdırmalarımız zamanı məlum oldu ki, qanunvericilikdə keyfiyyətsiz məhsula görə cinayət məsuliyyəti nəzərdə tutulub. Belə ki, qadağan edilən və ya ölmüş heyvanın əti kəsilib satılarsa, bu, cinayətdir. Çünki insanların səhhəti üçün zərərlidir.
Bir çox ölkədə, o cümlədən bir çox Orta Asiya respublikalarında at əti gündəlik qidalanmada istifadə olunur. Qazaxıstanda hazırda at ətinin bir kilosu 1500-1800 təngə, yəni 12-15 dollar arasında dəyişir. Amerikanın bəzi əyalətlərində isə at ətinin satışı yasaqdır. Lakin bundan fərqli olaraq, Fransa, İtaliya, Belçika və Almaniya başda olmaqla, bir çox Avropa ölkələrində at əti çox populyardır. Həmin ölkələrdə hətta bu işlə məşğul olan xüsusi qəssablar da var. Bu ölkədə yük üçün saxlanılan atlarla yanaşı, ətlik atlar da bəslənilir.
“London 2012” Olimpiadasında at əti...
Son günlər isə dünya mətbuatında maraqlı məlumat yayılıb. Belə ki, Qazaxıstan rəsmilərinin “London 2012” Olimpiya Oyunlarında iştirak edəcək güləşçiləri və ağırlıqqaldıranları gücləndirmək üçün İngiltərə paytaxtına at ətindən düzəldilmiş kolbasa apardıqları açıqlanıb. Bu barədə Qazaxıstanın “Tengri news” xəbər saytı bu ölkənin İdman və Bədən Tərbiyəsi Təhsili Agentliyinin sədr müavini Yelsya Kanaqatova istinadən xəbər yayıb. “Kazi” adlanan və atın bağırsaqlarından hazırlanmış kolbasa Qazaxıstanda çox sevilən milli yemək hesab edilir.
“Ölkəmizdə at ətinin satışı qanunla qadağan deyil”
Maraqlıdır ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli ölkəmizdə at əti satışının qanunla qadağan edilmədiyini deyir. Onun sözlərinə görə, at ətinin bazarlara satışa çıxarılması qadağan deyil. Amma bu ətin mal əti və ya başqa ət adı altında satılması artıq cinayət tərkibi daşıyır: “Ölkəmizə at əti idxalı yoxdur. Yerli təsərrüfatlarda da at əti istehsal edilmir. Amma at ətinin yeyilməsinin orqanizm üçün heç bir ziyanı yoxdur. Məsələn, bir sıra Asiya ölkələrində, eləcə də Qazaxıstanda at ətindən qida rasionunda istifadə olunur. Bu ətin orqanizm üçün heç bir təhlükəsi yoxdur. Əgər at sağlamdırsa və müayinəsi aparılıbsa, həmin atın ətindən istifadə edilə bilər. Hələki bizdə bu ətin qida rasionumuzda istifadəsi müşahidə olunmayıb”.
Həkimlər isə bildirirlər ki, əgər bir insan ət yeyəndən sonra onda 2 gündən artıq ishal müşahidə olunursa, temperatur yüksəlirsə, mütləq həkimə müraciət edilməlidir. Bu, qusma ilə müşahidə olunursa (xüsusən yaşlılar və uşaqlarda) onda bu vəziyyət daha da təhlükəli ola bilər.
Satılan ətdən şübhələnirsinizsə, 963-ə zəng vurun...
Mövzu ilə bağlı suallarımızı cavablandıran Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən kənd təsərrüfatı yarmarkasında at ətinin satışı ilə bağlı araşdırmaların davam etdiyini söylədi. F. Talıblı at ətinin satışı ilə məşğul olan Novruzov Zaur Məmməd oğlunun dindirilməsi zamanı maraqlı faktlar ortaya çıxıb. Qeyd edək ki, faktla bağlı Sumqayıt Şəhəri, Polis İdarəsinin İstintaq şöbəsi araşdırmaları davam etdirir. Komitə rəsmisi indidən ortaya çıxan faktları açıqlamağı məqbul hesab etmədi: “Çünki aşkarlanan yeni məlumatlarla əlaqədar araşdırmalar aparılacaq. Odur ki, mətbuata bu barədə öncədən məlumat verilməsi işə mane ola bilər. Ancaq nəticələrlə bağlı qəzetinizə mütləq məlumat veriləcək”. Fazil Talıblı satışa çıxarılan, yaxud aldığı ətdən şübhələnən vətəndaşları təmsil etdiyi komitənin 963 nömrəli “qaynar xətt”inə” müraciət etməyə səslədi.
Zaman.az