Hərbi xidmətdən yayınmaq üçün Moskvaya sığınan və orada parlayan kimdir?
Məlum olduğu kimi, bir neçə gün bundan öncə “Forbes”in Rusiya nəşri 200 ən varlı şəxsin siyahısını dərc etməsi haqda məlumat vermişdik. Həmin siyahı ilə bağlı əlavə maraqlı məqamların üzə çıxması isə yenidən bu mövzuya qayıtmağımıza səbəb oldu. Bu haqda bir qədər sonra, hələliksə…
Dünyada ilk dəfə varlı şəxslərin siyahısı 1987-ci ildə hazırlanıb. Rusiyalı sahibkarlar bu siyahıya ilk dəfə 1997-ci ildə daxil ediliblər. O zaman siyahıda adı ilk çəkilən rusiyalı oliqarx, indi müəmmalı şəkildə dünyasını dəyişən Boris Berezovski olub. Onun var-dövlət o zaman 3 milyard dollar dəyərində qiymətləndirilirdi. Azərbaycanlı Vahid Ələkbərov da məhz həmin vaxt 1,4 milyard dollarla siyahıya düşməyi bacarmışdı.
Bu il dərc olunan yubiley siyahısında isə buraya azərbaycanlılardan 4 nəfərin adı daxil edilib. 14,8 milyard dollarla 5-ci yerdə Vahid Ələkbərov, 1,8 milyard dollarla Araz Ağalarov 56-cı yerdə, Fərhad Əhmədov 1,4 milyardla 70-ci yerdə, Telman İsmayılov isə 0,75 milyard dollarlıq sərvətlə 137-ci yerdə qərarlaşıb.
Ancaq bu “Forbes”də olan azərbaycanlıların heç də tam siyahısı deyil. Belə ki, siyahıda millyyətcə yəhudi olsa da, Azərbaycanda, Qubanın “Qırmızı qəsəbə”sində doğularaq boya-başa çatan Zarax İliev və Qod Nisanovun da adı var. Onların hərəsi 3 milyard dollarlıq sərvətləri ilə siyahıda 35-37 - ci yerləri bölüşürlər.
Bu da son deyil. “Forbes”in siyahısında Azərbaycanla bağlılığı olan daha bir nəfər də var ki, bu şəxs də iordaniyalı Ziyad Mənasirdir. Ailədəki 12 uşaqdan biri olan Ziyad Mənasir 1984-cü ildə tələbə mübadiləsi proqramı çərçivəsində təhsil almaq üçün keçmiş SSRİ-yə gəlib. Ona Moskva və Bakıda neft sahəsində təhsil almaq təklif ediləndə Ziyad tərəddüd etmədən o zaman təhsil səviyyəsi ilə bütün dünyada tanınan Bakı Neft və Kimya İnstitutunu seçib.
Özünün dediyinə görə, yarım il yataqxanadakı otağından və institutdan başqa heç nəyi görməyib. Heç kəslə ünsiyyət qurmayıb, münasibət yaratdığı yeganə şəxs suriyalı dostu olub. Eyni yataqxanada yaşadıqları həmin şəxslə 2009-cu ildə Rusiyada birgə biznesə başlayıb.
Ziyad Mənasir bir zamanlar Bakıda professor, dekan və o zaman instituta rəhbərlik edən rektorun xahişi ilə tərcümələrlə məşğul olub. 1988-ci ildə Livandan 5 BMW avtomobili gətirib və Bakıda onları satıb. Həmçinin özü də dərsə bu maşınlardan biri ilə gedib-gəlib.
İnstitutu bitirdikdən sonra İordaniyaya qayıtmamaq qərarı verən gələcək milyarderi buna vadar edən səbəb isə hərbi xidmət keçmək istəməməsi olub. Buna görə də Moskvaya gedərək bizneslə məşğul olmağa başlayıb və milyarderlər siyahısına düşməkdə ona siyasi dairlərlə yaxın münasibətləri heç də az rol oynamayıb. azNews.az