
"Mən etiraz etdim, bildirdim ki, əgər həmin adamın əlində qanuni sənədi varsa qoy məhkəməyə müraciət etsin. Siz bu işə niyə qarışırsınız və təziq edirsiniz? Bu vaxt Elbrus Tağıyev özündən çıxdı, yerindən qalxıb üstümə yeridi, əvvəl yaxamdan yapışıb dartışdırdı. Sonra kəllə ilə sifətimə zərbə vurdu, burnumdan qan açıldı. Mən onun əlindən qurtarıb, sənədləri də götürüb otağı tərk etdim. Arxadan polisə qışqırdı ki, "bu zibili götürün rədd edin burdan””-Mustafa Muxtarov başına gələnləri belə nəql edir.
Elbrus Tağıyev
Muxtarov oradan çıxandan sonra birtəhər icra hakimiyyətinin başçısı Musa Şəkiliyevin qəbuluna düşüb, başına gələnləri ona danışıb. Şəkiliyev əvvəlcə müavini "tənbeh edəcəyini” deyib, amma sonra özü də Muxtarovdan "köhnə inciklikləri” yada salıb və onun özünü tənbeh edib. Nəticədə sahibkar prokurorluğa şikayət verməli olub. Amma kəllə vuran müavinlə bağlı cinayət işinin qaldırılması barədə məlumat yoxdur.
Vaqif Abdullayev
Və yəqin ki, belə cinayət işi qaldırılmayacaq. Çünki Beyləqanın icra hakimiyyətinin başçısı Vaqif Abdullayevin qoruduğu obyektdən metal konstruksiyaları oğurlamaqda şübhələndiyi (bu şübhələr isə təsdiqini tapmayıb) qarovulçu Rahil Əliyevi şəxsən döyüb burnunu sındırması, ona ağır küçə söyüşləri yağdırması, hətta şəhidin ruhunu təhqir etməsi faktı barədə indiyə qədər nəsə tədbir görən olmayıb. Hansı ki, zərərçəkən icra başçısının ona necə hücum çəkdiyini bütün təfərrüatları ilə sosial şəbəkələrdə yayılan videomüraciətində nəql edib, Vaqif Abdullayevin onu döyərkən bərk sərxoş olduğunu da danışıb.
Qarovulçu Əliyev
Bunlar rayonlardakı "balaca padşahların” vətəndaşlarla necə davrandığına dair çoxsaylı nümunələrdən ancaq ikisidir. Hansı ki, əvvəllər belə davranışlar hətta kütləvi iğtişaşlara və etirazlara da gətirib çıxarmışdı…