Bayraqla əxlaqsız şəkildə davranmaq

Bayraqla əxlaqsız şəkildə davranmaq

Elnur Eltürk

Bu günlərdə Qazax rayonunda Azərbaycan bayrağına olan hörmətsizlik və onun traktora yığılıb aparılması səhnəsini görən insanı daxilən incitməyə bilməz. Bu əmələ rəzillikdən başqa ad vermək olmaz. Görəsən, bu insanlarda belə laqeydlik haradan qaynaqlanır? Millət vəkili Qənirə Paşayevanın bu hərəkəti edənlərin cəzalandırılmasını tələb etməsi, hesab edirəm ki, gələcəkdə belə hadisələrin təkrarlanmaması üçün yaxşı bir cavabdır. Əgər bu hadisə qardaş Türkiyədə baş versəydi, bu hərəkəti edənlər cəzalandırılardı və ictimaiyyətin təpkisi ilə üz-üzə qalardılar.Bayraq hər bir millətin müqəddəs qürur mənbəyi, varlığı, gedəcəyi və getmək istədiyi işıqlı yoludur. Deməli, biz öz əllərimizlə o yanan işığı söndürməyə çalışırıq. Bayrağı ayaqlar altına atılan millətin qüruru və namusu elə tapdalanmış kimi bir şeydir.

Biz o bayrağı yenidən qazanmaq üçün nə qədər şəhidlər vermişik. Qarabağda savaşan igidlərimiz o bayrağın ucadılan yerdən enməməsi üçün düşmənə qarşı son gülləsi qurtarana qədər savaşaraq qəhrəmancasına həlak oldular. Əslində bu rəzillik şəhidlərimizin ruhuna təhqirdir.

1920-ci il aprelin 28-də Bolşevik Rusiyası tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti süqut edildikdən sonra "bir kərə yüksələn bayraq bir daha enməz" dəyərək mübarizəsini davam etdirən böyük öndər Məmməd Əmin Rəsulzadə və onun silahdaşları üçrəngli bayrağın yenidən öz vətəninə qovuşması uğrunda ömürlərinin sonuna qədər mücadilə apardılar. Bununla bağlı başqa bir misal çəkmək istərdim: 1956-ci ildə iki vətənvərpər insanımız Qız Qalasından üçrəngli bayrağı sancaraq öz milli istəklərini ortaya qoydular və nəticədə sovet rejimi tərəfindən də bu iki insanın başına nə oyunlar açılmadı.

Belə qəhrəman insanlarımız sovet imperiyasının dünyaya meydan suladığı bir zamanda bu addımı atıblarsa, indi bizim haqqımız çatmır ki, o bayrağa belə münasibət göstərək.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az