

Təqsirləndirilən şəxslərdən Müdafiə Nazirliyi Hüquq İdarəsinin təhqiqatçısı olmuş, Beyləqan hadisələri ərəfəsində ora ezam edilən İntiqam Məmmədov son sözündə deyib ki, korpus komandiri Bərxudarov nazirliyə siyahı göndərmişdi. Orada adları çəkilən şəxslərin düşmənlə əməkdaşlıqda şübhəli bilindiyi iddia olunurdu: "İndi Mais Bərxudarov kənarda qalıb, mənə ittiham veriblər ki, guya ora düşmənlə əməkdaşlıqda şübhəli bilinənləri müəyyənləşdirməyə getmişəm. Yaxud da yazıblar ki, guya mən kimlərisə vəzifədən çıxartdırıb, əsassız və qanunsuz həbs eləmişəm. Əmri verən Baş Qərargah rəisi, korpus komandiri. Mən Nəcməddin Sadıkova, Mais Bərxudarova göstəriş verə bilərdim ki, filankəsi işdən çıxar? Bu qədər yalan olar?!"
İ.Məmmədov ovaxtkı Baş Qərargah rəisi N.Sadıkovla münasibətlərinin yaxşı olmadığını, qərəzli münasibətinə görə də onu əsassız cəzalandırıb iclasdan qovduğunu deyib: "Nəcməddin Sadıkovun ən zəhləsi gedən adamlardan biri mən olmuşam. Çarəsi olsaydı, başımı kəsərdi. Mən nazirlikdən əvvəl Beyləqanda təhqiqatçı işləmişəm. O dövrdə ön xətdə mina partlamışdı. Buna görə təhqiqatçı neyləsin? Məni iclasdan qovdu..."
Özündən öncəki iki təqsirləndirilən kimi, Rahib Məmmədov da son sözündə bəraət istəyərək Beyləqandakı sorğu-suala cəmi 15 dəqiqə qatıldığını söyləyib. Bu prosesdə fəal iştirak edən, hətta zorakılığa yol verən təhqiqatçılar kənarda saxlanılıb, onu cəzalandırırlar: "Mən Yazıçılar Birliyinin üzvüyəm və üç roman, doqquz şeir kitabım var. Həm qələmimlə, həm də zabit kimi bu xalqa xidmət etmişəm. Mən şərəfimi satmadığıma görə cəzalandırılmışam. Belə çıxır ki, davam edir 37... Mən şərafət dustağıyam. Amma qalib ordunun məğlub zabiti olmaq istəmirəm".
Korpusda təlimatçı olmuş Ülvi Rəşidovun son sözü qısa olub. O da bəraət istəyib.
Təqsirləndirilən şəxslərdən yalnız snayper bölüyünün komandiri Ziya Kazımovun son sözü qalıb. Məhkəmə iclasında onun durumu pisləşib, təcili tibbi yardım çağırılıb. Həkimlərin rəyi əsasında məhkəmə prosesi dekabrın 28-nədək ertələnib.
Xatırladaq ki, iş üzrə məhkəmə istintaqı bir neçə aydır yekunlaşıb. Prokuror onlara 8 il 6 aydan 12 il 6 ayadək həbs cəzası istəyib. Ayyarım öncə vəkillər də müdafiə çıxışı etdiyindən yalnız təqsirləndirilən şəxslərin son sözləri qalıb.
Prokuror təqsirləndirilən şəxslərdən general B.Orucov və Z.Kazımovun hər birinə 12 il 6 ay, Ü.Rəşidov və İ.Məmmədova 10 il 6 ay, R.Məmmədova isə 8 il 6 ay həbs cəzası verilməsini tələb edib.
General-leytenant M.Bərxudarov isə ünvanına səslənən ittihamları qəbul etmir. O, general B.Orucovun məhkəmədə onun ünvanına səsləndirdiyi ittihamları bir müddət öncə belə cavablandırıb: "Bəkir Orucov nə danışıbsa, özü bilər. Amma nahaq danışıb, çünki dedikləri həqiqəti əks etdirmir. Nə danışırsa, danışsın. Mən indi telefonda nəsə danışa bilmərəm. Hər şeyə hüquqi qiymət verilir. Biz hüquqi ölkədə yaşayırıq..."