Millət vəkili Qənirə Paşayevanın “Türk Dünyasını tanıyaq və tanıdaq silsiləsindən”
“Şahzadələr və evliyalar şəhəri Amasiya”
«Keçməzəm bəzmi səmadan… Bəzmi səmadan keçməzəm!»
Seyid Mir Həmzə Nigarinin misralarıdı… İndilikdə bu kövrək, həzin misraların fikir, məna açıqlamasının fərqində deyiləm. Fərqində deyiləm ki, israrlı, inadlı «bəzmi-səma» keçilməzliyinin iç dünyasında yaşanan ömrün gərdişi haracandı.
İndilikdə fikir, məna nədənliyindən daha çox bu kövrək misraların romantikasına, ruhu genişliyinə mailəm.
Bu romantika, ruhu genişlik, mistik düşüncə indilikdə mənim amasiyalı xatirələrimin bağlı boxçası kimidi.
Dəfolunmaz bir istəklə bu boxçanın ruhla, duyğuyla süslənmiş bağını çəkmək, açmaq istəyirəm.
Ancaq xatirələrin səfini, nizamını pozmaq qorxusu ürpədir məni…
Amasiyalı günlərimi xəyal edirəm. göz önünə gətirirəm. böyük Füzulinin «heyrət, ey büt, surətin gördükdə lal eylər məni, surəti halın görən surət xəyal eylər məni» təşvişi cismimdən çağlayıb keçir.
Ruhunuz şad olsun, «gözələ göz dəyər» – deyən babalar… Görən göz gözəlsə yeri var baxsın. Duyan qəlb ümmansa çağlasın belə.
Amasiyanı xatırlayıram…
Bu gözəl şəhər, bu gözəl məkan gözəl görən gözdən iraq olmasın!
Amasiyaya, onun qutsal tarixinə, varlığına könlümün, gözümün gizli marağı o səfər boyunca mənimlə oldu. Keçmişindən bu gününə nəyi varsa elə bil astaca adımı çəkib, qəribə bir doğmalıq, simsarlıqla «mənə yaxın otur, yaxın gəl» dedi.
Özü də bilsəniz kimin diliylə?
Adı gözəl, özü gözəl, dostumuz, qardaşımız, görkəmli doktor-professor İbrahim bəyin…
Heç uçaqdan enməyə macal etməmişdim ki, zəng açdı, səmimi qardaş sayğısı, ərkiylə «Əziz qonağımsınız, – dedi, – evim-eşiyim üzünüzə açıqdı, qarşılayacağam, birbaşa bizə gələcəyik!»
Qardaş ərkini nəh etmək, qardaş sözündən çıxmaqmı olar? Onda da qalmış eşidəsən ki, «Sizə Amasiyanı məndən yaxşı kim anlada bilər!»
Bu sözün, bu ərkin önündə «heç kəs mənim kimi kövrələ bilməz!»
Əvvəl İbrahim bəy xoş gəldin deyir, sonra bacıları sarılır mənə… Yenidən qovuşub bir can oluruq… Baxıb görürük ki, bir ət, bir canıq.
Hal-əhvallaşırıq, yerimi tuturam bacılar arasında.
İbrahim Yıldırım əslən bizim Qazax mahalındandı. Ata-babaları yaxşılıqlarının qurbanı olub. Xalq qəhrəmanı Qaçaq Kərəmi rus əsgərləri gülləbaran edəndə babası onun hayına çatıb, yarasını sarıyıb. Bu səbəbdən də Sibir sürgünü ilə «mükafatlanıb».
Doktor İbrahim bəyin ömür-gün yoldaşı Fiqən xanım isə qoşma, müxəmməs janrları anadilli şeirimizin ustadlarından biri olan Molla Vəli Vidadinin dost-doğma nəticəsidi. Onların simasında qan-qana, el-elə qovuşub. Gözlərinin şəfəqi, dillərinin «xoş gəldin»i doğma, əziz…
Fiqən xanımın damarlarında ustad şair Molla Vəli Vidadinin qanı axır. «Vidadi xəstədən Bağdad elinə» xəbər yetirmək amacıyla durna qatarına ağız açıb, ismarıc eyləyən, Molla Pənah Vaqifə təskinlik verən böyük şairin qanı… Qəmi, nisgili, ağrısı da əzizdi. Amasiyalı şairə, 1460-cı illərin yaşamını şeirlərilə bu günə dartan Mehri Xatunun divan ruhu da elə… Həzin, kövrək:
Ben umardım ki, seni yar-i vefadar olsun,
Nə bileydim ki, səni böylə cefakeş olsun.
Eynən bizim klassik şairlərimizin ruhu, deyim tərzi ilə uyğundu. Natəvan anamızın yazdıqlarıyla səsləşir: «Mən öylə bilirdim sən mənə mehman olacaqsan!..»
Amasiyanın qədim küçələri boyu gəzib dolaşdıqca bunları anır, anıram…
Burdan bir çay axır yaddaşa doğru
Amasiyada mənə ayrılmış otağın pəncərəsi birbaşa qarşı çayın üzərinə açılırdı. Sular ötürdü dil-dil…
İlk gecəni yatmadım ki!..
Açdım pəncərəni üzü tarixə.
Tarixin közərən yaddaşı oldu o axşam sularda əks olunan Ay. Sanki Ağ Şəmsəddinin nura dönmüş, qeybdən boylanan siması idi. Röyasını danışırdı, tarixin gedişatını anladırdı Fatehə!
Pəncrədə Ay işığı…
Gecə yarıdan keçib… Birbaşa çaya açılan pəncərədən qarşı yatan qara dağlara sarı göz yetirirəm. Ay işığının doğurduğu effekt qarşılığında bu dağlar bürcü-bürcü görünməkdədi. Sanki böyük bir ordu savaş öncəsi son yır-yığışını edir. Axar çayın hay-həşiri bu məqamda təkcə su səsi deyil ki!.. Daha çox ötüb keçən vaxtın, tarixin, ruzigarların səsi, sədasıdır. Elə bil Sultan II Muradın oğlu Sultan II Mehmet Sərdəzəm Candarlı Xəlil paşaya səslənir ki, «bu yatağı görürsənmi? Bütün gecə bunun içində çırpındım, uyumadım. Bir azdan cəng başlayacaq. Allahın və Peyğəmbərin əmriylə İstanbulu düşmənlərin əlindən alacağıq…».
Gecənin qaranlığına diqqət kəsilirəm… Yumru-yumru qayalar yer-yerindən döyüşə atılan mehmetciklər qismində dikəlir elə bil. Ancaq fərqindəyəm ki, türk tarixinin zinnəti, şöhrəti təkcə bu müzəffər döyüş səhnələrilə çevrələnmir, daha çox elmlə, ədəb dəyərlərilə nəqşlənir…
Nəzərlərimi başqa bir səmtə çevirirəm. Bu dəfə Həcc ziyarətindən görkəmli alim Molla Gürani ilə bərabər geri dönən Molla Yegan Mehmet bin Armağanı Sultan II Muradın görüşünə tələsən görürəm. Molla Yegan Sultanı ziyarətə tələsir, yanında da Gürani. Gürani hüzura girməyib, dışarıda gözləyir. Padşah Molla Yeganın ziyarətindən məmnundu. Halının xoş vaxtıdı. Sorur ki, mənə Həcdən nə gətirdin? Molla Yegan dışarıda bəkləyən Güranini içəri alaraq padşaha təqdim edir, «padşahım, sizə hədiyyə olaraq böyük elm, düşünən baş gətirdim» deyir.
Tam bir türk əxlaqı!
Padşahlar daş-qaş möhtacı olmazlar ki! Daha çox elmə, zəkaya olan dartınışları ilə ucalarlar, zinətlənərlər.
Türkün para uğrunda savaşı olmadı heç! Yurd uğrunda, vətən, mədəniyyət, elm, namus üstündə savaşa qalxdı…
Qarşı dağdan – əslində tarixdən yönü bəri gələn çay səsinin açıq pəncərəmdən içəriyə, oradan da yaddaşıma, ruhuma diqtə etdikləri bunlardı… Səhərəcən dinlədim, dinlədim… Səhərəcən möhtəşəm türk tarixini iti zəkaları, yenilməz qılıncları ilə bir arada yazan sultanların, böyük dövlət qurucularının dünyaya göz açıb, şahzadəlik dövrü keçirdikləri Amasiyanın özəllikləri su səsiylə bir yuxu, röya qismində ruhuma axdı. Səhərəcən yuxumu sulara söylədim, çeşməyə dedim.
Bir könül körpüsü
Unudulmaz xalq şairimiz Səməd Vurğunun «Muğan» poemasından yadımda qalan, heç vaxt unutmadığım misralar var: «Atüstü olsa da qısa bir söhbət, görüş dönür unudulmaz bir xatirəyə…»
Xatirələr dünyasınınsa heç vaxt qovulmaq qorxusu olmayan yeganə cənnət məkanı olduğunu deyənlər yüzdə yüz haqlıdırlar.
İndi mən gözəlimiz Türkiyənin özünəməxsus Amasiya şəhərində düzənlənən «Qarabağdan Amasiyaya könül körpüsü: Beynəlxalq Mir Həmzə Seyid Nigari» adlı simpoziumda iştirak etdiyim günləri yada saldıqca özümü eynən həmin cənnət xatirələr məkanının gül qoxusu əhatəsində hiss edirəm. Türk millətinin təsəvvür mədəniyyətinin, mənəviyyat dünyasının, irfan, divan ədəbiyyatının zənginləşməsində misilsiz rol oynamış Seyid Mir Həmzə Nigari və onun fəlsəfəsi barədə etdiyim çıxışın ayrı-ayrı məqamlarını dönüb-dönüb də yenidən yada salıram, iç dünyamı qəribə, izaholunmaz bir bəxtiyarlıq sarır. Bir daha unudulmaz Səməd Vurğunun «Gözüm gözünüzdən uzaq olsa da, könüldən-könülə yollar görünür» məntiqinə baş əyir, bağır basıram.
Həmişə bir əsas fikir mənimlə olub ki, yeni nəsil, gənclərimiz Seyid Mir Həmzə Nigari kimi dəyərli, böyük insanlarımızı daha yaxından tanımalı, anmalı və başlıca olaraq bu cür insanların millət, vətən, insan sevgisini öyrənməlidirlər. Vaxtilə cənnət Qarabağda göz açmış Seyid Mir Həmzə Nigari böyük bir din xadimi, bilim adamı idi, görkəmli bir aydın olmaqla bərabər, usanmaq bilməyən bir millət, yurd sevdalısı idi. Rus imperiyası tərəfindən Türk torpaqlarının, o cümlədən, Qarabağın işğalı zamanı Seyid Mir Həmzə Nigari öz müridləri ilə bərabər torpaqlarımızın müdafiəsinə qalxmış, hələ o dövrdə Azərbaycanın, eləcə də, cənnət Qarabağımızın rus imperiyası tərəfindən işğal edilməsini qabardan, bu səbəbdən ürəkləri sızladan ağrı-acıları, xalqımızın Qarabağ sevgisini bütün çalarları, incəliklərilə əks etdirən şeirlər yazmışdı. O dönəmlərdə Qarabağın ruslar tərəfindən işğalını öz şeirlərində ağır milli faciə kimi əks etdirmiş, bu qanlı olayın sinəyə sancılan xəncər olduğunu nəzərə çatdırmışdır. Ən qəribəsi və heyrət doğuran cəhət orasındadır ki, Seyid Nigari sanki müasiri olduğu bu qanlı olaylardan, yüz il sonra baş verəcək hadisələrin də mənzərəsini göz önünə gətirə bilmişdi. Yüz il sonra Qarabağın rus hərbi birləşmələrinin köməyi və məkrli dəstəyi ilə ermənilər tərəfindən işğal edilə biləcəyinin xəbərdarlığını etmişdi. Bu, onun şair, görkəmli mütəfəkkir fəhminin diqtəsi, qənaəti idi. Düz yüz il öncə Seyid Nigari qarabağlıların ağrı-acısını, talan ediləcək doğma yurd yerlərimizin nisgilini heyrətamiz hissiyyat və fəhmlə duyub yaşamış, ürək ağrısı ilə nəzmə çəkmişdir.
1815-1885-ci illər arasında yaşayıb ömür sürən şair Qarabağ mahalının Zəngəzur qəzasının Cəcimli kəndində anadan olmuşdur. O, mükəmməl təhsil görmüş, uzun müddət Türkiyədə yaşamışdır. Azərbaycan türkcəsində və farsca divanları var. Gəncliyində sevdiyi qızın adını özünə təxəllüs götürmüşdü, eyni zamanda, o, ən böyük Qarabağ sevdalısı, aşiqi idi. Bu münasibətini, özəlliklə də Qarabağın yüz il sonrakı taleyini məşhur «Qarabağ» şerində ifadə edə bilmişdi. Şairin adı çəkilən şeri bu gün də öz aktuallığını itirməyib:
Nə əcəb dövlətimiş seyri-şikari Qarabağ,
Nə əcəb nemət imiş söhbəti-yari-Qarabağ…
…Gəlin, ey əhli-könül, artıb azarım, eşidin,
Yox rəvacım, kəsilib biinazarım, eşidin,
Pozulub rövnəqi-gülzari-baharım, eşidin…
…Yandırıb xaneyi-variyyəti viran edəyim,
Gecələr ta bə səhər damədəm əfqan edəyim,
Güli-məsud açıla dərdimə dərman eləyim,
Yandı canım, onu bu nəzmlə şayan edəyim,
Dağlayıbdır məni bu laləüzari-Qarabağ,
Yandırıbdır məni bir nari-Nigari Qarabağ.
Bu gün Nigarinin bu sətirlərini doğma yurd-yuvalarından zorla didərgin salınmış, məcburi köçkün həyatı yaşayan hər bir azərbaycanlı öz könlünün səsi olaraq dilə gətirə bilər və bu misralar onun müsibətini büsbütün ifadə etmiş olar.
Amasiyada düzənlənən Nigari Simpoziumunda etdiyim çıxışım zamanı daha çox bu məqamlar üzərində dayandım, şairin xalq arasında böyük nüfuz sahibi olmasını təmin edən fəlsəfi dünyagörüşünün aydınlığını önə çəkdim, bir daha vurğuladım ki, Nigari yalnız bir övliya, şair, filosof, alim deyil, həm də xalqının istiqlalı uğrunda mübarizə aparan bir vətəndaş olaraq da könüllərdə taxt qurub.
Seyid Mir Həmzə Nigarinin ruhu onda şad olacaq ki, biz onun böyük məhəbbətlə vəsf etdiyi Qarabağını – Azərbaycanın, ümumən Türk millətinin vətən torpağı olan Qarabağımızı birlikdə işğaldan azad edəcəyik və orada da bu gün burada olduğu kimi, beynəlxalq Seyid Mir Həmzə Nigari Konfransı keçirəcəyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz hamımız bunun üçün səylərimizi daha da artırmalıyıq…
Həmin o gözəl və mənəvi baxımdan çox gərəkli olan «Qarabağdan Amasiyaya könül körpüsü: Beynəlxalq Seyid Mir Həmzə Nigari» adlı simpozium çərçivəsində mən Amasiya valisi, sayın Abdul Cəlil Öz ilə görüşdüm və Türk millətinin tarixində önəmli şəhərlərdən biri olan Amasiyada, Azərbaycanın Qarabağ bölgəsində dünyaya göz açmış, həyatının böyük bir hissəsini Amasiyada yaşamış, divan ədəbiyyatında, istiqlal mücadiləsində müstəsna xidməti olan Seyid Mir Həmzə Nigariyə həsr olunmuş belə yüksək bir simpoziumun keçirilməsinə şərait yaratdığına görə ona Azərbaycan vətəndaşı, Azərbaycan türkü olaraq təşəkkürümü bildirdim. Görüş zamanı tarixin müxtəlif dövrlərində, özəlliklə, on doqquzuncu əsrdə Azərbaycan torpaqlarının rus imperiyası işğalına məruz qaldığı vaxtlarda Azərbaycandan Amasiyaya çoxlu sayda Azərbaycan türklərinin köç etdiklərini diqqətə çatdırdım. Tariximizin gənc nəsillərə daha ətraflı çatdırılması baxımından belə simpoziumların əhəmiyyətini xüsusilə önə çəkdim. Azərbaycan ümummilli lideri Heydər Əliyevin «Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir», Azərbaycan Prezidenti İlham Əliyevin isə «Bir millətin iki diasporası ola bilməz» fikrinə söykəli düşüncələrimi ortaya qoydum.
Görüş daxilində Amasiya valisi sayın Abdul Cəlil Özə Azərbaycanla, Azərbaycan həqiqətləri ilə bağlı geniş bilgi verməklə bərabər, valiyə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının tükürpədici mənzərəsindən söz açdım.
Geniş fikir mübadiləsi zamanı Amasiya valisi Cəlil Öz Türkiyənin daim dost, qardaş Azərbaycanın yanında olduğunu bildirdi. O, Azərbaycanla, onun bölgələri ilə Amasiya arasında əməkdaşlıq və əlaqələrin daha da genişlənməsində maraqlı olduqlarını da vurğuladı.
Mən Abdul Cəlil Özü Azərbaycana dəvət etdim. Vali Azərbaycana səfər edəcəyindən böyük məmnunluq duyacağını bildirdi.
Giresum Universitetinin rektoru Aygün Attar, Amasiya Universitetinin rektoru Metin Orbay, Azərbaycan Milli Elmlər Akademiyasının şöbə müdiri, professor Rəna Mirzəzadə, professor İbrahim Yıldırım, «Miras» təşkilatının sərdi Fariz Xəlilli, Qadın Jurnalistlər Assosiasiyasının sədri Sevil Yusifova da vali ilə görüşlərində beynəlxalq simpoziumla və iki qardaş ölkə arasında əməkdaşlığın vacibliyiylə bağlı fikirlərini bölüşdülər.
Sonra valiyə Azərbaycan həqiqətlərinə, tarixinə, mədəniyyətinə dair kitablar və materiallar, müəllifi olduğum kitablardan nümunələr hədiyyə etdim.
Belə bir görüş Amasiya Universitetinin rektoru Metin Orbay ilə də oldu. Görüş zamanı Seyid Nigarinin adıyla bağlı simpoziumun keçirilməsinə dəstək verdiyinə görə Metin Orbaya təşəkkürümü bildirdim. Öz növbəsində, Metin Orbay da Azərbaycanla Türkiyə arasında bütün sahələrdə bütün sahələrdə, o cümlədən, təhsil sahəsində əlaqələrin ildən-ilə genişləndiyini və bunun çox əhəmiyyətli olduğunu qeyd etdi. O, Azərbaycanın bütün istiqamətlərdə getdikcə daha da inkişaf etməsindən sevindiklərini də bildirdi, ölkələrimiz arasında münasibətlərin daha da inkişafından məmnunluğunu, rəhbəri olduğu universitetin Azərbaycanla əməkdaşlığından məmnuniyyət duyğularını ifadə etdi.
Metin bəyə də Ermənistanın işğal etdiyi torpaqlarda törətdiyi vandalizm aktları barədə geniş bilgilər verdim, onu Azərbaycana dəvət etdim, Azərbaycan həqiqətlərini ehtiva edən kitablar bağışladım.
Simpozium çərçivəsində heç unuda bilməyəcəyim məqamlardan biri də Amasiyada Azərbaycan Kültür – Sənət və Dayanışma Dərnəyi başqanı Mutallir Ulutanrıverdi və təşkilatın üzvləri ilə görüşüm oldu.
Bu qurum silpoziumların əsas təşkilatçılarından biri idi. Görüş əsnasında simpoziumun TRT Avaz kanalı ilə canlı yayımlanmasının önəmini xüsusilə vurğuladım. Türk millətinin yaşadığı müxtəlif coğrafiyalarda da bu konfransın izlənməsini əhəmiyyətli hadisə kimi qeyd etdim. Ümid etdiyimi bildirdim ki, təşkilat bundan sonra da həyata keçirəcəyi mədəniyyət layihələrini daha geniş sayda Azərbaycan insanına çatdırılmasına xüsusi önəm verəcək.
Qurumun başqanı Muttalip Ulutanrıverdi və üzvləri görüş əsnasında həyata keçirdikləri layihələr haqqında ətraflı söz açdılar, fəaliyyət planlarından danışdılar.
***
Amasiya Anadolumuzun, Orta Qaradəniz bölgəsində Yaşılirmaq vadisində 8500 illik tarix və mədəniyyət durumuna malik əziz bir vilayətimiz, elimizdir. Bu tarixi gedişat içində çox önəmli mədəniyyətlərə ev sahibliyi etmiş, bu gün hər qədəmində tarixin izlərini mərdanəliklə sərgiləyən və nəfəsini hər an bizə hiss etdirən, ona ən çox yaraşan «Muzey şəhər» adıyla tanına bilən, gözəl yurdumuzun nadir incilərindən biridir.
Doğrudan doğruya Amasiya Osmanlını Cümhurriyyətə doğru aparan dəyərlərin yetişdiyi, «Millətin azadlığını yenə millətin əzm və qərarı quracaqdır» sözündə ifadə edilən, milli mücadilənin başlanğıcında qurtuluş məşəlinin yapdırıldığı məkanlardan biridir. Cümhurriyyətə gedən aydın yolda ilk yazılı sənəd səciyyəli Amasiya Müraciətnaməsinin Mustafa Kamal Paşa və silahdaşları tərəfindən imzalanaraq həyata keçirildiyi, ölkənin gələcəyinin inkişaf yollarının şəkilləndirildiyi ən önəmli uzunömürlü təməl daşlarındandır.
Amasiya tarix, mədəniyyət və təbiət turizminin ən perspektivli şəhərlərindən biri, «dünya mədəniyyət mirası» olaraq tanınan bir şəhərdir.
Bu əfsanələr şəhərinin Açıq Hava Muzeyi olaraq isimləndirilən, tarixi 8500 ili aşan Amasiyanın türkçülük düşüncəsinin formalaşmasındakı seçilən yeri var.
Amasiya şəhərinin tarixi MÖ.7000 – MÖ.6500-cü illərdən yönü bəri gəlməkdədi.
Günümüzə qədər gələn tarixi proseslər daxilində Tunc çağından etibarən (MÖ.3800-MÖ.3200); MÖ.1680-cı illərdə Hitit, MÖ.1200-cü illərdə Frig, MÖ.700-cü illərdə Kimmer-İsgit və s. hakimiyyətləri altında olmuşdur. Amasiyanın MÖ.291-ci ildən başlayaraq Pers-Pontus Krallığının paytaxtı olması bir gerçəklikdir. MÖ.29-MS.395-ci illər arasında Roma əsarətində qaldıqdan sonra, Məlik Əhməd Danışmənd Qazi 1075-ci ildə 700 illik Bizans hakimiyyətinə son verərək ilk Türk idarəçiliyini qurmuşdur. 1243-cü ildə Səlcuqların Kossedağ savaşındakı məğlubiyyəti nəticəsində bölgə Monqol hakimiyyəti altına keçmişdir. Sonra gəlir 1341-ci ilin Eretna Bəyliyi hakimliyi, arxasınca 1386-cı ildən etibarən Amasiyanın Sultan İldırım Bəyazid tərəfindən Osmanlı torpaqlarına qatılması. 1402-ci ildə baş verən Ankara savaşından sonra Osmanlı tarixində baş verən qarışıqlıqlar və şahzadələr arasında yaşanan mövqe döyüşləri nəticəsində o zaman Amasiya valisi olan Çələbi Məhmət duruma hakim olmuş, ikinci dəfə Osmanlı birliyini təmin etmişdir.
Amasiya şəhərinin adı ilk dəfə Hititlər dönəmindəki yazılı abidələrdən «Hakmiş» olaraq keçmişdir. Amasiya adı ilk yazılı qaynaqdan Hellenist dönəmində kəsilən şəhər sikkələri üzərində həkk olunmuşdur. MÖ. II yüzilliyin son illərində, IV Mitridades zamanında Amasiya şəhəri adına kəsilən sikkələr üzərində Amasela, yenə MS.224-cü ildə basılmış olan və hazırda Amasiya muezyindən sikkə (pul) seksiyasında qorunan sikkələrdə Alaca yazıları oxunmaqdadır.
Yeni Roma dönəminə aid edilən sikkələr də bu ismi qorumuş və heç bir dəyişikliyə uğramadan günümüzə qədər gəlib çata bilmişdir.
Qaradəniz bölgəsinin orta bölümündə yer alan Amasiya quzeydən Samsun, batıdan (qərbdən) Corum, doğu (şərq) və güney doğudan Toqat vilayətləri ilə çevrələnir:
Amasiyada qədim dövr coğrafiyaşünası və və yazıçısı Strabonun krallara aid olduğunu bildirdiyi Kral Qaya məzarları Haşena dağının güney ətəklərində qayalara oyulmuş Amasiya Mitridates (Pontus) krallığına aid qaya məzarları öz möhtəşəmliyini və tarixiliyini hələ də qorumaqdadırlar. Eyni zamanda, Yaşılirmaq vadisi daxilində MÖ.2-ci yüzilliyə aid möhtəşəm qaya məzarlarının ən əzəmətli olanı Aynalı mağara…
Ağır-ağır gedən ellər bizimdir
Mənim üçün ən unudulmaz anlardan biri Amasiyada yaşayan bir çox Azərbaycan kökənli ailələrlə olan görüşlərim oldu. Əvvəldən də qeyd etdiyim kimi, Amasiya müxtəlif dövrlərdə, xüsusilə, XIX yüzildə çar Rusiyası tərəfindən Azərbaycan torpaqları işğal edildikdən sonra azərbaycanlıların Anadoluya ən çox köç etdikləri şəhərlərdən biridir və burada çoxlu sayda Azərbaycan kökəmli ailələr yaşayır.
Bu görüşlər zamanı Anadolu civarları boyu yayılaraq Toros dağlarınacan köçəri həyat sürən Əfşar boyuna mənsub, əsl adı Vaqif, atasının adı Aşıq Musa olan böyük Türk sənətkarı Dadaloğlunun (1785-1865) məşhur «Bizimdir» şerindən misralar xəyalımdaca dolandı:
Qalxdı, köç elədi Əfşar elləri,
Ağır-ağır gedən ellər bizimdir.
Ərəb atlar yaxın edər uzağı,
Uca dağdan aşan yollar bizimdir.
«Öləni ölüb, qalan sağları bizim» olan Amasiya civarları boyu yenə də Dadaloğlunun «Yürü, iyid, yürü, yoluna yürü» təskinliyi qəlbimdə xüsusi bir rahatlıq doğururdu, ustadın «Dostun bağçasından yad əl keçməsin» diləyilə həmahəng düşünürdüm. Və qəti əminliklə düşünürdüm ki, xatirə, haqq işığına üz tutub gəldiyim Mir Həmzə Seyid Nigari unudulmaz «keçməzəm bəzmi səmadan, Bəzmi səmadan keçməzəm» misralarını elə gözəlimiz Amasiyanın bənzərsiz təbiət gözəlliklərinə, göy səmasına, göy çəmənlərinə, bəzmi-keçilməzliklərinə xoş nəzər yetirə-yetirə düzüb-qoşub…
Fərqindəydim ki, Amasiya milli mədəniyyət abidələri sırasında yer alan Şirvanlı İsmayıl Türbəsi özəlliklə Azərbaycanın Şirvan bölgəsini bütün tarixiliyi ilə özündə əks etdirməkdədi. Bu gözəl türbə Sədrəzəm Şirvanizadə Mehmet Rüşti Paşa tərəfindən 1870-ci ildə babası İsmayıl Siracəddin əfəndi üçün yapdırılmışdır.
Bundan başqa, Amasiyada Şirvanlı (Azərilər) Camesi hələ də öz gözəlliyi, unikallığı ilə nəzər çəkməkdədi, «qüdrətdən səngərli-qalalı dağlar» (Aşıq Ələsgər) fonunda kutsal bir ruh camesi, mehrabı kimi süslənib. Məscid Qarabağlı Şeyx Hacı Mahmud Əfəndi tərəfindən Azərbaycanın Şirvan bölgəsindən (Şirvan kəndi) toplanan yardımlar hesabına 1876-1895-ci illər arasında yapdırılmışdır.
Bütün bunları bilmək, bilib də nədənliyi üzərində düşünmək son dərəcə qürur doğuran, tarixə ehtiram hissi oyadan məqamlardı.
Özəlliklər səpilmiş qayalıqlara
İndi o səmimi, unudulmaz görüşlərdən mənə yadigar çeşidli xatirələr, fotoşəkillər, sənədli film lentləri qalıb. Anmadığım, xatırlamadığım gün, saat olmur heç.
Doğru sözdü, deyəni düz deyib ki, «Amasiya o şəhərdir ki, burada tək-tənha bir at ayağıyla yer eşəsi olsa dırnağı bir mədəniyyət abidəsinə toxunur».
Yüzdə-yüz belədi. Bu oxunanların arxasınca yarı folklordan, yarı da Hüsaməddin Özgünün ruhundan süzülüb gələn misralar da deyildiyi kimi:
Haşena qalasında bir kor quyu var:
İçində nar ağacı.
Özəlliklər səpilmiş qayalıqlara -
Neçə min ildi
Amasiyanı seyr etməkdən
Doya bilməmiş
qayaların arasından boylanır ruhlar
…Qalanın ətəyinə tor kimi çökmüş
yol boyu evləri
Xəyalı oynadır indi.
Nazlı-nazlı axan Yaşılirmağı
Seyr edir illərdir
sevgiylə bəslədiyi
Hazeranlar imarəti…
Tam on üç dəfə sivilizasiyaya
beşik olmuş
Cümhurriyyət günəşinin doğduğu
Amasiya şəhəri.
Ümidlə çiçək açmış hər il
Gül budaqları.
Məmləkət sevdasıyla türkü söyləmişdilər
Alma toplayan gənclər
və min coşquyla
biçilib getmiş əkin.
Qəlbimə doğru axar
Amasiya torpağının atdındakı odlu su…
Söhbətlər dəmə gələr samovar çayı ilə,
Yemək vaxtı süfrəyə gələn
Ən gözəl təam
Nə zeytun yağı, nə də gül mürəbbəsi.
Yeddinci şəhərin havasını
çəkir içinə…
… Duysun ruhlar,
və məst olsun könüllər…
Amasiyalı coğrafiyaşünas Strabon yüzilliklərin o üzündən səslənirdi ki, «Xəyal gücünün görə bildikləri əsla yox edilə bilməz…»
Eyni zamanda şanlı, müzəffər Türk sərkərdəsi, qalib Türkiyə Cümhurriyyətinin qurucusu Mustafa Kamal Atatürkün dedikləridi: «Amasiya – İnqilab və Cümhuriyyət tarixinə həmişə əhəmiyyətini qoruyub saxlayacaq bir mövqe sərgiləmişdir…»
24 sentyabr 1924-cü ildə qüdrətli paşanın dilindən səslənən bu sözlər indinin özündə də gül qoxuyur…
Amasiya vilayətinin təkcə şəkillənmiş tablosuna baxmaq cənnət sehrinə, möcüzələr adasına düşmək kimidir.
Bu bənzərsiz vilayətin özəlliklərini Amasiya valisi Abdul Cəlil Öz belə nişan verir: «Amasiya tarix boyunca ev sahibliyi etdiyi mədəniyyətlərin saysız dəyərinin qorunduğu, xəzinə olan keçmişi gələcəyə apara bilən gözəl bir diyardır».
Bu sevda ölüncədi…»
Çanaqqala savaşında şəhid olan türk əsgərinin könül verib, ilqar bağladığı xanım əfəndinin dəfn günü haqqında oxuduqlarım Amasiyadakı Fərhad ilə Şirin abidələrinin tamaşasına durduğum anlar kino lenti kimi keçirdi gözlərim önündən. Şəhid sevgilisinin yolunu gözləyə-gözləyə qəbir evinə endirilən xanıməfəndinin cansız cəsədi yanına bir torba da qoyurlar. Məlumatsız adamlar bu torbada nə olduğu ilə maraqlanırlar. «Vəsiyyətinə əməl etdik» – deyirlər – sevgilisi Çanaqqala döyüşünə yola düşən gündən darağının dişində tökülən hər saç tükünü şahid kimi saxlayıbmış ki, qiyamət günündə o saçlara özgə əl dəymədiyinə şahidlik etsin… Dişləri töküldükcə yığıb saxlayıbmış ki, qəbir evində dodaqlarına özgə dodaqları toxunmadığına görə şahid dursunlar… O saçlarmış, o dişlərmiş torbada cənazəylə bərabər torpağa gömülənlər.
Mərhum xanıməfəndinin ruh təmizliyi dünyaya vəfa, etibar dərsi verir.
Yüzdə-yüz inanıram ki, bu xanıməfəndi sevgisi yolunda qayalar çapıb, dağlar oynadan, sevgisi şahlara döv gələn, zamanın dizini qatlayan Fərhadın mənəvi yavrusu, eşqini xəncər yarasıyla tarixə yazan Şirinin qız balasıdı.
Qos-qoca Amasiya hər gün bu vəfanın, etibarın önündə içilən sədaqət andları dinləməkdədi. Artıq bir ənənədir ki, yeni ailə həyatı quran gənclər nigah mərasimindən öncə Fərhad ilə Şirinin abidələri önünə gül dəstələri qoyur, sədaqət andı içirlər.
Türk düşüncəsində gülün eşq, sevda simvolu olduğunu bir yol söyləmişdik, yenə deyirik… Ənənəni qoruyanların canına sağlıq! Borcumuzdur bu ehtiram…
Fərhad qaya dələndə…
Ta uşaqlıqdan dinləmişəm bu sevdalı şərqini. Həsrətli könüllər əslində Fərhadı, Şirini tutalğa edib, öz pünhan duyğularını bu yolla dilə gətiriblər:
Fərhad qaya çapanda,
Yadına Şirin düşər…
Amasiyadan uzaqlarda, dünyanın hər hansı səmtində bu misralar sadəcə bir eşq hekayəti, şərqi kimi oxuna bilər. Ancaq tam bir tarix, mədəniyyət, sənət və şahzadələr şəhəri olan Amasiyanın daha çox bütləşmiş, heykəlləşmiş gerçəkliklərilə üzbəüz qaldığın anda bu oxunanlar sadəcə dil əzbəri olan bir şərqinin misraları olmur ki! Daha çox tarixin bir parçası kimi dikəlir, baş qaldırır yaddaşdan:
Fərhad qaya çapanda,
Yadına Şirin düşər.
Amasiyanın daş yaddaşıyla baş-başa, nəfəs-nəfəsə qalmayınca bu şərqinin iç dünyasını bütöv, boyaboy anlamaq, duymaqmı olar… Olsa-olsa ancaq havasını, titrəyişini hiss edə bilərsən. Ancaq bir əfsanə, nağıl işləməsi, gəzərliyi kimi fəhm edərsən.
Amasiyada olub, o məkan üçün çox təbii olan həzin, sərindən də sərin olan bir yay axşamında Fərhad və Şirinin son nəfəslərini yaşayıb, son ahlarını çəkib, axır can savaşı məqamlarında dırnaqlarıyla ova-ova zirvəsindən ətəklərinə yuvarlandıqları qayalıqlara nəzər yetirməyincə bu deyilənlərin bir tarix olduğunu, reallığını göz önünə gətirmək olmaz ki! Tarixlə əfsanənin qovuşduğu bir reallıqla üzbəüz durub Fərhad və Şirin mozaikasına göz yetirməyincə elə mən özüm də böyük eşqin real mənzərəsinə, olmuşlarına şair təxəyyülünün düzüb-qoşduqları kimi baxırdım. Ancaq yox, sal daşların, qranit qayaların sərt qoynundan açılan daş muzeylərin, qaya sarayların fonunda, bu tarixi abidələrin əlyetərində tunclaşmış, tarixləşmiş Fərhad heykəlinin, Şirin büstünün tamaşasına durduğum anlarda Fərhad dastanı da, Şirin nağılı da nağıllıqdan, dastanlıqdan çıxıb, bir gerçəkliyə, yaşanmış tarixə döndü. Gör harda, ömrümün-günümün hansı çağında doğma Tovuz rayonunun Düzqırıxlı kəndində Kərkükşünas alim əmim, professor Qəzənfər Paşayevin könül işığına oxuduğum «Koroğlu» dastanından mənə tanış olan qeyz, vəfasızlığa qarşı dirəniş dolu misralar Türk dünyasının hansı bir əziz, doğma məkanında gəlib yadıma düşdü:
Bir qul qaçırmışam Ərəbistana,
Arayıb, axtarıb, tapın gətirin.
Əgər girmiş olsa dəlikli daşa -
Aparın Fərhadı, çapın gətirin!
Qul etibarsızlığına olan qeyzin sədasına qalxıb, dikəlibmiş kimi yapılıb Fərhadın abidəsi gözəlim Amasiyada. Doğrudan-doğruya «Qalxıban yerimdən duraram, dönüklüyün boynunu vuraram!»-səslənişi şəkillənib görünüşündə. Bu duruşa, bu gözəl tarixləşməyə bir az gendən tamaşaya durub Şirin. Elə bil daşdan, qranitdən, tuncdan yonulmayıb heç – canlıdı, dipdiridi. İndicə durduğu yerdən qopub qədim Amasiyanın tarixi simvollarından biri olan Fərhad su kanalına doğru yeriş edəcək… Elə bil ünlü türk şairinin unudulmaz misraları bu gözəl yerişin, bu gözəl qədəmin qutlaması kimi dil ucuna gəlib:
Yolunu bəkləyirəm, köksüm açıq, qəlbim açıq,
Xəncər ol, bağrıma sancıl, əcəl ol – qarşıma çıx…
Amasiyadakı Fərhad ilə Şirin mozaikasını, Fərhad su kanalını bu əsrarəngiz, qürurlu düşüncələrlə bir arada ziyarət etdim. Bu gözəl eşq yaşamının yazılı ədəbiyyatımızda nəqşlənməsi gözəlim Azərbaycanın taleyinə yazılıb. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin qələmiylə süslənib, abidələşib Fərhad ilə Şirinin eşq yaşantısı. Kitabdan-kitaba keçib. Mif tarixi üstələyib. Böyük ilham daşıyıcıları olan Səməd Vurğun da, Nazim Hikmət də Nizami babamızın yaratdığı eşq dastanının möhtəşəm barından barınıb, təzələyiblər deyilənləri. Hamısı bir arada Amasiyadakı Fərhad ilə Şirin mozaikasından, Fərhad Su kanalından keçir. Burası daha realdı, tarixin gerçək üzü kimidi… Qovuşmalarına az, lap az qalıbmış. Lap vüsal dəmində ruzigarın üzü döndü, iblisliyin bəxti güldü. Öz külüngü öz başına endi Fərhadın, öz bıçağı öz köksünə yeridi Şirinin. Əcəl aldı, yer gizlədi. Qəbirləri arasında bitən güllər qara bir çalıquşunun dimdiyində getdi.
Bütün bu olmuşların saxlancı, boxçası kimidi Amasiya. Gəlməyincə, gəlib də görməyincə əslini, nədənliyini anlaya bilməzsən ki!..
Yeri gəlmişkən
MÖ. II yüzillikdə inşa edildiyi bilinən Fərhad su kanalı əfsanəyə bağlı bir mədəniyyət abidəsi olaraq tanınır. Kanaldan Roma dönəmində də istifadə edildiyi məlumdur. Qədim Amasiya şəhərinin su ehtiyacını ödəmək baxımdan qayalar oyulub, tunellər çəkilərək xüsusi yer divarları hörülərək ərazi xüsusiyyətlərinə uyğun şəkildə yaradılmışdır. Dərin ehtiramla qorunur, yad edilir… Ölməzliyin simvolu, əhdə vəfanın abidəsi kimi!
Bu da Harşena dağı…
Gözəlim Amasiyanı seyr etmək, könlünə, gözünə daşımaq üçün ən baxımlı, ən əlverişli yer… Qalxdınmı, sakin oldunmu – qarşında qos-qoca Amasiyanın geniş açılmış köksünü görəcəksən… Evləri xana-xana! Ən görümlü nöqtəsindən Ay-ulduzlu Türk bayrağı əskik olmaz ki, Harşena dağının! Dönə-dönə göz yetirirəm. Unudulmaz Əhməd Cavadın şərqilənən misraları döyəcləyir yaddaşımı:
Çırpınırdı Qara dəniz,
Salam Türkün bayrağına!..
Yönü bəri baxan yamaclardan qalxan hava sərinliyi «Əleyküm-salam» ehtiramıyla canıma yayılır elə bil… Sanki məni əhatə edən hər bir predmet «Salam Türkün bayrağına» şərqisi ötür.
Tarixin tunc dönəmindən boylanır Amasiya Qalası (Harşena). Daş kitabəsi şəhadət verir ki, qala Osmanlının sonuna qədər (MÖ.3200) öz fəaliyyətini hifz edə bilmiş, zaman-zaman təmir edilmişdir.
Heç olurmu Amasiya qalasından bəhs edəsən, ancaq Kral Qaya məzarlarına baxmamış ötə biləsən. Önündən etinasız keçməkmi olar? Yerləşir Harşena dağının güney ətəklərində.
Babalı böyük tarixçi Strabonun boynuna. O, Kral Qaya məzarlarının krallara aid olduğunu dönüb-dönüb yazıb da!
Kral Qaya məzarlarının insan ruhunu dünyanın min bir çeşdili sirrin, pünhan yaşamı ilə baş-başa qoyduğu aurasından ayrılmamış məşhur Qızlar Sarayının axar-baxarı çəkir könlümü. Baxdıqca uşaqlıq illərimin bir bilməcəsi ötür yaddaşımda:
Biz biz idik,
Otuz iki qız idik!
Əzildik,
Büzüldük,
Bir taxçaya düzüldük.
Tarixin ötən yüzilikləri bir taxçaya düzülmüş kimidi burada; əvvəl yalçın qayalar sıralanıb… Sonra iki qaya səmtinə qol açan daş hasar. Dörd yanı yoxun-yosun… Bu hasarın o üzündən qarşı duran abidələr xana-xana evlərdimi, ya elə tarixin, zamanın şəklidi durub?
Sındırma könlümün şüşəsin, zalım…
Aynalı Mağaranın tarixə, ötüb keçən ruzigarlara səslənişi belə… Miladdan öncə ikinci yüzilliyə hesablanıb yaşı. Qaya təsvirlərinin ən baxımlı olanlarındandır. Silinib-pozulmaz yadigarlarına – Həzrəti Məryəmin və on iki həvarinin rəsmlərinə tarixin daş aynasından baxılır burda. Təsvirlərin rəng çalarlarına baxdıqca adamın əli üzündə qalır.
Yaşananlar necə də yaxın,
Və özü də necə uzaq!
İnanmayan Aynalı Mağaranın önündə «baxa dursun…»
Haşiyə
Şəhərin qədim tarixini özündə birər-birər yaşatmaqda olan Amasiya muzeyi ilk dəfə 1925-ci ildə II Bəyazid Qülləsinin bir bölümü olan mədrəsə binasının iki otağında cəmlənən az sayda arxeoloji abidələr ilə İslami dövr muncuqlarının bir araya gətirilməsi nəticəsində «Muzey deposu» («Muzey anbarı») olaraq yaradılmışdır.
Daha sonra abidələrin çoxalması və nümayiş etdiriləcək yeni məkanlara ehtiyac duyulması nəticəsində eksponatlar 1962-ci ildə Səlcuqlu dönəmi abidələrindən olan, 1266-1267-ci il tarixli Göymədrəsə Camesinə köçürülmüşdür.
Muzeyin eksponatları 22 mart 1977-ci ildə yeni tikilən hazırkı modern binasına köçürülmüşdür. Abidə və Muzeylər Genel (böyük, baş) mudirliyi tərəfindən təmir edilmək məqsədilə qapadılmış və nəticədə abidələr yenidən xronoloji ardıcıllıqla sərgiyə qoyulmuşdur.
Bir çox mədəniyyət daşıyıcısı olan arxeoloji, etnoqrafik sikkə, möhür, əlyazma və mumiyalar olmaq baxımından təqribən 23.000 civarında abidə-eksponatı olan bölgənin müasir və ən zəngin muzeyi olaraq Türkiyənin mədəniyyət və turizminə xidmət göstərməkdədi.
Amasiya Muzeyi qoynunda nələri süsləmir? Məşhur mumiyalar salonundanmı, konfrans və sərgi zallarındanmı söz açım? Baxçasının sərdabə və məqbərə zənginliyindənmi soraq verim? Səlcuqlu dönəmindən Osmanlıyacan yol eyləyən tarixi eksponatların hansını qoyub, hansından söz açasan? Baxça içərisindəki Səlcuqi Sultan I Məsuda aid türbədənmi, Osmanlı dönəminə aid arlıbaxça Camesinin (Xeyirli baxça) səltənətinin röyayabənzər yaşantısındanmı?
XIV əsrdə Amasiyada hökm sürmüş, Elxanilər dövrünün tanınmış simalarından biri olan Şahzadə Cumudarın mumiyası bu muzeyin bir əbədiyyət saxlancı kimi diqqət çəkir. Bir yanında Amasiya əmiri İmbuci Koyin, bir üzündə İzzəddin Məhmət Pərvanə bəy mumiyalanmış, dayandırılmış zaman qismində. Böyür-başlarında da müxtəlif qadın, kişi, gənc qız uşaqlarına aid mumiyalar. Sanki bütöv bir ailə, tam bir nəsil yuxuya gedib. İndicə bir-bir oyanacaqlar, durub bir ocaq, bir süfrə başında cəm olacaqlar. Qeyri-iradi olaraq bu əbədiyyət yuxusunun nizamını pozmamaq üçün ayaq səslərini boğmağa, qımıldanmamağa, nəfəsini içinə çəkməyə məcbursan. Qorxursan səs düşə, aləm oyana. Belədi Amasiya Muzeyinin gerçək yaşamı. Bir balaca sayğısızlıq göstərərsən, Hitit Fırtına Tanrısının qəzəbi tutar səni. Muzeyin saxlancından qalxar, dikələr…
Saraydüzü Qışlağı Milli Mücadilə Muzeyi və Konqres Mərkəzi isə Amamsiya tarixinin ən önəmli, xüsusi şərəf duyğusu ilə ziyarət edilən bir məkandır; Nümayiş edilən hər eksponat Türkiyə Cümhuriyyətinin təməlini yaradan Amasiya təhsilinin baş ucalığını ortaya qoyur. Nəzər çəkən hər bir sənəd dil açıb 12 iyul 1919-cu ilin unudulmazlığından söhbət açır; o gözəl gündə, o şanlı tarixdə şövkətli Mustafa Kamal Paşa öz silahdaşları ilə bərabər Amasiyaya gəldi. İyirmicə gün sonra isə bu gözəl diyar artıq öz müstəqillyinə qovuşdu, gözəlimiz Türkiyə «dünyaya günəş kimi doğdu…»
Paşanın Türkiyə Cümhuriyyətinin təməl daşı olaraq Amasiyanı seçməsi təsadüf deyildi ki! Ruh ruhu, istək istəyi çəkirdi. Türk dünyasının ən möhtəşəm tarixi gəlişmələrinin fikir babaları məhz buradan, muzeylər şəhəri Amasiyadan zəfər yolçuluğuna qədəm basmışlar. Amasiya Saraydüzü Qışlası Milli Mücadilə Muzeyinin çox önəmli bir guşəsinə nəzər yetirirəm. elə bil tarix geri fırlanır. Həmin o 12 iyul 1919-cu ilin məlum xoş səhəri yenidən açılır elə bil. Amasiyanın bürcü-bürcü təpəcikləri önündə ehtiramlı qarşılanma mərasimidi… Türk hərb geyiminin səliqə-səhmanı necə də yaraşır Mustafa Kamal Paşaya! Lap öndə, şövkətli silahdaşlarından bir addım irəlidə dayanıb. Amasiya valisi də eynən onun kimi Amasiya seçilmişlərinin bir addım önündə Paşayla üzbəüz dayanıb, ehtiramla baş endirib. Ortada bir əbədiyyət sükutu… Hər cizgi bir tarix, hər nəzər bir dastan dilmancı. Baxıram. O gözəl, xoş səhərlə çağdaşlığımız, bu günümüz, lap elə bu dəqiqəmiz arasından vaxtın sınırı, sərhəddi kimi nəzər çəkən ağlı-qırmızılı bir ip bağlantısı keçir. Dünənlə bu günü bir-birinə düyən, calayan bir bağ… Zaman iynə kimi, arxasınca sürünən sap kimidi bu ipcik… Fərqli tarixləri bir-birinə calayır… Hər biri saplı qoz kimi yerindədi; öndə şövkətli Paşa, kürəyi arxasında əqidə silahdaşları, bürclər, qalalar kimi… Amasiya ağsaqqalları ehtiramla pişvaza çıxıb.
Baxıram, Amasiyanın Şahzadələr Muzeyindən mənə tanış olan səhnələr yenidən gözlərim önünə gəlir. Amasiyadan Osmanlı padşahlığına yüksəliş edən sultanların qəbul, qarşılanma səhnələrini özündə bütün incəlikləri ilə ehtiva edən guşələr tam, unikal bir türk əxlaqının daşıyıcısı kimi düzənlənir önündə. Hər duruşda bir xalq əzəməti, sultan vüqarı… Hər oturuşda yenilməz bir türk ərənliyi, ərdəmliyi.
Bu bir faktdır ki, Amasiya şahzadələr şəhəridir. 1389-cu ildə Osmanlı hakimiyyətinə daxil olan Amasiya bu tarixlərdən etibarən Osmanlı dövlətini idarə edəcək sultanların püxtələşməsi, təcrübə qazanmaları üçün vali və ya Sancaq Bəyi olaraq göndərildiyi ən önəmli mərkəzlərdən biri olmuşdur. Osmanlı sultanlarının ən tanınmış simaları Amasiyada yetişmişdilər.
Şahzadələr Muzeyinin binası 19-cu yüzillikdə Amasiya sivil memarlığının unikal, seçilən örnəklərindən biridir. 2007-ci ildə Amasiya valiliyi tərəfindən əslinə uyğun olaraq təmir edilmişdir. Muzeyin iç dünyasında söz sahibi olmuş sultanların təqribən 150 illik bir zaman kəsiyində fəal sənət nümunələrinə yer verilmişdir.
Muzeyin bütün görüntüsünə Səlcuqi və Rumi üslubu hakimdir. Yazılı qələm nümunələri Amasiyalı xəttat Mehmet Tentaşa məxsusdur, Məhmət Koşer və şagirdi tərəfindən yapılan əl işləri də xüsusilə önəmlidir.