BIR OVUC ÜMİD VER
SEVINC MURADXANLI
Demirəm şerikli sevgiden pay ver,
Demirəm gecəyəm səmama ay ver,
Demirəm qəlbimdə həsrətə hay ver,
Bir ovuc ümid ver sevməyə barı.
Gözləmə qarşında sınam, əyiləm,
Eşqimlə poladam, sınan deyiləm.
Razıyam yalandan sevəm, seviləm,
Bir ovuc ümid ver sevməyə barı.
Sevim o ümidi əziz kəs bilim,
Uyum sədasına həzin səs bilim.
Bu eşqdən bəxtimə düşən bəs bilim,
Bir ovuc ümid ver sevməyə barı.
Durum yollarında gözləyim səni,
Yollara səs salım səsləyim səni.
Eşqinlə qəlbimdə bəsləyim səni,
Bir ovuc ümid ver sevməyə barı.
Qoy axsın gözümün yaşını silmə,
Həsrətdən, hicrandan pay ver ilimə.
Sen ay vefasızım, qədrimi bilmə,
Bir ovuc ümid ver sevməyə barı.
Sevinc sənin olsun, qəm mənə qalsın,
Zirvə sənin olsun, çən mənə qalsın.
Saçlara ələnən dən mənə qalsın,
Bir ovuc ümid ver sevməyə barı.
MiqAz