"Birincilər"in birincisi və BİR İNCİSİ

Ad günün mübarək -Sevda müəllimə!

DOSYE:

Namazova Sevda Fazil qızı - 1971-ci il sentyabr ayının 30-da Ağdam rayonunda anadan olub. 1978-1988-ci illərdə Ağdam rayon 1 saylı məktəbdə oxuyub. 1990-cı ildə Nəsrəddin Tusi adına ADPU-nun ibtidai təhsilin pedaqoqikası və metodikası fakültəsinə daxil olub. 1995-ci ildə adıçəkilən universiteti bitirmişdir. 1996-cı ildən Bakı şəhəri, Binəqədi rayonu 246 saylı məktəb-liseydə ibtidai sinif müəlliməsi işləyir. Sevda xanım təlim və seminarlarda daim aktiv iştirak edir, ictimai işlərdə çox fəaldır. Rəhbərlik tərəfindən dəfələrlə fəxri fərmanlarla təltif olunub. Və həm də Azərbaycan mətbuatında məqalələri ilə tez-tez çıxışlar edir.

"Dünyada müəllimdən şərəfli ad tanımıram”

"Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram”, - deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. "Hər kəs öz tərcümeyi-halı, öz həyat yolu ilə məktəbin, müəllimin insanın həyatında nə kimi rolu olduğunu bilir və onu qiymətləndirməlidir. Mən isə bütün varlığımla, keçdiyim həyat yolu ilə həmişə məktəbə, müəllimə borcluyam.”- bu ifadə də ümummilli liderimiz Heydər Əliyevə məxsusdur. Prezident İlham Əliyevin "Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər” fikrini reallığa çevirən Azərbaycanın böyük müəllim ordusu var və onlar respublikamızın intellektual potensialının gücləndirilməsi yolunda yorulmadan fəaliyyət göstərirlər. Belə müəllimlərimizdən biri də Sevda Namazovadır. Savadı, intellekti, ziyalılığı, xanımlığıyla, bir sözlə, əsl Azərbaycan xanımının klassik xüsusiyyətlərini özündə cəmləşdirən bu xanımın bu gün ad günüdür! Ad gününüz mübarək, Sevda xanım! 

Redaksiyamızın sizi təbrik etməkdə məqsədi və məramı tutduğunuz bu yolda uğurlar diləməklə bahəm, sizin kimi istedadlı müəllimələri cəmiyyətə tanıtmaqdı. 

Sevda xanımın BİRİNCİLƏRİ

 Sevda Namazova yeni "birinci"ci Fazil Səfərli ilə 

Sevda Namazova həmişə birinciləri hazırlamaqla məşğul olub. İbtidai sinfləri hazırlamaq, onların savad və pedaqoji baxımdan tərbiyəsi ilə məşğul olmağın zövqündən çox məsuliyyəti var. Sevda xanımın vaxtilə birinciləri olmuş şagirdlər indi Azərbaycanın bəzi sahələrində BİRİNCİdirlər. Onlar Azərbaycan dövlətinin, onun iqtisadiyyatının çiçəklənməsində yaxından iştirak edirlər. Bu, Sevda xanımın zəhmətinin bəhrəsidir. Bu il də Sevda xanım yeni birinciləri qəbul etdi. Kim bilir, Sevda xanımın builki birinciləri arasında gələcəkdə Azərbaycan cəmiyyətinə böyük töhfələr verən hansı şagirdlər tarixə imza atacaqlar. Bu günün tarixində məhz sizə deyirik: Sevda xanım, ad gününüz mübarək!

Valideynlərin və şagirdlərin sevimlisi - Sevda xanim

Valideynlər arasında Sevda xanımın xüsusi hörməti var. Səbəbsə çox sadə. Sevda Namazova şagirdlərinə heç vaxt fərq qoymayıb. Bütün sinfə eyni gözlə, bütün şagirdlərə öz övladı kimi baxır. Bunu da qeyd etməyi özümüzə borc bilirik ki, bu hörmətin qazanılmasında məktəb rəhbərliyinin də xüsusi zəhməti var. Çünki rəhbərlik həmişə Sevda xanımım zəhmətini qədərincə qiymətləndirib. Məhz sizi sevən, övladlarının gələcəyini sizə tapşıran valideynlər adından: Sevda xanım, ad gününüz mübarək!

"Elm ATASI"na peyğəmbər qiyməti

Elm öyrətmək, savadlı şagird hazırlamağın qiymətləndirilməsi dinimizdə də uca tutulub. Peyğəmbərimizdən bir hədis var: "İnsanın iki atası olur. Bir doğma, bir də "ELM ATASI". Əgər sənə sual olunsa ki, hansı atanın sözündən çıxa bilməzsən, doğma atanın, yoxsa "ELM ATAsı"nın, cavab belədir - "ELM ATASI"nın sözündən heç vaxt çıxmaq olmaz".
Yüzlərlə şagirdə ana, ata, vətən, torpaq, AZƏRBAYCAN adını yazmağı öyrədən, onu şirin-şirin tələffüz etdirən Sevda xanım Namazova da neçə-neçə savadlı şagirdin, bu gün Azərbaycanın dövlət idarə və müəssisələrində işləyən şagirdin ELM ATASI olub.
Yüzlərlə insanın "ELM ATASI" - Sevda xanım, ad gününüz mübarək!


 
P.S. Qarşıdan müəllimlər günü gəlir. Bu məktəb həqiqətən də məktəblərə nümunə, müəllim heyəti isə müəllim adına layiq insanlardı. Azərbaycan dövləti üçün hazırlanan və hər il yüksək balla ali məktəblərə qəbul olunan tələbələrin statistikası bunun əyani sübutudur. Və onu da oxucularımıza xatırlatmaq istəyirik ki, 246 saylı məktəb-liseyin direktoru Almaz xanım Bayramovanın yüksək savadı və intellekti, müəllim və şagird heyətinə qayğısı, bir sözlə, əsl şərq qadınına, Azərbaycan mentalitetinə xas xüsusiyyətləri bu məktəb haqqında ancaq yüksək fikirlər söyləməyə əsas verir ki, biz də hamılıqla - başda məktəbin direktoru Almaz xanım Bayramova olmaqla, - 246 saylı məktəb-liseyin müəllim kollektivini təbrik edirik, "BAYRAMINIZ MÜBARƏK OLSUN!" deyirik.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az