"Boksyor" icra başçısı Süleyman Mikayılov haqqında niyə yaxşı yazmırlar?


Miq.az xəbər verir ki, Azərbaycanda bir çox icra başçıları var ki, cəmiyyət tərəfindən müsbət qarşılanmır. Bu həm də onunla əlqələndirilir ki, cəmiyyətdə ictimai rəyi mətbuat formalaşdırır. O ki qaldi mətbuatın və mətbuatdakıların rəy formalaçdırmaq üzrə iman DƏRƏCƏLƏRİNƏ...qoy hər kəs öz imanına görə cavab versin deyib, bunu yazı müəlliflərinin boynuna qoyaq...

 Mətbuat tərəfindən haqqında daha çox tənqidi materiallar yazılan icra başçılarından biri də Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovdur. Süleyman Mikayılov bu posta qədər icra başçısı kimi özünü Yardımlıda və Lənkəranda sınayıb. Düzdür, cənab Mikayılovun Lənkərandan niyə, nə səbəbə Qaradağa təyinat alması ilə bağlı mətbuatda o qədər də dolgun məlumat getməyib. (Bu haqda Miq.az-ın növbəti araşdırma yazısında bəzi nüanslara toxunacağıq)...

Süleyman Mikayılov haqqında axtarış-google.az vasitəsilə 

AFN.az mətbuatda müxtəlif dövlət rəsmiləri, vəzifəli şəxslər haqda zaman-zaman yazılan yazıların xülasəsini növbəti dəfə təqdim edir. Bu dəfə google.az-ın verdiyi imkanlardan yararlanaraq son illərdə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov haqda yazılanları yığcamlaşdırdıq. Xronikanı izləyərkən ortaya maraqlı məqam çıxır. Buyurun, siz də həmin məqamlarla tanış olun.

Beləliklə, google.az-da Süleyman Mikayılov yazıb axtarışa veririk. Qarşımıza ilk olaraq S.Mikayılov haqda vikipedia məlumatları çıxır. Mediada yazılan bəzi məlumatların gerçəyə nə qədər yaxın olduğunu öyrənmək üçün bu məlumatla mütləq tanış olmaq lazımdır:

Süleyman Surxay oğlu Mikayılov 1962-ci ildə aprelin 27-də anadan olub. 1979-cu ildə Naxçıvan şəhər 2 saylı orta məktəbini, 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2004-cü ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir.
1979-cu ildə Naxçıvan şəhər Uşaq idman məktəbində məşqçi kimi əmək fəaliyyətinə başlayıb. 1984-1994-cü illərdə Naxçıvan şəhər orta ixtisas musiqi məktəbində bədən tərbiyəsi rəhbəri, 1994-1995-ci illərdə «Səma» kiçik müəssisəsinin direktoru işləyib.
1995-1999-cu illərdə Bakı Baş Gömrük İdarəsinin Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulmasına Qarşı Mübarizə şöbəsinin rəisi, idarə rəisinin birinci müavini, idərənin rəisi vəzifələrində çalışıb.
1999-2001-ci ildə Dövlət Gömrük Komitəsinin İşlər İdarəsi rəisinin müavini, bir müddət Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi işləyib.
2005-ci ildə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı, 2005-2010-cu illərdə isə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalşıb.
Azərbaycan Respublikası Prezidentinin 4 mart 2010-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
2003-cü ildən Azərbaycan Respublikası Boks Federasiyasının vitse prezidentidir.
Ailəlidir, iki övladı var.

Naziri döyən icra başçısı

Daha sonra 2012-ci ildə musavat.com saytında işıq üzü görən "ADI NAZİR DÖYMƏKDƏ HALLANAN İCRA BAŞÇISI "YENİ MÜSAVAT”a DANIŞDI” başlıqlı yazı çıxır. Yazıda qeyd edilir: "Ailə sürücümüz var, lazım olanda həmin maşından istifadə olunur. Bu, düzgün məlumat deyil. Bir də ki, ailə məsələlərinin bu cür hallandırılmasının əleyhinəyəm. Yaxşı olar ki, mətbuat belə şeylər yazmasın, belə işlərə getməsinlər.” Bu sözləri "Yeni Müsavat”a açıqlamasında Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov deyib. Qeyd edək ki, "Qafqazinfo” iyunun 13-də axşam saatlarında Muzey Mərkəzinin qarşısında yol hərəkəti qaydasının kobud şəkildə pozulması haqda xəbər yayıb. Xəbərdə bildirilir ki, Az 90 DO 777 dövlət nömrə nişanlı "Porshce” markalı avtomaşın səkinin üzərinə çıxaraq təxminən 20 metr kənarda muzeyə giriş pilləkənlərinin yanında park edilib: "Nəinki bu muzeyin rəhbərliyi, hətta nazir Əbülfəs Qarayev və digər dövlət məmurları bu muzeyə gələrkən maşınlarını pilləkənlərin qarşısına sürdürmürlər. Onların avtomaşınları yolun kənarında saxlanılır və özləri muzeyə piyada gəlirlər. Bununla yanaşı qeyd etmək lazımdır ki, muzeyin dörd bir yanında avtomobillərin park edilməsi üçün yer var. Lakin bu avtomobilin sahibi görünür özünü digərlərindən üstün göstərməyə çalışır”. Musavat.com-un yazısında daha sonra başçının digər açıqlamaları yer alır.


İcra başçısı Süleyman Mikayılov necə hüquqşünas oldu?

Növbəti qarşımıza çıxan yazı liderinfo.az saytına aiddir. Başlıq belədir: "Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov necə hüquqşünas oldu?- Araşdırma”. Başlıqdan da göründüyü kimi yazıda S.Mikayılovun şübhəli təhsil tarixçəsindən bəhs edilir. Bu şübhə yuxarıda S.Mikayılovun təhsili və iş fəaliyyəti ilə bağlı vikipediya məlumatı ilə tanış olan hər bir şəxsdə yarana bilər. 2004-cü ildə hüquq təhsilini bitirən birinin 2005-ci ildə rayon icra başçısı olması xeyli şübhələrə yol açır.


Süleyman Mikayılov Zakir Fərəcovu məhkəməyə verib-"İcra başçıları məhkəmədə toqquşdu"

2013-də mia.az saytında "İcra başçıları məhkəmədə toqquşdu: Süleyman Mikayılov Zakir Fərəcovdan nəyi tələb edir?” başlıqlı yazı dərc edilib. Yazıda bildirilir ki, Bakının Qaradağ rayonunun icra başçısı Süleyman Mikayılov Abşeronun icra başçısı Zakir Fərəcovu məhkəməyə verib.

2015-də legion.az saytında "Qaradağ İcra Hakimiyyətində qalmaqal - Süleyman Mikayılov qardaşından şikayətçi olanları qovdurdu” sərlövhəli yazıda xeyli maraqlı məlumatlar əksini tapır. Yeri gəlmişkən, qeyd edək ki, S.Mikayılovun qardaşının əməlləri ilə bağlı da xeyli məlumatlar mediada özünə yer alıb. Aşağıda onların bəzilərilə tanış olacaqsız. Yuxarıda bəhs etdiyimiz yazıda qeyd olunur: "Qaradağ rayon İcra Hakimiyyətində qalmaqal baş verib. Bu barədə jam.az -a rayondakı mənbələrdən məlumat daxil olub. 

Qalmaqala səbəb isə Qaradağın icra başçısı Süleyman Mikayılovla görüşmək üçün gəlmiş vətəndaşların onunla görüşə buraxılmaması olub. Daha doğrusu, həmin şəxslər icra başçısının qardaşı Bağır Mikayılovdan şikayətçi olduqlarını və Süleyman Mikayılovla görüşərək, problemi çözmək üçün gəldiklərini bildiriblər. Nəticədə, İcra Hakimiyyətinin işçiləri onları görüşə buraxmayıb. Və bu tapşırığın da Mikayılov tərəfindən verildiyi bildirilir”. 

"Diplom qalmaqalından Qaradağ biznesinə qədər”

2015-ci ildə yenilik.az-da "Süleyman Mikayılov haqda dosye: diplom qalmaqalından Qaradağ biznesinə qədər” başlıqlı yazı işıq üzü görüb. Məqalədə qeyd edilir: "Sovet dönəmində olduğu kimi, müstəqillik illərində də rayon rəhbərləri bölgələr üçün "balaca padşahlar”a çevrilib. "Birinci katib” stasusu yalnız ad olaraq dəyişib, forma və məzmunca isə sadə vətəndaş üçün situasiya daha da ağırlaşıb. Eyni zamanda yeni dönəmin "balaca padşahları” öz fəaliyyətləri, müxtəlif olaylar və xobbiləri ilə daha çox təəccübləndirir.

"Balaca padşahların böyük nağılı”

Oxucular üçün maraq doğuracağını nəzərə alıb icra başçıları haqda yayılan məlumatlar əsasında onların portretini çızmağa çalışacayıq. "Balaca padşahların böyük nağılı” adlı rubrikamızda ilk olaraq cumhuriyyet.az Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılovun portretini sizə təqdim edir”. Yazıda daha sonra maraqlı məsələlər əksini tapır.

"Süleyman Mikayılov Qaradağı "nokauta” salıb”

2014-cü ildə anaxeber.az-da "Süleyman Mikayılov Qaradağı "nokauta” salıb” başlıqlı məqalənin yarımbaşlığı belədir: "İdmançı icra başçısı necə hüquqşünasa çevrildi?”

"Süleyman Mikayılov Kəmaləddin Heydərova güvənir”

Növbəti yazı 2012-ci ildə azadliq.info-da işıq üzü görüb: "Süleyman Mikayılov Kəmaləddin Heydərova güvənir”, "Qaradağ sakinlərinin səbri tükənib”-belə bir başlıq və yarımbaşlıqla işıq üzü görən yazıda qeyd edilir: "Azadlıq”ın ötən saylarında Qaradağ rayonunun bir qrup sakininin redaksiyamıza göndərdiyi material əsasında yazı dərc edilib. İcra başçısı Süleyman Mikayılovun fəaliyyətindən narazılıq edən şikayətçi tərəf rayonda baş verən haqsızlıq, acınacaqlı vəziyyətdə birbaşa onun günahkar olduğunu bildirib. Qaradağdan gələn növbəti müraciətdə dövlət başçısı İ.Əliyevə üz tutan sakinlər icra başçısının rayona rəhbərlik etdiyi iki il müddətində Lökbatan qəsəbəsinin sosai cəhətdən iflic olduğunu yazıb. Müraciətə A.Ağayev, F.Məmmədov, M.Hüseynov, K.Ağayev, E.Məmmədov və S.Ağayev imza atıb.

 "İcra başçısı Qaradağı xüsusi mülkiyyəti kimi idarə edir"

2015-ci ildə xalq.az-da "Süleyman Mikayılov Qaradağı acınacaqlı duruma salıb” başlıqlı yazı da axtarış zamanı çıxır. Yazıda qeyd edilir: "Sənaye baxımından çox böyük potensiala malik olan Qaradağ rayonunda acınacaqlı durum yaranıb. İcra hakimiyyətinin başçısı Süleyman Mikayılovun xüsusi qanunları ilə idarə olunan rayonda ciddi sosial-siyasi problemlər hökm sürür. Rayondan aldığımız məlumatlara əsasən, icra başçısı Qaradağı xüsusi mülkiyyəti kimi idarə edir. Burada ən böyük sahibkar, iş adamı elə Süleyman Mikayılovun özüdür”. 

2015-də 7news.az-da "Qaradağ icra başçısı Süleyman Mikayılov haqqında daha bir ilginc məlumat - İŞƏ NİYƏ ÇIXMIR?” başlıqlı yazıda iddia edilir ki, icra başçısı məcburi məzuniyyətə çıxıb: "Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov bir aya yaxındır ki, məcburi məzuniyyətə çıxıb. Bu barədə icra hakimiyyətindəki mənbələrdən məlumat daxil olub”.


"Süleyman Mikayilov qardaşının güdazına gedir”

2016-da aztoday.az-da yazılıb: "Süleyman Mikayilov qardaşının güdazına gedir”

"Qaradağ rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun qardaşı Bağır Mikayılova cinayət işi açıla bilər. Demokratiya.info xəbər verir ki, Mikayılovun adının cinayət işinə qarışmasına səbəb törətdiyi hadisə ilə bağlıdır. Bildirilir ki, Süleyman Mikayılovun qardaşı bir müddət əvvəl müxtəlif şəxslərə Qaradağ rayonu ərazisində torpaq sahələri satmaq və ya şəxslərə tikinti üçün icazələrin alınması məsələsində yardım edəcəyini təklif edib. Onun icra başçısının qardaşı olmasını bilənlər tərəddüdsüz təkliflərini qəbul edib, işlərin müqabilində pullar ödəyiblər. Bəzi bilgilərə görə, belə adamların toplam sayı 50 nəfərdən çoxdur”.

"Süleyman Mikayılov Qaradağı özəlləşdirib - təfsilat”

Politika.az saytında bir neçə gün əvvəl belə bir yazı işıq üzü görüb: "Süleyman Mikayılov Qaradağı özəlləşdirib - təfsilat”

Yazıda qeyd edilir ki, icra başçısının icazəsi olmadan rayonda daşı daş üstə qoymaq mümkün deyil, əsas obyektlər isə yalnız ona məxsus olmalıdır: "Qaradağın icra başçısı, «Çakır» ləqəbli Süleyman Mikayılov rayonu tamamilə özəlləşdirib. Politika.Az xəbər verir ki, icra başçısı rayondakı bütün gəlirli sahələri və məkanları tamamilə nəzarəti altına keçirib. Belə ki, yolkənarı və ya əlverişli yerləri ələ keçirən Mikayılov, torpaq sahələrinin üzərində özünə onlarla obyekt inşa etdirib”. Yazıda daha sonra digər məsələlər haqda da qeyd edilib.

"Süleyman Mikayılov hakimiyyətin etimadını niyə itirib?”

Növbəti rastımıza çıxan yazı 2015-ci ildə arqument.az-da gedib. Başlıq belədir: "Süleyman Mikayılov hakimiyyətin etimadını niyə itirib?”

Yazıda qeyd edilir: Qaradağın icra başçısının özfəaliyyəti, daha doğrusu Azərbaycan hakimiyyətindən gizli şəkildə Avropa Boks Konfederasiyasının vitse prezident olmaq üçün sövdələşmələrə getməsi yüksək dairələrdə açıq qəzəblə qarşılanıb və bu üzdən də vəzifədən alınması artıq çoxdan PA-da müzakirə olunmaqdadır”...

"Süleyman Mikayılov prezidentin sərəncam və tapşırıqlarını saymır?


2016-cı ildə legion.az-da yazılıb: "Süleyman Mikayılov prezidentin sərəncam və tapşırıqlarını saymır? – FAKTLAR”

Yazıda bildirilir ki, Qaradağın icra başçısı Süleyman Mikayılovun adı milyonluq korrupsiyada hallanır: "Prezidentin 6 aprel 2011-ci ildə rayonun Ələt və Qobustan qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında imzaladığı sərəncam yerinə yetirilməyib...”

"Süleyman Mikayılov nakautda: 500 minlik qalmaqallı pul "razborka"sı”

2016-da bakinews.az saytında belə bir yazı işıq üzü görüb: "Süleyman Mikayılov nakautda: 500 minlik qalmaqallı pul "razborka"sı”

Yazıda qeyd edilir: "Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov karyerası dövründə ən çətin günlərini yaşayır. Belə ki, savash.org-un verdiyi məlumata görə, icra başçısı I Avropa Oyunları ərəfəsində guya ondan fantastik dərəcədə pulun alınmasını ictimailəşdirdiyinə görə cəzalana bilər. 

Belə ki, Avropa Oyunlarından dərhal sonra sahibkarlardan və büdcə təşkilatlarından hər ay topladığı rüşvətin məbləğini artıran Süleyman Mikayılov bunu Avropa Oyunları zamanı ciddi xərcə düşməsi ilə izah etməyə çalışıb. Bununla bağlı informasiyalar "yuxarılar”a çatdıqdan sonra isə ona qarşı münasibət mənfiyə doğru dəyişib...”

Google.az-da axtarış zamanı çıxan ilk iki səhifədə təxminən 15-16 yazının demək olar ki, əksəriyyəti mənfi xarakterlidir. Mətbuat cəmiyyətin güzgüsüdür deyiminə əsaslansaq, görünən odur ki, S.Mikayılov vəzifəsinin öhdəsindən o qədər də yaxşı gəlmir. 

Süleyman Mikayılov haqqında tənqidi materiallar çoxdur...Bəlkə də ölkə mediasının bilmədiyi çox şeylər yazılmayıb. Elə Miq.az-a Süleyman Mikayılov haqqında daxil olan elə məlumatlar var ki, heç bir mətbu orqanında getməyib...Amma o informasiyalar heç gedən də deyil...Çünki iki kişi arasında mərdi-mərdanə əlbəyəxa döyüş tərəflərin razılığı ilə qeyri-rəsmi olur...Razılaşmaya görə məğlub tərəf uduzur...Və həqiqətən də məğlub tərəf uduzub...Həm də qeyri-rəsmi. İki Məhşur kinoda deyilən iki kişinin bildiyi sirr deyil deyimini oxuculara xatırladıb, elə informasiyalar var ki, onu mətbuata çıxartmaq yaxşı hal deyil deyib, yazını ixtiyarınıza veririk...

Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az