Borcumuzun bir misqalı...

Borcumuzun bir misqalı...

Heydər Əliyev – müasir müstəqil Azərbaycanın ATAsıdır. Bu ifadəni işlətməkdən əsla çəkinmirəm. Biz və bizdən sonra gələn neçə-neçə nəsillər millət ATAsı Heydər Əliyevə mənən borclu olacağıq.  Azərbaycan torpağına, xalqımıza nə qədər borcluyuqsa, elə bir o qədər də Heydər Əliyevə borcluyuq. Bu kitab da, ulu tarixmizə əbədiyyətə qədər bələdçi olacaq Heydər Əliyevə borcumuzun bir misqalı, bir damlasıdır. Heydər Əliyev böyük bir epoxanın keçmişə çevriləcək  və ordan gələcəyə boylanacaq elə bir misilsiz dühadır ki, nəsillər onu dönə-dönə öyrənəcək, irsini sevə-sevə araşdıracaqlar. 

Borcumuzun bir misqalı olan bu kitab "Xalq qəzeti”nin 2023-cü il – "Heydər Əliyev İli” çərçivəsində Əməkdar jurnalist İlqar Rüstəmovun gerçəkləşdirdiyi "Heydər Əliyev xatirələr işığında” fərdi layihəsi əsasında hazırlanmış müsahibələr toplusudur. Müsahiblərin hər birində o böyük dühanın dövlətçilik fəaliyyətinin bir çox məqamlarına işıq salınır. Onları son dərəcə maraqlı edən məqam isə ondan ibarətdir ki, müsahiblərimizin hamısı  Ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu  hər iki dönəmdə yüksək dövlət vəzifələrinə irəli çəkdiyi və  onun rəhbərliyi altında çalışmış tanınmış ictimai, siyasi, dövlət, ədəbiyyat və mədəniyyət xadimləridir. 

İlk baxışdan gənc yaşlarından dövlət və hakimiyyət orqanlarında yüksək vəzifələrdə çalışan, sonra Azərbaycana rəhbərlik edən, daha sonra SSRİ kimi nəhəng dövləti idarə edən üç şəxsdən biri olan Heydər Əliyevin rahat bir həyat sürdüyü  düşünülə bilər. Amma onun keçdiyi yola nəzər salanda görürsən ki, Heydər Əliyevin bütün həyat və fəaliyyəti çox ziddiyyətli və gərgin tarixi hadisələr burulğanında keçib. O, hələ uşaq yaşlarından əzizlərindən şirin nağıllar yox, doğmalarına  və el-obasına qarşı erməni cəlladları tərəfindən törədilən soyqırımları haqqında qandonduran  gerçək əhvalatları dinləyə-dinləyə böyüyüb. 14-15 yaşlarında "Qırmızı imperiya”nın amansız həbslərinin, terror və sürgünlərinin şahidi olub. Gəncliyin şirin vaxtlarında isə milyonların ölümünə fərman verən İkinci dünya müharibəsinin ən acı və amansız günlərinin ağrılarını yaşayıb.  Sonra da "Qırmızı imperiya”nın   bu müharibənin xarabalıqları üzərində necə yüksəldiyini görüb və bu prosesdə karyerasının ən çətin, amma çox şərəfli dövrünü yaşamağa başlayıb.
Bu hadisələr, daha doğrusu, bu siyasi fırtınalar burulğanında heç bir səhvə yol vermədən Azərbaycan naminə çalışmaq, işləmək, hakimiyyətin zirvəsinə aparan pillələrlə yüksəlmək, əsla adi insan zəkası, ağlı, cəsarəti, qətiyyəti və bacarığı ola bilməzdi. Elə ona görə də gənc yaşlarından yüksək vəzifəli dövlət məmurlarının diqqət mərkəzinə düşən Heydər Əliyevə vəzifələrin, tapşırıqların ən mürəkkəbi və çətini həvalə edilib. Çünki onun ağlına, zakasına və bacarığına kimsə şübhə etməyib. 
Nəhayət, qorxulu və adı ilə belə insanlarda sürgün və terror xofu oyadan DTK adlı xüsusi xidmət orqanının Azərbaycandakı komitəsinə rəhbərlik edib. Burada, məhz bu qurumda Heydər Əliyev bu vaxta qədər xalqına və Vətəninə qarşı olan ədalətsizlikləri ən müdrik və gizli şəkildə haqq tərəzisinə qoymağa, xalqına layiq olduğu dəyərin verilməsinə çalışmağa başlayıb. Sonra isə böyük siyasətin ilk pilləsinə ayaq qoyub və Azərbaycana rəhbərlik edib. Bu kürsüdə canı qədər sevdiyi Azərbaycana  xidmət etmək üçün daha böyük imkanlar yaranıb. Amma bu imkanların hər biri xırda bir səhv üzündən onun karyerasına son qoya bilərdi.  Gənc istedad isə  belə səhv etməyə əsla yol verə bilməzdi, çünki qarşıda daha böyük işlər və arzulara sığmayan planlar var idi. 
Bu kitabda fikirləri əksini tapmış ilk müsahibimiz Həsən Həsənov Ulu öndərin respublikaya rəhbərliyi dövründə onun ən yaxın silahdaşlarından biri olub. Həsən müəllimin on bir söhbətində Heydər Əliyevin Azərbaycana ilahi vurğunluğunun və ölkəsinin  inkişafı üçün nələrdən keçdiyinin çox maraqlı məqamlarını oxuyur və bir daha o, dahinin qətiyyətinə, cəsarətinə və zəkasına heyran olursan... 

Çox keçmir ki, "Azərbaycana sığmayan”və "Moskvada lazım olan” Heydər Əliyevin hakimiyyətinin miqyası və dairəsi böyüyür. Bundan sonra ona həsəd aparan, azərbaycanlı olduğu üçün onu heç cür qəbul edə bilməyən, fürsət düşəndə arxadan ona zərbə vurmağa çalışanlar da artır. Nəhayət, SSRİ-nin xilasını məhz Heydər Əliyevdə görən İttifaq rəhbərləri dünyadan köçər-köçməz, böyük AZƏRBAYCANLI Kremldə arzuolunmaz şəxsə çevrilir.  Bəzi rus tarixçilərinin etiraf etdiyi kimi, elə bununla da SSRİ-nin dağılmasına hökm verilir. Kitabdakı  müsahiblərimiz yeri gəldikcə bu haqda da kifayət qədər maraqlı faktlar açıqlayırlar.
İmperiya dağılanda, dövlət müstəqilliyinin əsaslarını yaratmağa illərin əməyini sərf etdiyi Azərbaycanın faciəyə sürükləndiyini görən Heydər Əliyevin ürəyi dağlanır. Susmağı, özünü kimlərəsə yaxşı göstərməyi bacarmayıb, münasibətini, mövqeyini ortaya qoyur. Amma hakimiyyət hərisləri bu ustad siyasətçinin məsləhətlərinə qulaq asmaq yerinə,  ciddi rəqib bildikləri, doğma Naxçıvanın qucaq açdığı Heydər Əliyevə qarşı mübarizəyə başlayırlar. Heydər Əliyevin xidmətlərini unutmayanlar isə ona dəstək olmağa çalışırlar. Bu haqda da müsahibələrdə zəngin və son dərəcə maraqlı faktlara yer verilir. 
...Azərbaycan uçuruma, fəlakətə yaxınlaşır. Son məqamda xalq xilas üçün Heydər Əliyevə üz tutanda, böyük AZƏRBAYCANLI bütün ədalətsizlikləri unudaraq Azərbaycanın miskin günə düşmüş  baş kəndinə, heç də asan olmayan hakimiyyət məsuliyyətini üzərinə götürməyə gəlir.  Gəlir ki, həm canı qədər sevdiyi Azərbaycanı və onun dövlətçiliyini, həm də son ümidini ona bağlayan xalqını xilas etsin.  
Ömrü mübarizələrdə keçmiş, ədalətsizliklərdən qəlbi, sözün əsl mənasında, qırılmış 70 yaşlı Heydər Əliyev ağıla gəlməyən enerji və qətiyyətlə qalan ömrünü uzun illər qəlbində gəzdirdiyi, xəyalında canlandırdığı arzusunu – müstəqil Azərbaycanı tarixə şahidlik edəcək dövlətə çevirməyə başlayır. 
Xarabalığa çevrilən ölkədə yeni, müstəqil Azərbaycanı təməldən qurmağa başlayır. On ildə ağıla gəlməyən işlər gerçəyə çevrilir. Məhz Heydər Əliyevin reallaşdırmağa başladığı beynəlxalq enerji layihələri sayəsində miskin Azərbaycan az bir vaxtda dünyanın diqqət mərkəzinə düşür, müasir ölkənin iqtisadi qüdrətinin əsasları qoyulur. 
Heydər Əliyev ölkəyə yeni Konstitusiya verir, onu müdaxilədən qoruyacaq, 27 ildən sonra torpaqlarımızı erməni işğalçılarından təmizləyərək Zəfər çalacaq Milli Ordunun sürətli inkişafını təmin edir. Ən başlıcası isə dünyanı inandırır ki, Azərbaycan müstəqil dövlət kimi sərbəst xarici siyasət aparır və bütün ölkələrlə bərabər səviyyəli əməkdaşlığa açıqdır.
Kitabdakı müsahibələrdə  Heydər Əliyev sevdalıları, sadə oxucular üçün Ulu öndərin insani xarakterinin çox incə cizgilərini açan əhvalatlar da yer alıb. Onun hakimiyyətinin ilk illərində Azərbaycanın bölgələrinə səfərləri zamanı sadə əmək adamları ilə görüşdə onlarla necə təmas qurduğu, hətta zarafat etdiyi  epizodlar və əhvalatlar oxucuda xoş əhval-ruhiyyə oyadır. Məsələn, Əhməd Əhmədzadənin müsahibəsində belə bir görüş nəql edilir. Üzüm plantasiyalarını gəzən Heydər Əliyev "Lenin orden"li Pənah adlı briqadirin sahəsinə gəlir. Heydər Əliyevin bunun sahəsindən xoşu gəlir. Ordan-burdan sual verir. Sonra qayıdır ki,  "Pənah, neçə uşağın var?” Pənah cavab verir ki, "Altı uşağım var”. Heydər Əliyev deyir: "O biri briqadir dedi 10 uşağı var”. Briqadir cavandır, deyir: "Biz də ona çatdırarıq”. Deyir: "Pənah, bunu sən deyirsən, bəs həyat yoldaşın?”. Deyir: "Yoldaş Əliyev deyəndən sonra onun haqqı nədir nə desin...” Heydər Əliyev briqadirin bu sözündən ürəkdən gülür. Kiçik bir zarafat olsa da, əslində onun arxasında respublikada əhalinin artımı düşüncəsi ilə deyilən ciddi məqamlar var... 
Bu gün nə qədər ki, Heydər Əliyevin müasirləri yaşayır, biz Ulu öndər haqqında nə varsa hamısını toplayıb qələmə almalıyıq. Bunu özümüz üçün yox, gələcək nəsillər üçün etməliyik. Çünki özümüzün qismətimizə müəyyən mənada onun müasiri olmaq düşüb, onu canlı görmək, səsini eşitmək, xarizmasından, yerişindən, duruşundan qürur yaşamaq nəsib olub. Hətta bəzilərimiz əl uzadıb əlini sıxmaq  sevinci yaşayıb. 
Bu kitabda müsahibəsi çap olunan insanlarsa bizdən qat-qat çox onunla təmasda olu, onun rəhbərliyi altında işləmək şərəfnə nail olublar. Bəziləri yaxşı işlədiklərinə, tapşırıqlarını vaxtında yerinə yetirdiklərinə görə  Heydər Əliyevin təşəkkürünü mükafat alıb sonsuza qədər bunun sevincini unutmayıblar. 
Həsən Həsənov kimi dövlət xadimləri isə sovet adamlarının "Qırmızı imperiya”nın terror və sürgününün qorxusundan  tük tökdükləri zamanda Azərbaycanın milli dəyərlərinin, mənəvi dayaqlarının dağılmasına imkan verməmək, tarixi yaddaşımızı qorumaq üçün Heydər Əliyevin ən təhlükəli tapşırıqlarını fədakarlıqla icra etməkdən belə çəkinməyiblər. Bu kitabda belə faktlarla bağlı  da çox maraqlı söhbətlər əksini tapıb...  
Kitabın özəl məziyyətlərindən biri də burada Ulu öndərin həyat fəaliyyətini əks etdirən "Dahi ömrünün anları” adlı üç şəkilli albomun yer almasıdır. "Azərbaycana doğan Günəş” Heydər Əliyevin hakimiyyətinin ilk dövrünü, "Möhtəşəm yüksəliş” onun Moskvada SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini olduğu və Naxçıvana qayıdışı dövrünü, "Qayıdışın zəfər təntənəsi” adlı albom isə müstəqil Azərbaycanın Prezidenti olduğu dövrü əhatə edir. 
...Heydər Əliyev insanın dünyada əbədi olmadığını, ancaq adının əbədi qala biləcəyini bilirdi. Əbədiyyəti də hər adamın qazana bilmədiyini çox görmüşdü. Bütün bunlara rəğmən əbədi yaşamağa iddialı olmayan İNSAN, tarix və xalq qarşısında, Azərbaycan qarşısında xidmətləri ilə adını əbədiyyət zirvəsinə qızıl hərflərlə yazdı. İllər ötəcək, tarixlər dönəcək, Azərbaycan hansı epoxaya qədər var olacaqsa, Heydər Əliyevin adı da onun tarixində əbədi yaşıyacaq. 


Əflatun AMAŞOV,  
"Xaql qəzeti”nin baş redaktoru 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az