“The Sunday Times” qəzetinin hər il dərc eydiyi varlılar siyahlısında özbək əsilli Rusiya oliqarxı Əlişir Usmanov 13 milyard 300 milyonluq varidatı ilə Britaniya və İrlandiyanın ən varlı adamı elan edilib.
London yaxınlığındakı Surrey əyalətində mənzillənmiş 59 yaşlı maqnat olduqca geniş bizneslərə və biznes maraqlarına malikdir.
Yeri gəlmişkən, Rusiya oliqarxı Boris Berezovski də Surreydə yaşayırdı və iddia olunduğu kimi orada da dünyasını dəyişdi.
Lakin bu, Usmanovu mərhumla bağlayan yeganə nöqtə deyil.
Usmanov 2006-cı ildə Rusiyanın məşhur “Kommersant” qəzetinin sahibliyini məhz Berezovskidən satın almışdı.
İngiltərənin “Arsenal” klubunda Usmanovun 30 faizlik payı var.
Əlişir Usmanov keçmiş sovet oliqarxlarından çox da fərqli həyat yolu keçməyib.
O 1953-cü ildə Özbəkistanın əyalət şəhərində doğulsa da, Daşkənddə böyüyüb. Prokuror oğlu Əlişir 1976-cı ildə Moskva Xarici Əlaqələr İnstitutunu bitirib.
1980-ci ildə Özbəkistanda iqtisadi cinayətlərlə əlaqədar həbs olunub və ömrünün 6 ilini həbsxanada keçirib.
Özbəkistanın Ali Məkəməsi Usmanova 2000-ci ildə tam bəraət verib.
Onun Rusiyadakı biznesləri Azərbaycanda hər kəsə tanış olmalıdır. O, “Kommersant” və “Sekretı Fimı” nəşriyyatlarında paya malikdir. Bu nəşriyyatlar, məsələn, “Qatezta.ru” kimi nüfuzlu internet qəzetinə nəzarət edir.
O, Rusiyanın ikinci böyük mobil telefon operatoru MegaFonun sahiblərindən biridir.
Usmanov həmçinin Mail.ru-nun təsisçilərindən biridir və bu internet mühərriki “Odnoklasniki” və “Vkontakte” kimi populyar saytlara nəzarət edir.
Lakin Usmanovun ən böyük biznesi Rusiyanımn “Metalloinvest” korporasiyasıdır.
Bu şirkət “Qazprom”un metal işlərinə baxır.
Əlişir Usmanov prezident Putinin oliqarxlarından sayılır, beləki başqa cür o da Berezovski kimi, Risiyda biznesə və mülkiyyətə sahib ola bilməzdi.
Usmanov evlidir, xanımı, yəhudi İrina Vayner dünyanın ən məşhur gimnastika məşqçisi sayılır.
Britaniya telekanallarının bu gün yayınladığı proqramlardan görünür ki, ölkədə xarici maqnatlara bir az qibtə, bir az əsəb, bir az da qısqanclıqla baxırlar.
Çünki Britaniyanın varlılar siyahısında əsilli-köklü britaniyalı azdır. Hər halda ilk yerləri onlar tutmurlar.
İkinci yerdə Uorner Muzik səsyazma studiyaları nəhənginin sahiblərindən Len Blavatnik gəlir.
Bu, əslində Rusiyada doğulmuş Amerika biznesmeni yəhudi Leonid Valentinoviç Blavatnikdir.
Odessa da doğulmuş Blavatnik ötən il özünün BP-TNK müştərək şirkətindəki payını ötən ay 2 milyard funt sterlinqə “Rosneft” şirkıətinə satıb.
Onun ümumi sərvəti 11 milyard funt sterlinqdir.
Üçüncü yerdə Şri və Qopi Hinduja və onların Londonda mənzillənmiş Hinduja qlobal şirkəti gəlir.
Onların sərvəti 10 milyard 600 milyon funt sterlinqdir.
Əslən hindli olan bu şirkət sahibi Britaniyanın varlılar siyahısında üçüncü yerdə olan başqa bir hindlini - metallurgiya maqnatı Tac Mittalı dördüncü yerə salıb.
Cənab Mittalın 28 milyard funt sterlinqlik sərvətindən indi 6 milyard funt sterlinq qalıb.
Tac Mittal Azərbaycanda da metallurgiya sahəsi ilə maraqlanırdı, lakin bu bazara girə bilmədi.
Britaniyanın varlılar siyahısında ilk onluğa düşə bilən (8-ci yer) yeganə britaniyalı Vestminister hersoqu Qrosvenordur.
Roman Abramoviç 5-ci yerə enib.
Britaniyanın varlılar siyahısında son illərdə maraqlı bir meyl müşahidə olunur.
Əgər əvvəllər siyahıya Britaniyanın ən böyük keçmiş müstəmləkəsi olan Hindistandan çıxanlar liderlik edirdilərsə, indi onların yerini yavaş-yavaş Rusiyanın keçmiş müstəmləkələri – sovet respublikalarından olanlar tuturlar.
Halbuki, “The Sunday Times” qəzeti ilk dəfə 25 il əvvəl bu siyahını tərtib edəndə Britaniya kraliçası əlahəzrət 2-ci Elizabet 1-ci yerdə idi.
1993-cü ildən onun adı siyahıya daxil edilmir. Əlahəzrət ya birinci olmalıdır, ya da heçinci…
Ruslara və hindlilərə gəlincə isə, bir qəddar Azərbaycan zərb-məsələi var:
“Qonağın qonaqdan zəhləsi gedər, ev sahibinin hər ikisindən”…