“Bu, bizim deyil, sürücülərin problemidir” - “Azəravtoyol”dan sürüşən maşınlarla bağlı açıqlama
Ötən gecədən başlayaraq və hazırda da müşahidə edilən şaxtalı hava şəraiti nəticəsində respublikanın yollarında ciddi problemlər yaranmayıb.
Miq.az xəbər verir ki, bu barədə BakiPost.az-a "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. Onun sözlərinə görə, hava şəraiti səbəbindən yollarda ciddi problem olmasa da ,bəzi yolların buz bağlanması müşahidə edilib: "Xüsusi ilə körpüləri, Bakı Dairəvi Yolunu buz bağlayıb. Xüsusən buz bağlayan körpülərə, enişli-yoxuşlu yollara duz-qum qarışığı səpilib. Hazırda yollarda hər hansı problem yaşanmır. Əgər hər hansı problem yaranırsa, bu həmin nəqliyyat vasitələrinin qışa hazır olmaması ilə bağlıdır. Bu bizim problem deyil, sürücülərin problemidir. Sürücülərin idarə etdiyi avtonəqliyyat vasitələri qış rejiminə hazır olmalıdır. Sürücülər yay şinləri ilə hərəkət edirsə, həmin nəqliyyat vasitələri mütləq şəkildə sürüşəcək”.
Anar Nəcəfli qeyd edib ki, dağlıq rayonlarda, Ağsu aşırımı, Muğanlı-İsmayıllı yolunda buzlaşma qeydə alınıb: "Görülən tədbirlər nəticəsində həmin problemlər aradan qaldırılıb”.
Qurum rəsmini onu da əlavə edib ki, şaxtalı hava şəraiti səbəbindən "Azəravtoyol” gücləndirilmiş iş rejiminə keçib.
Miq.az