Bu gün Nyu-Yorkda Obama və Putin görüşəcək
Elxan Şahinoğlu: "Ağ Ev başçısı Kreml rəhbəri ilə əməkdaşlıqda qırmızı xətti keçməyəcək...”
Bu gün Rusiya prezidenti Vladimir
Putin Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində ABŞ Prezidenti Barak
Obama ilə görüşəcək. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama
verib.
Qeyd edək ki, son iki ildə Rusiya və ABŞ arasında münasibətlər
gərginləşib. Suriya, daha sonra Ukrayna böhranı iki ölkə münasibətlərini
"soyuq müharibə” dövrünə qaytardığını iddia edənlər də vardı. Ancaq son
aylarda xüsusən də Suriya və Yaxın Şərqdə dərinləşən terrora qarşı
mübarizədə Rusiya və ABŞ-ın mövqelərində müəyyən yumşalma müşahidə
olunur. Vaşinqton müəyyən mənada Suriya mövzusunda Moskva ilə anlaşmaya
meyilli olduğunu nümayiş etdirir.
Siyasi şərhçi Elxan Şahinoğlu deyir ki, Rusiya və ABŞ arasında
gərginlik artıq Moskvanın özü üçün ciddi problemlər yaratmağa başlayıb.
Ekspertin fikrincə, indi Putin Obama ilə görüş təşəbbüsü irəli sürməklə
çalışır ki, ABŞ-la xüsusən də Yaxın Şərq böhranı ilə bağlı əməkdaşlığı
yenidən bərpa etsin: "Barak Obama Ukraynadakı hadisələrə görə bir
neçə ildir Putinlə dialoqdan çəkinirdi. Putin Ukraynaya görə Qərblə
dialoqdan məhrum olub. Putin bir ara bu duruma görə təəssüflənmədiyini
deyirdi. Ancaq Rusiyaya qarşı siyasi və iqtisadi sanksiyalar Putini
silkələyib. Rusiyanın iqtisadi, sosial və maliyyə durumu getdikcə
ağırlaşır. Qərb bu yolla Putinə anlatmaq istəyib ki, o, Ukraynanı
parçalamaqla bütün qırmızı cizgiləri aşıb. Putin Qərbin ciddi təzyiqi
altında olarkən Suriyadakı durum axarından çıxıb və bu, Rusiyaya da
ciddi təhlükə yaradır. Bir tərəfdən İŞİD sıralarında minlərlə Rusiya
vətəndaşı savaşır və onların gələcəkdə geri dönüşü şimal qonşumuza böyük
problemlər yaradacaq. Digər tərəfdən Putin Bəşər Əsəd rejiminə dəstək
verməklə Qərblə, ərəb dünyası və Türkiyə ilə münasibətləri daha da
soyudur. Rusiyanın Suriyaya daha çox silah-sursat satması, o cümlədən
hərbi təlimçilərini bu ölkəyə göndərməsi də beynəlxalq aləmi narahat
edir.

Putin beynəlxalq aləmə sübut etməyə çalışır ki, onun Əsədə dəstəyi
İŞİD-i susdurmaq məqsədi daşıyır və bu ABŞ-ın da xeyrinədir. Elə məhz bu
səbəbdən Putin Obama ilə görüşə can atırdı ki, təkbətək görüşdə İŞİD-ə
qarşı əməkdaşlığın hamıya faydalı olduğunu anlatsın. Təsadüfi deyil ki,
Obama-Putin görüşünün təşəbbüskarı məhz Kreml sahibi olub, bunun üçün
vasitələri işə salıb. Halbuki, belə bir görüşün baş tutmayacağı bir neçə
ay əvvəldən anons edilmişdi".
Ancaq E.Şahinoğlu deyir ki, Obama Putinlə görüşüb İŞİD-ə qarşı
birgə mübarizəni müzakirə etsə də, Vaşinqton Rusiya ilə əməkdaşlıq
məsələsində son dərəcə ehtiyatlı olacaq: "ABŞ-Rusiya tandeminin
İŞİD-ə qarşı birgə mübarizəsi perspektivi hələ o demək deyil ki,
Vaşinqton Moskvanın Əsədə hərtərəfli dəstəyinə göz yumacaq. Çünki Əsəd
öz silahlarını yalnız İŞİD-ə qarşı deyil, müxalifətə qarşı da istifadə
edir, mülki insanların tələfatı azalmır. Yəni Suriyada insanları yalnız
İŞİD deyil, Əsəd ordusu da qırır. Ona görə də Obama Putinlə Suriya
mövzusunda əməkdaşlıqda qırmızı cizgini keçməyəcək. Obama Putinlə
razılaşmanın müttəfiqləri Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə
tərəfindən dəstəkləməyəcəyini də anlayır, bunun ABŞ-dakı siyasi dairələr
tərəfindən də müsbət qarşılanmayacağını fərqindədir. Respublikaçılar
Partiyasının prezidentliyə namizədləri Obama-Putin razılaşmasından öz
seçkiqabağı təbliğatlarında demokratların namizədinə qarşı istifadə
edəcəklər”.
Ekspertin fikrincə, Rusiya prezidenti Obama ilə görüşdə
beynəlxalq aləmin diqqətini Suriya böhranına yönəltmək, həmçinin Ukrayna
problemini arxa plana keçirməyə çalışacaq: "Putinin Obama ilə
sövdələşməyə can atmaqda məqsədi aydındır. Birincisi, o, Obamanın
razılığını almaqla beynəlxalq aləm tərəfindən Əsədə dəstəyin
legitimliyini qazanmaq istəyir. İkincisi, Putin Amerika ilə əməkdaşlığa
başlamaqla Krımın işğalını və Donbasın Ukraynadan ayrılmasını arxa plana
keçirmək istəyir. Başqa sözlə, Rusiya prezidenti diqqəti Ukraynadan
Suriyaya yönətlmək istəyir. Bu alınmayacaq. ABŞ üçün İŞİD-ə qarşı
mübarizə əhəmiyyətli olduğu qədər, Ukrayna mövzusu da daim diqqət
mərkəzindədir. Obama Putinin hiyləsinə aldanmayacaq. Krımın işğalına və
Donbas separatçılarına dəstəyə görə Putin və Rusiyanın başı hələ çox
ağrıyacaq”.