Qarabağlılar Ramazan bayramını doğma evlərində keçirəcəklər
İşğaldan azad olunan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə böyük qayıdışın ilkin mərhələsi bu həftə başlayacaq.
Bunu İstiPress-ə Cəbrayıl rayonu İcra Hakimiyyəti başçısının birinci müavini Arif Fərzəliyev deyib.
Onun sözlərinə görə, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun tapşırığı ilə əhalinin kəndə yerləşdirilməsi üçün sənədləşdirmə prosesi gedir.
"Hazırda müvafiq sənədlərlə bağlı işlər gedir. Planlaşdırılıb ki, bu həftə əhalinin Cocuq Mərcanlıya köçürülməsi prosesinə başlanılsın”, – deyə Arif Fərzəliyev bildirib.

Artıq müqəddəs Ramazan bayramı da yaxınlaşır, bir həftədən də az vaxt qalıb. 25 ildir doğma yurd-yuvalarından ayrı düşən qarabağlılar bu bayramı Cəbrayılda – öz evlərində keçirəcəklər.
Böyük Qayıdışın başlanğıcı olan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası bu yaxınlarda başa çatıb. Prezident İlham Əliyev yenidən qurulan Cocuq Mərcanlı kəndində görülən işlərlə tanış olub, sakinlərlə də görüşüb. Burada prezident bütün işğal edilən torpaqlarımızın azad ediləcəyi barədə vəd verib.
İşğaldan əvvəl kənddə 400 ailə yaşayıb. Prezidentin sərəncamı ilə bərpa işlərinə 4 milyon manat vəsait ayrılıb. Kənddə 50 ev və bir məktəb binası tikilir. İlkin olaraq kəndə 50 ailə köçürüləcək və təbii ki, proses sonra da davam edəcək.

Bunu da qeyd edək ki, İlham Əliyevin tapşırığına əsasən Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzəri olan məscid tikilib. Bu müqəddəs ocağın inşası işğalçı Ermənistana və beynəlxalq aləmə bir mesajdır.
Bu, bir daha dünyaya bəyan edir ki, Azərbaycan İslam dünyasının bir parçasıdır, öz tarixi keçmişinə sadiqdir. Cocuq Mərcanlıda Şuşa məscidinin bənzərinin inşası həm də o deməkdir ki, gün gələcək, Şuşadakı məscid də bərpa ediləcək.
50 sot ərazidə inşa edilən məscidin minarələrinin hündürlüyü 26 metrdir. Azərbaycan və Şərq memarlığının nadir incilərindən sayılan tarixi Şuşa məscidinin bənzəri olan bu dini ibadətgahda dindarlar üçün hər cür şərait yaradılıb.
Cocuq Mərcanlı 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Azərbaycan ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad olunub.
2016-cı ilin aprel ayında Cocuq Mərcanlı kəndində yerləşən Lələtəpə yüksəkliyi dördgünlük müharibə zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Bundan sonra kəndə nəzarət Azərbaycan tərəfinə keçib.

Ermənistan ordusunun kəndi işğal etməsi nəticəsində Cocuq Mərcanlıda 283 ev və təsərrüfat, o cümlədən kitabxana, məktəb, tibb və poçt məntəqəsi tamamilə dağılıb.
Ötən ilin statistikasına əsasən indi Cocuq Mərcanlıda 1423 nəfər sakin qeydiyyatdadır. Onlar paytaxt Bakı ilə yanaşı, respublikanın 22 rayonunda məskunlaşıblar.