Bu qatarlar Gəncəyə də işləyəcək
Bakı-Sumqayıt yolunda əhalinin istifadəsinə verilən Stadler
tipli müasir sürət qatarları bir müddət sonra Gəncəyə də hərəkət edəcək.
Vətəninfo.az xəbər verir ki, bu
sözləri milli.az-a açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin
Sərnişin Daşımaları Departamentinin rəisi Elyar Muradov bildirib.
Onun
sözlərinə görə, Bakı-Gəncə istiqamətində yolların təmiri başa çatdıqdan
sonra həmin şəhərin sakinləri də bu müasir qatarın xidmətlərindən
yararlana biləcəklər.
Bakı-Sumqayıt
istiqamətində hərəkət qrafikinə gəlincə isə, Elyar Muradov bildirib ki,
hazırda gün ərzində 16 reys həyata keçirilir. Gün ərzində 8 reys
Sumqayıta, 8 reys isə Bakıya olur.
"Bu qrafik
keçid qrafikidir. Biz nəqliyyat axınını, sərnişin sıxlığını öyrənirik.
Reyslər sərnişin sıxlığına uyğunlaşdırılacaq. Hansı saatlarda sərnişin
axını çox olursa, həmin saatlara da reys salacağıq. Hazırda axşama doğru
Bakıdan qatarlar saat 16:00-da tərpənir. Üç günlük analiz göstərdi ki,
biz həmin vaxtı saat 17:00-a yaxınlaşdırmalıyıq. Beləcə qrafik əhalinin
axınına uyğunlaşdırılacaq", - deyə o vurğulayıb.
Layihənin
rentabelli olub-olmadığı barədə sualı cavablandırarkən isə qurum
rəsmisi deyib ki, bu işlər qazanc üçün deyil, əhalinin nəqliyyat
problemini aradan qaldırmaq üçün həyata keçirilir. Son illər
Bakı-Sumqayıt yolunda sıxlıq pik həddinə çatıb. Orada insanlar əziyyət
çəkirlər. Bütün bunlar nəzərə alınaraq bu işlər həyata keçirilir.
"Layihə
rentabelli deyil. Çünki buna çəkilən xərclə əldə edilən gəlir arasında
böyük fərq var. Rentabellilik üçün bunun təqribi qiyməti 2 manatdan
yuxarı olmalıdır. Digər ölkələrdə 40 kilometrdən uzağa hərəkət edən bu
cür qatarlarda gediş haqqı təqribən 2 manatdan yüksəkdir. Ancaq
Azərbaycanda bu sosial bir məsələdir. Əsas məqsəd burada gəlir götürmək
deyil, əhalinin nəqliyyat problemlərini həll etməkdir. Əgər insanlar
işlərinə, evlərinə vaxtında, təhlükəsiz və rahat yetişə bilirlərsə, bu
artıq qazancdır. Ona görə də, belə bir qiymət qoyulub.
Bakı-Sumqayıt marşrutunun qrafiki dəyişdiriləcək
Elyar Muradov ilin axırına qədər Stadler qatarlarının sayının 5-ə çatdırılacağını bildirib.
"İlin
sonuna qədər bu qatarların sayı 5 ədəd olacaq. Hazırda üç qatarla 16
reys ediriksə, ilin sonuna qədər 5 qatarla reyslərin sayı daha da
artacaq. Qatarların sayı daha da artırılacaq. Hazırkı qrafik keçid
qrafikidir. İnsanların tələbatı və sıxlıq öyrənildikdən sonra qrafik
uyğunlaşdırılacaq. Bir neçə gün sərnişindaşımanın analizi göstərir ki,
biz gün ərzində reyslərin sayını 20-dən çox etməliyik. Hazırda Bakıdan
qatarlar səhər saat 05:10-da çıxır. Əslində həmin vaxt Bakıdan Sumqayıta
sərnişin axını olmur. Sadəcə saat 6:40-da Sumqayıtdan sərnişinləri
Bakıya daşıya bilmək üçün qatar Sumqayıtda olmalıdır. Qatarları hələ ki,
axşamlar Sumqayıtda saxlamaq olmur. Çünki qatarda xidmət göstərən
əməkdaşlar evlərinə gedərək istirahət etməlidirlər. Sumqayıt stansiyası
hazır olduqdan sonra əməkdaşların qalmağı, istirahət etməyi üçün həmin
stansiyalarda otaqlar olacaq. Onlar gecəni istirahət etdikdən sonra
səhər yenidən işə başlayacaqlar", - qurum rəsmisi bildirib.