“Bu səfər çətin ki, sabitliyi artıracaq” - Kreml Stoltenberqin Qafqaza səfərindən narahatdır
Şimali Atlantika Alyansının Qafqazda mövcudluğunu genişləndirmək cəhdləri aydın gözlə görünür və bu, çətin ki, regionda sabitliyə xidmət edəcək.
"AzPolitika” xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov NATO Baş katibi Yens Stoltenberqin Bakı da daxil olmaqla, Cənubi Qafqaza son səfərini şərh edərkən deyib.
Onun fikrincə, NATO-nun məqsədi nə yolla olursa olsun, regionda təsirini artırmaqdır: "NATO-nun Qafqazda mövcudluğunu möhkəmləndirmək üçün ümumi istəkləri bizə yaxşı məlumdur və bu, necə deyərlər, adi gözlə görünür. Həmçinin, belə bir anlayış var ki, əslində NATO-nun öz təsirini və mövcudluğunu hansısa yolla genişləndirmək cəhdləri çətin ki, Qafqazda sabitliyi və vəziyyətin proqnozlaşdırılan olmasını artıracaq”.
Eyni zamanda, Peskov Qafqaz dövlətlərinin belə təmaslarda "suveren hüquqa” malik olduğunu bildirib: "Əlbəttə, biz diqqətlə izləyirik, lakin biz əsasən ikitərəfli münasibətlərimizə və ölkəmizin region ölkələri ilə olan əməkdaşlıq alətlərinə diqqət yetirmək niyyətindəyik”.