Bütün janrlarda oxusam da, ancaq muğam ifaçısı kimi tanınmaq istəyirəm

Bütün janrlarda oxusam da, ancaq muğam ifaçısı kimi tanınmaq istəyirəm

Səsinin şirinliyi, özünəməxsus ifa tərzi ilə qısa bir zamanda tamaşaçı qəlbinə yol tapan Almaxanım Əhmədli məktəbli olmasına baxmayaraq sənətin sirlərini əsl ustad ifaçılar kimi mənimsəyib. Bu, təkcə mənim yox, onu dinləyən hər bir kəsin fikridir. Belə istedadlı gənclərimizə hər zaman xüsusi diqqət ayıran AZƏRTAC öz ənənəsinə sadiq qalaraq gənc xanəndə ilə müsahibəni təqdim edir. Miq.az həmin müsahibəni sizə təqdim edir:

-Hazırda harada təhsil alırsınız?

–13 nömrəli musiqi məktəbinin muğam şöbəsinin 4-cü sinfində ustad sənətkarımız, tanınmış xanəndə Rafiq Şahbazovun sinfində təhsil alıram. Eyni zamanda, 259 nömrəli orta məktəbin 10-cu sinfində oxuyuram. Məktəbə çox erkən -5 yaşımda getmişəm. Dərslərimi yaxşı oxumağa çalışıram.

-İlk olaraq sizi kim kəşf etdi? Bu sənəti seçməyiniz üçün sizə stimul verən nə oldu?

-Bizim ailədə elmlə yanaşı, mədəniyyət və incəsənətə hər zaman maraq olub. Bu səbəbdən böyüdüyüm mühit mənə stimul verib, ruhlandırıb. Sözsüz ki, burada Tanrı payı olan səsin də böyük rolu var. Bu baxımdan özümü şanslı hesab edə bilərəm. Lakin sənətin sirlərini dərindən mənimsəmək üçün ciddi hazırlaşmalısan. Heç nəyə arxayın olmaq olmaz. Təbii ki, mənə bu sahədə yardım edən ailəmə, xüsusən atam Vüqar Əhmədə minnətdaram.

-Pərəstiş etdiyiniz xanəndələr varmı?

- Çalışıram ki, bütün sənətkarlarımızı dinləyim, onlardan faydalanım. Öz üzərimdə işləməyi xoşlayıram. Ən çox pərəstişkarı olduğum xanəndələrimiz - Arif Babayev, Alim Qasımov, Şövkət Ələkbərova, Rübabə Muradova və Qulu Əsgərovdur. Onların ifaları əsl ustad dərsidir. Onları dinlədikcə görürəm ki, hələ üzərimdə çox çalışmalıyam.

-Daha çox hansı janra üstünlük verirsiniz?

-Bütün janrlarda oxusam da, ancaq muğam ifaçısı kimi tanınmaq istəyirəm.

-Planlarınız?

-Çoxlu planlarım var, yeni mahnılar hazırlanır. Bu yaxınlarda "Bu dünyanı sevim, sevməyim” adlı mahnım yaxşı qarşılandı. Düşünürəm ki, bu istiqamətdə işlərimi davam etdirməliyəm, ən əsası isə sənətin sirlərini yaxşı mənimsəməliyəm. Yaxşı ifaçı olmaq üçün gərək Azərbaycan musiqi tarixinə bələd olasan, sənətdən baş çıxarasan, ən əsası isə öz üzərində çalışasan. Ən başlıca arzularımdan biri də beynəlxalq aləmdə milli musiqimizi təbliğ etməkdir.

 Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az