Vətəninfo.az Avropa Liqasının qrup
mərhələsi çərçivəsində dünən "Qəbələ” ilə qolsuz heç-heçə edən PAOK-un
futbolçusu Qari Rodrigezin apasport.az saytına müsahibəsini təqdim edir:
- Bakıdan 1 xalla dönürsüz. Nəticə sizi qane etdimi?
- Bilirdik ki, heç də asan oyun olmayacaq. Çünki bizdən əvvəl "Panatinaikos” bu komandanı məğlub edə bilməmişdi. Onlar iki oyunun yekununda mübarizəni dayandırdılar və qrup mərhələsinə "Qəbələ” yüksəldi. Deməli, komandanız zəif deyil. Başlanğıc üçün 1 xal da pis deyil. Həm də biz buna rəqib meydanında nail olmuşuq.
- Bakıdan qələbə ilə qayıda bilməməyinizin səbəbini nədə görürsüz?
- Bu, bizim üçün çox vacib idi. Bakıya da bu ümidlə gəlmişdik. Ancaq qrup mərhələsində asan komanda olmur. Hər bir rəqib müqavimət göstərir, xal qazanmağa çalışır. "Qəbələ” debütant olmasına baxmayaraq, bu gün yaxşı çıxış etdi.
- Deməli, "Qəbələ”nin bu cür oynayacağını gözləmirdiz…
- Çox çətin oyun oldu. Biz rəqibimizə hörmətlə yanaşırıq. Gözləmirdik deyəndə, asan təslim olacaqlarını da fikirləşmirdik. Məncə, hər iki komanda layiq olduğu nəticəni əldə etdi.
- Ümumiyyətlə, "Qəbələ” sizdə hansı təəssürat yaratdı?
- Yaxşı, komplektləşmiş komandanız var. Heyətə fərdi baxımdan seçilən futbolçular cəlb edilib. "Qəbələ”nin gücü də onlardadı. Yəni bir neçə futbolçu var ki, oyunun taleyini istənilən vaxt dəyişə biləcək gücdədi. Həmin futbolçulara diqqət yetirmək lazımdı. Qrupdakı bütün komandaların "Qəbələ” ilə xüsusən Bakıdakı oyunları çətin keçəcək.
- Bu qrupdan hansı komandaların növbəti mərhələyə yüksəlmək şansı çoxdu?
- Hər bir komandanın şansı var. Oyunlar yeni başlayıb və yerdəyişmələr çox olacaq. Amma hansısa komanda rahatlıqla qrup lideri olmayacaq.