Dağıstan terrorunu Rusiya elitası törədib - Zərdüşt Əlizadədən sensasion iddia
Düşünürəm ki, Rusiyanın hakim siyasi sinfində artıq Putini kənarlaşdırmaq üçün hansısa ciddi qüvvələr var. Məhz o ciddi qüvvələrin himayəsi altında terrorçular hərəkətə gələ bilir. Müünasib bir mühit yaratmaq istəyirlər ki, hansısa məqamda çıxıb "Putin bacarmır, getməlidir" desinlər. Ona ən yüksək səviyyədə deməlidirlər ki, sən getməlisən”.
Bunu Bakupost.az -a açıqlamasında politoloq Zərdüşt Əlizadə Mahaçqaladakı terror aktını şərh edərkən deyib.
Onun sözlərinə görə, Putinin siyasəti Rusiya hakim sinfinin iqtisadi maraqlarını təhlükə altına qoyub:
"Onların son otuz ildə Rusiyadan oğurlayıb Qərbdə yerləşdirdikləri mülklər təhlükə altındadır, müsadirə edilə bilər. Övladlarını, məşuqələrini Qərbdə yerləşdirmişdilər və indi də onları ordan qovub çıxarırlar. Yəni Putinin Qərblə kəllə-kəlləyə gəlmək siyasəti Rusiya hakim sinfinin Qərbə uyğunlaşmaq istəyi ilə yaşayan hissəsini əslində qane etmir. Onlar görürlər ki, dövlət Putinin əlində cəmləşib, onunla bacarmırlar. Ona görə də daxildə elə qüvvələr var ki, dövləti sarsıdıb sonra xalqa demək istəyirlər ki, baxın, görün, Putin bacarmır”.
Qeyd edək ki, Dərbənd və Mahaçqalada pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna silahlı hücum olub. Hücum nəticəsində 15 polis əməkdaşı həlak olub, 13-ü yaralanıb. Ümumilikdə 16 nəfər xəstəxanaya yerləşdirilib. Bir keşiş də daxil olmaqla 4 mülki şəxs də öldürülüb.