Daşkənddə “Əmir Teymurun dünya tarixindəki yeri və mövqeyi“ mövzusunda elmi konfrans keçirilib

Daşkənddə “Əmir Teymurun dünya tarixindəki yeri və mövqeyi“ mövzusunda elmi konfrans keçirilib

Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Əmir Teymurun dünya tarixindəki yeri və mövqeyi“ mövzusunda elmi konfrans keçirilib.

Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Milli Məclisin mədəniyyət komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov, yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz, universitetin professor-müəllim heyəti, teymurşünas alimlər, elm və mədəniyyət xadimləri, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak ediblər.


Konfrans iştirakçıları əvvəlcə böyük Azərbaycan şairi Nizami Gəncəvinin universitetin qarşısındakı abidəsi önünə əklil və çiçək dəstələri qoyub.
 Tədbiri universitetin rektoru, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin sədri, professor Şavkat Şaripov açıbş, qonaqları konfrans iştirakçılarına təqdim edib. Ş.Şaripov Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə fəaliyyətləri haqqında məlumat verib, bu tədbirin əhəmiyyətindən danışıb.


Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev xalqlarımızın qardaşlıq əlaqələrinin tarixindən danışıb, ölkələrimiz arasında əməkdaşlığın hazırkı vəziyyətinə toxunub, böyük sərkərdə və dövlət xadimi Əmir Teymurun dünya tarixindəki yeri və mövqeyi haqqında söhbət açıb.
 Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov “Əmir Teymur obrazı Azərbaycan ədəbiyyatında” mövzusundakı məruzəsində bildirib ki, Azərbaycanın şair və yazıçıları zaman-zaman Əmir Teymur haqqında əsərlər yaradıblar. Millət vəkili qeyd edib ki,böyük Azərbaycan şairi Hüseyn Cavidin “Topal Teymur” əsəri və Yunus Oğuzun “Əmir Teymur” romanı buna bariz misaldır.


”Əmir Teymur bilirdi ki, tarix yaradır. O böyük sərkərdə və dövlət xadimi olmaqla yanaşı, həm də poeziya həvəskarı idi”.
 Tədbirdə yazıçı-publisist Yunus Oğuz “Əmir Teymur” əsəri üzərindəki işindən danışaraq bildirib ki, bu romanı yazmağa hazırlaşarkən Əmir Teymurun həyatı ilə bağlı 500-dən artıq əsər oxuyub və tarixi faktlara əsaslanan bu romanı yaradıb. O, Əmir Teymuru bir dövlət xadimi, sərkərdə və strateq kimi təhlil etdiyini qeyd edib.
 Tarix elmləri namizədi Azadə Raxmatulayevanın “Əmir Teymurun Azərbaycandakı quruculuq fəaliyyəti”, jurnalist Rüstəm Cabbarovun “Əmir Teymur və ədəbiyyat” mövzularında məruzələri də maraqla qarşılanıb.


 Tədbirdə Əmir Teymur haqqında sənədli film nümayiş etdirilib.  Konfransda “Əmir Teymur və Teymurilər tarixinin dünya kontekstində öyrənilməsi”, “Özbəkistanda Əmir Teymur və Teymurilər tarixinin tədqiqi məsələləri” və digər mövzularda məruzələr də dinlənilib.

AzərTAc




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az