“Demokratik cəmiyyətlərin əsas aparıcı qüvvəsi, orta təbəqə olur”

“Demokratik cəmiyyətlərin əsas aparıcı qüvvəsi, orta təbəqə olur”

Bu gün Azərbaycanda orta təbəqənin vəziyyətinin yaxşıladırmaq üçün hansı addımlar atılmalıdır, inkişaf etmiş ölkələrdə orta təbəqənin gücü nədən nədən ibarətdir və s. mövzularla bağlı suallarımıza Azərbaycan parlamentinin üzvü, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli aydınlıq gətirib:

- Oturuşmuş demokratiyalarda və azad vətəndaş cəmiyyət şəraitində, əhalinin 10 faizi ətrafında varlı, 10 faizi ətrafında yoxsul, qalan 75-80 faizi ətrafında isə orta təbəqə olur. 10 faiz varlı əhalinin orta statistik gəlirləri 10 faiz yoxsul əhalinin gəlirlərindən 8 dəfədən çox yüksək olanda, bu həmin ölkənin iqtisadi təhlükəsizliyinə təhlükə gətirməyə başlayan hədd hesab olunur. Postsovet ölkələrinin, o cümlədən Azərbaycanın statistik göstəriciləri ölkədə nə qədər varlı, nə qədər yoxsul və nə qədər orta təbəqə olmasının, hamını qane edə bilən real mənzərəsini açmadığından, bu sahədə əlavə tədqiqatlara ehtiyac var. 

- Xüsusilə, demokratik cəmiyyətlər üçün orta təbəqənin əsas funksiyası nədən ibarət olur?

- Həmişə demokratik cəmiyyətlərin əsas aparıcı qüvvəsi, orta təbəqə olur. Bunsuz əsl demokratik dövlət, azad vətəndaş cəmiyyəti qurmaq mümkünsüzdür. Orta təbəqə həm də cəmiyyətin tərəqqisinn lokomotovidir, onsuz cəmiyyəti, iqtisadiyyatı davamı çəkildə sürətlə irəlilətmək mümkünsüzdür.

Artıq sovet dövründə orta təbəqə hesab edilən mühəndis, texnoloq, müəllim, həkim və s. hazırkı şəraitdə orta təbəqə kimi çıxış edə bilmir. Onu biznes strukturunun nümayəndələri, menecerlər, yüksək maaşlı təbəqə, kölgə iqtisadiyyatının nümayəndələri və s. əvəz etməyə başlayıb. 

- Bir iqtisadçı olaraq, ölkəmizdə bu sahəni inkişafı ilə bağlı hansı təklifləriniz var?

- Azərbaycanın əsl davamlı tərəqqisi və uğurları xeyli dərəcədə birbaşa insan inkişafı, o cümlədən orta təbəqənin optimal ölçüdə formalaşması sahəsində əldə edəcəyi nəticələrdən asılı olacaqdır. Bundan ötrü:

1. Təfəkkürümüz islahatlar və milli dəyərlər kontekstində köklü surətdə dəyişməli, real iqtisadi azadlıq və demokratiyaya, yaradıcılıq azadlığına, şəffaflığa əsaslanan və milli dəyərlərimizdən qaynaqlanan yeni mədəniyyətin formalaşması tələb olunur.

2. Sistemli demokratik islahatlar hesabına Azərbaycan neft mərkəzindən elm, təhsil, mədəniyyət mərkəzinə çevrilməlidir.

3. İqtisadi strategiyamızda hakimiyyət strukturları, biznes strukturları və vətəndaş cəmiyyətinin yeni təfəkkürə və qabaqcıl texnologiyaya əsaslanan çevik əməkdaşlığını nəzərdə tutan innovasiyalı inkişafın interaktiv idarə edilməsinə üstünlük verilməlidir.

4. İnstitusional islahatlar həyata keçirilməli, səmərəli texnoloji innovsiyaların institusional təminatı problemi həll edilməli, insan kapitalı və innovasiyaların rolu artırılmalı, yeni ideya, ixtira və kəşf bazarları formalaşdırılmalı və inkişaf etdirilməli, istedadlı və rasional düşünmə qabiliyyətinə malik insanlar hər vasitə ilə təşviqləndirilməli və önə çıxmasına şərait yaradılmalıdır.

5. Təhsilin keyfiyyəti yüksəldilməli, gənclərin intellektual azad və fəal vətəndaş mövqeyi ruhunda tərbiyələndirilməsi sahəsində proqram xarakterli tədbirlər görülməlidir. Ona görə ki, inkişafın innovasiyalı yoluna çıxmaqdan ötrü bizə milli və bəşəri dəyərlərə, demokratiya institutlarına, ağıllı, Konstitusiyaya hörmət edən, azadlığı hər şeydən üstün tutan, ağıllı, məsuliyyətli insanların cəmiyyətinə əsaslanan hərtərəfli yeniləşmə lazımdır.

6. Gənclərin innovasiyalı sahibkarlığının inkişaf etdirilməsinə diqqət artırılmalıdır. 

7. Regionlarda layiqli gəlir əldə edilməsinə imkan verən rəqabət qabiliyyətli iş yerlərinin açılmasına diqqət artırılmalı, innovasiya fəaliyyətinin gücləndirilməsində dövlətlə qeyri-hökumət təşkilatlarının, eləcə də özəl sektorun mütərəqqi partnyorluq üsullarından geniş istifadə edilməlidir.

Söhbətləşdi: Elnur Eltürk



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az