Deputat “bu qurumu yoxlayın” dedi - Nazirdən reaksiya
Neftçalada DOST Agentliyinin işini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yoxlasın.
Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.
"Mən dünən rayonda seçicilərlə görüş keçirdim. Orada konkret şikayətlər olduğu üçün deyirəm. Rayonda DOST Agentliyinin fəaliyyəti yoxlanılsın, məsələyə konkret müdaxilə olunsun”, - o qeyd edib.
Nazir Sahil Babayev bildirib ki, məsələ mütləq araşdırılacaq:
"Sadəcə, məlumat üçün bildirim ki, Neftçalada DOST Agentliyi yoxdur. Bu yəqin haqqı ödənilən işlərlə bağlıdır. Bu işlərin icra mexanizmini də yerli icra hakimiyyəti orqanı ilə birgə araşdırarıq”.
***
Məhdudiyyət var, pul verilə bilməz - Sahil Babayev
Bu gün 300 mindən çox vətəndaşımıza ünvanlı sosial yardım verilir.
Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, sosial əhatəlilik dairəsinin genişləndirilməsi üçün tədbirlər görülür:
"Qanunvericilikdə məhdudiyyət varsa, o məhdudiyyətə rəğmən pul verilə bilməz. Qanunda olan məhdudiyyətlər də zamanında əsaslandırılıb. Qanuna dəyişiklik təklifi varsa, baxa bilərik. Amma hər bir dəyişikliyin də maliyyə yükünə baxılmalıdır”.
****
Sahil Babayev bəzi şəhid ailələrinə digərinin növbəsinin pozularaq ev verilməsinə dair iddialara cavab verdi
Bu gün 15 min şəhid ailəsi və müharibə əlilinə mənzillər təqdim edilib. Növbədə təxminən 4 600 nəfər qalıb. Onlara da mənzil təqdim olunacaq.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentin növbədənkənar sessiyası üzrə iyunun 14-də keçirilən iclasında çıxışı zamanı deyib.
"Lakin kiminsə növbəsini pozaraq, qeyri-qanuni şəkildə ev təqdim edilməsi mümkünsüzdür. Hansı şəhid ailəsinə demək olar ki, sənin növbəni pozub, evi sənə verməyib başqasına veririk. Hər biri bizim üçün dəyərlidir, qanunvericiliyin müəyyən etdiyi qaydada növbəli şəkildə hamısına mənzil verilir. Növbəlilik siyahısı ilə bağlı hər hansı şəxsdə sual yaranmaması üçün e-sosial portalında və nazirliyin müvafiq səhifələrində siyahı yerləşdirilib”, - nazir əlavə edib.