Deputat Rəşad Mahmudov Astarada vətəndaşlarla görüşdü
Milli Məclisin deputatı, tanınmış ürək cərrahı, tibb elmləri doktoru Rəşad Mahmudov Astarada bir sıra kəndlərin sakinləri ilə görüşüb, vətəndaşları qəbul edib.
Deputat əvvəlcə aprel döyüşlərində şəhid olmuş Azərbaycan Ordusunun giziri Pəncəli Teymurovun doğulub boya-başa çatdığı Əzərud kəndinə gedib. R.Mahmudov orada Astara rayon icra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Yeni Azərbaycan Partiyasının üzvləri ilə birgə şəhidin valideynləri ilə görüşüb, il mərasimində iştirak edib. Onlar rayon ictimaiyyətinin nümayəndələri və Bakıdan gəlmiş bir qrup tanınmış ziyalı ilə birlikdə P.Teymurovun məzarını ziyarət ediblər.
Həmin gün millət vəkili R. Mahmudov Artupa və Kijabə kəndlərində də sakinlərlə görüş keçirib. Görüşlərdə ətraf kəndlərdə yaşayan sakinlər də iştirak ediblər.
Görüş zamanı kənd sakinləri müəyyən problemli məsələlərin həlli ilə bağlı fikir və təkliflərini millət vəkilinə çatdırıb və onların həlli istiqamətində də dəstəyini əsirgəməyəcəyinə inandıqlarını bildiriblər. Sakinlər özəlliklə iş yerlərinin artmasına xidmət edən layihələrə böyük ehtiyac olduğunu xüsusi vurğulayıblar. Sosial məsələlər, müavinətlər, yol, uçməli su, aztəminatlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılması, turizmin və çəltikçiliyin inkişafı, müalicə və müayinə məsələləri ilə bağlı təkliflər və mülahizələr irəli sürülüb.
Deputat həkim ilk növbədə ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün əlindən gələni etdiyini və bundan sonra da edəcəyini bildirib. O, həmçinin kəndlərdə fermerlərin qayğıları ilə maraqlanıb, kiçik sahibkarlığın inkişafı istiqamətində dövlətin dəstəyindən yararlanmaq imkanlarını nəzərə çatdırıb.
R. Mahmudov bildirib ki, astaralılar ona etimad göstərib deputat seçdikdən sonra Milli Məclisdə onları və eləcə də ölkəni layiqincə təmsil etməyə çalışır. Millət vəkili xüsusilə vurğulayıb ki, dünyanın bu, qarışıq vaxtında prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf edən vətənimiz Azərbaycan üçün hər kəs səy göstərməlidir: "Biz hamımız birlikdə problemlərimizi aradan qaldırmalı, dövlətimizin başçısına dəstək olmalıyıq. Bunun üçün namusla işləmək, dürüst olmaq lazımdır. Əsl vətənpərvərlik də budur".
Millət vəkili görüşlərdən sonra vətəndaşları bir-bir qəbul edib, onların müraciətlərinə baxıb. Ərizə və şikayətlərin bir qismi yerindəcə həll olunub, bir qisminə isə müvafiq izahatlar verilib. Ünvanlı sosial yardımlar, gənclərin işlə təmin olunması, şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması, Artupa kəndində yeni tipli məktəbə qədər 300 metr yola asfalt örtüyünün çəkilməsi, həyətyanı tropaqların suvarılması, aztəminatlı ailədə xəstə uşağın böyrəyinin transplanatasiyası və digər məsələlərin təmin edilməsi istiqamətində ilk növbədə atılacaq addımlardan və imkanlardan danışıb, bu sahədə müvafiq qurumlarla söhbət aparacağını bildirib.
Miq.Az