Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yaydı

Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yaydı


“Vətəninfo.az” xəbər verir ki, Amerika Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsi haqqında Amerika ictimaiyyətinin məlumatlandırılması kampaniyasına start verib.
Şəbəkənin hazırladığı məlumatda "Qara Yanvar: Bakı, 1990. Sənədlər və materiallar" kitabından götürülmüş faktlar verilir. Məlumatda qeyd edilir ki, 1990-cı il yanvarın 20-də 26 min nəfərlik sovet qoşun kontingenti Bakını işğal etmiş, şəhərin dinc əhalisinə vəhşicəsinə divan tutmuşdu.
Bu təcavüz nəticəsində aralarında 6 qadın və 9 uşaq olmaqla 170 nəfər həlak olub. Daha 370 nəfər yaralanıb, 321 nəfər isə itkin düşüb.
ABŞ Azərbaycanlılar Şəbəkəsinin Amerika ictimaiyyətinə, Amerika mətbuatına və ölkə qanunvericilərinə ünvanlanmış müraciətində deyilir ki, 1990-cı il 20 Yanvar hüzn günü olmaqla yanaşı, eyni zamanda Azərbaycanda sovet rejiminin hakimiyyətinin sona çatmasının başlanğıcı olub.
Azərbaycanın dinc əhalisinə qarşı bu təcavüz sovetlər ölkəsinin öz vətəndaşlarına qarşı törətdiyi növbəti qırğın idi. Bundan əvvəl 1986-cı ildə Qazaxıstanda, 1989-cu ildə Gürcüstanda, daha sonra Litvada qeyri-insani aksiyalar həyata keçirilib.
Məlumatda deyilir: "Azərbaycanda 20 Yanvar hadisələri Azərbaycan xalqının yaddaşında kədərli bir səhifə kimi qalmaqla bərabər, həm də növbəti, 1991-ci ildə respublikamızın müstəqilliyini elan etməsinə təkan verdi. Qara Yanvar günlərindən iyirmi üç il keçdiyinə baxmayaraq, hər il yüz minlərlə azərbaycanlı və Azərbaycanın dostları Bakı şəhərindəki Şəhidlər Xiyabanını ziyarət edir, Azərbaycanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini ehtiramla yad edir".
ABŞ Azərbaycan icmasının üzvləri bu yazılı kampaniya vasitəsilə Amerika ictimaiyyətini 20 Yanvar hadisələri haqqında məlumatlandıraraq, ölkə qanunvericilərini bu qeyri-insani aksiyanı rəsmi şəkildə pisləyən qətnamə qəbul etməyə çağırır.
Kampaniya yanvarın 22-dək davam edəcək.
Qeyd edək ki, son iki ildə ABŞ Azərbaycanlılar Şəbəkəsi Texas və Nyu-York ştatlarının parlamentlərində Qara Yanvara dair iki rəsmi qətnamə qəbul edilməsinə nail olub.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az