Diasporumuzun fəalları niyə öldürülür?

Diasporumuzun fəalları niyə öldürülür?

Azərbaycan hökuməti məsələni ciddi nəzarətə götürməli, cinayətkarların cəzalandırılması tələb edilməlidir... 

Son bir ay ərzində Azərbaycan diasporunun tanınmış nümayəndələrinə qarşı Rusiya və Ukraynada bir-birinin ardınca sui-qəsd planları həyata keçirilməkdədir.

Bir müddət öncə Rusiyanın Krasnoyarsk vilayətində tanınmış iş adamı və həmin vilayətdə azərbaycanlıların lideri olan Rafiq Məmmədov və ardınca Moskvada yaşayan Umumrusiya Azərbaycanlıları Konqresinin aktivlərindən olan Mətin Mehdiyev odlu silahla qətlə yetirilib. Bu günlərdə isə Donetsk Azərbaycanlıları Konqresinin sədri İqbal Mahmudov veteranlarla görüş zamanı sui-qəsd nəticəsində öldürülüb.

Beynəlxalq Diaspora Mərkəzinin bununla bağlı yaymış olduğu bəyanatda qeyd olunur ki, Rusiyanın hüquq mühafizə orqanları diaspor üzvlərimizə qarşı törədilmiş ağır cinayətlərin üstünü açmır və həmişə çalışırlar ki, bunun şəxsi münaqişə zəminində törədildiyi və kriminal aləmlə əlaqəli olduğu haqda rəy yaratsınlar: "Ancaq əlimizdə olan dəqiq məlumatlara əsasən erməni lobbisinə bağlı terror qrupları tərəfindən azərbaycanlılara qarşı sui-qəsd planları həyata keçirilməkdədir və qeyd etdiyimiz hər üç cinayət faktı erməni terror qrupu tərəfindən törədilib. Eyni zamanda onu da qeyd etməyi vacib bilirik ki, diasporumuzun aktivlərinə qarşı törədilən cinayətlərdə bəzi ölkələrin xüsusi xidmət orqanlarının da iştirakı vardır".

Bəyanatda qeyd olunur ki, xüsusilə ötən il keçirilən Dünya Azərbaycanlılarının üçüncü Qurultayından sonra Azərbaycan diaspor hərəkatında müşahidə olunan ciddi inkişafdan narahat olan ermənilər başda olmaqla, anti-Azərbaycan qüvvələri qanlı aktlar həyata keçirməyə başlayıblar. Beynəlxalq Diaspor  Mərkəzi olaraq Rusiya və Ukraynanın hüquq mühafizə orqanlarında qətiyyətlə tələb edirik ki, baş vermiş sui-qəsd hadisələri şəffaflıqla araşdırılsın, cinayətkarlar cəzalandırılsın və Azərbaycan ictimaiyyəti bu haqda məlumatlandırılsın".

Bəli, bu məsələdə erməni barmağının olması açıq-aydın görünür. Hədəf Azərbaycanın problemlərinin xaricdə dünya ictimaiyyətinə çatdırılmasının qarşısının alınmasıdır. Odur ki, Azərbaycan hökuməti məsələni ciddi nəzarətə götürməlidir. Və çox maraqlıdır ki, bu ucuz ölümlərə qarşı səsini və harayını qaldırmalı olan Diaspora ilə İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov susur. Susur və səsini qaldırmır. Halbuki bu məsələ dövlə əhəmiyyətli, taleyüklü məsələdir. Gözüqıpıq edilən, öldürülən insanların ətrafı bundan sonra nə iş görə bilər?

İbrahim 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az