Dinara Ağayeva:“Turizm təhsili olmayan təcrübəli mütəxəssislərə kömək olunmalıdır”

Dinara Ağayeva:“Turizm təhsili olmayan təcrübəli mütəxəssislərə kömək olunmalıdır”

Azərbaycanda otel biznesi sürətlə inkişaf edir. Mehmanxana bazarı nə qədər ağır olsa da, investorlar üçün ən perspektivli sahə olaraq qalmaqdadır. Buna isə bir necə amil təsir edir. İnvestisiya və biznes mühitinin yaxşılaşması, iqtisadiyyatın sabitliyi, xaricdən işgüzar və turistik səfərlərin artması, ölkənin turizm cəzabidarlığının yüksəlməsi və artan tələblər qarşılığında  mövcud mehmanxanalardakı yataq yerlərinin azlığı. Sürətli inkişaf yüksək servis standartlarının tətbiqini də zəruri edir. Həmsöhbətimiz “Hale Kai” otelinin satış meneceri Dinara Ağayeva da bu fikirdədir ki, artan rəqabət fonunda bəzi otelləri məhv olmaq təhlükəsindən yalnız yüksək keyfiyyət qoruya bilər.  

- Dinara xanım ilk öncə “Hale Kai” oteli haqqında məlumat verərdiniz. Hansı müddətdir fəaliyyət göstərirsiniz?

- “Hale Kai” oteli 2006-cı ildən başlayaraq Azərbaycan-Amerika birgə müəssisəsi olan “Azus” MMC şirkətinin nəznində fəaliyyət göstərir.  Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 3 ulduz kimi təsnifatlandırılmış otelimiz butik mehmanxana sayılır. 23 nömrəyə və 1 konfrans zalına malik otelin dizaynı amerikasayağı tərtib olunub. Hər bir otaqda standart mətbəxt, kondinsioner və televizor mövcuddur.  Xarici vətəndaşlar otelimizdə özlərini çox rahat və komfortlu hiss edirlər. Onu da qeyd edim ki, Azərbaycandakı “Hale Kai” oteli eyni adlı brend otellər şəbəkəsinə daxildir. Bu otellərdən biri Havay adalarında, digəri Amerikanın Kaliforniya ştatında yerləşir. Yeri gəlmişkən “Hale Kai” Havay dilində dəniz kənarında “balaca ev” deməkdir.  

- Otel biznesində artan rəqabət bu “balaca ev” üçün təhlükə yaratmır?

- 2015-ci ilə kimi Azərbaycanda ümumiyyətlə bir çox otellərin açılması nəzərdə tutulub. Bu müddətədək və ya ondan sonra hansısa otellərin bağlanması istisna olunmur. Mənə belə gəlir ki, əsasən özünə güvənməyən və xidmət səviyyəsi aşağı olan otellər bağlana bilər. Bu normal bir haldır. Çünki, bu bazarın tələbləri və rəqabət şəraitindən irəli gəlir. Sizə bir misal çəkim. 2009-cu ildə mən Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Misirin Qahirə şəhərində treninqlərdə iştirak edirdim. Həmin vaxt oradakı 2 nəhəng otel - Hilton və Şeraton otelləri bağlandı. Biz bunun səbəbini soruşanda bildirdilər ki, Qahirədə həddindən artıq çox otellər fəaliyyət göstərdiyi üçün rəqabətə tab gətirə bilmədikləri üçün bağlanıblar. Belə nəhəng otellər rəqabət nəticəsində bağlanırlarsa Azərbaycanda da təbii ki, rəqabət nəticəsində bağlanan otellər olacaq. Amma inanıram ki, bizim “balaca ev”imiz ən azı xidmət səviyyəsinə görə, belə təhlükədən artıq çoxdan sığortalanıb.

- Yeni otellərin açılması həm də kadr axını ilə nəticələnə bilər. Ümumiyyətlə kadr məsələsində çətinliyiniz varmı?

- 2006-cı ildən indiyədək bir çox otellər açılsa da bizim personalımız öz yerlərindədir. Əvvəllər belə təhlükə olsa da idi vəziyyət dəyişib. Hazırda personal lazım olduqda biz Azərbaycan Turizm İnistitutuna müraciət edirik və onlar bizə kömək edirlər. Aprel ayında daha 2-3 tələbə otelimizdə təcrübə toplayacaq və ola bilsin ki, qalıb işlə də təmin olunsunlar. Mən fürsətdən istifadə edib diqqətinizi digər bir məsələyə yönəltmək istərdim. Bu gün bir çox otellərdə minimum 5 il təcrübə toplamış menecerlər var ki, artıq hətta mütəxəsis hesab olunurlar. Lakin onların turizm ixtisası üzrə biliklərini təsdiqləyən heç bir rəsmi sənədləri yoxdur.  Mən xahiş edirəm Mədəniyyət və Turizm nazirliyindən ki, bu insanlara turizm təhsilini təsdiqləmək üçün hansısa formada kömək olunsun.

- Dinara xanım, biz turizmin inkişafını istəsək də bəzi hallarda təbliğat məsələlərinə nədənsə o dərəcədə ciddi fikir vermirik. Məsələn, bəzi otellərdə Azərbaycan haqqında materiallara rast gəlinmir və ya sərgilərdə iştiraka əhəmiyyət vermirik. Sizin bu məsələlərə münasibətiniz maraqlıdır?

-Bizim otelin hər bir nömrəsində əcnəbilərin məlumatlandırılması üçün kifayət qədər materiallarımız var. Biz Mədəniyyət və Turizm Nazirliyi ilə sıx əməkdaşlıq edirik və təbligat məqsədi ilə buraxılımış kitabları, broşurları dərhal əldə edərək otelimizdə saxlamaqla müştərilərimizə mütəmadi olaraq Azərbaycan haqqında məlumat verməyə çalışırıq. Beynəlxalq sərgilərdə iştiraka gəlincə, hələlik belə tədbirlərdə iştirak etməmişik. Amma planımızda var. Eyni zamanda qeyd edim ki, bu yaxınlarda biz dünyanın bir çox ölkələrinin turizm təsisatlarını ətrafında cəmləmiş GDS on-line reservasiya sisteminə qoşulmuşuq. Bunun nəticəsində hazırda dünyanın bir çox ölkəsində bizim oteli görürlər və həmin bu sistem vasitəsi ilə sifarişlər qəbul edirik. Dolayısı ilə bu da təbliğatın tərkib hissəsi olmaqla tanınmaya xidmət edən bir addımdır.

beyturqaz.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az